04 Oktyabr 2019 02:56
582
İQTİSADİYYAT
A- A+

Dövlət dəstəyinin bəhrəsi


"Ağ qızıl” tayaları sıralanır


"P-Aqro” MMC-nin Salyan rayonunun Şorsulu kəndində yerləşən filialı ilin əvvəlində 287 nəfər torpaq mülkiyyətçisi və fermerlə müqavilə bağlamışdır. Pambıq əkən sahibkarlar toxum, texniki vasitələr, mineral gübrələr, pul vəsaiti ilə vaxtlı-vaxtında təmin olunmuşlar. Nəticədə 2050 hektar sahədə bol məhsul yetişdirilmişdir.

Biz filialda olarkən sahə aqronomu Dünyamir Quliyev "Conder” kombaynlarının sürücü-mexanizatorları Seymur Əliyev, Vüqar Ağayevə, nəqliyyat traktorlarının sürücüləri Ceyhun Rzayev, Rəşid Alıyev və Tofiq Zahidoğluna tapşırıq verirdi. Bir azdan müəssisənin həyətindəki səs-küydən əsər-əlamət qalmadı.

Sahələrə cəmiyyətin baş aqronomu Ələsgər Əliyevlə getdik. Hər tərəfdə qızğın iş gedirdi. Bir yanda pambıq yığılır, bir az aralıda biçilən yonca preslənir, digər tərəfdə payızlıq taxıl əkini üçün şum aparılırdı. Ağ örpəyə bürünmüş geniş sahədə işləyən pambıqyığanlar dənizdə üzən gəmiləri xatırladırdı. Mülkiyyətçi E.Cavadov da orada idi. Görüşüb hal-əhval tutandan sonra baş aqronom Ə.Əliyev açılmış qozalardan birini dərib nəmliyini yoxlayıb hər lifdə neçə çiyid olduğunu bilmək üçün toxumları bir-bir sayıb üzünü sahibkara tutdu:

- Görürsünüz, torpaq zəhmətimizi itirməyib. Becərmə zamanı aqrotexniki tədbirləri vaxtında yerinə yetirdiniz. Sahəni alaqdan vaxtında təmizlədiniz, gübrəni vaxtında verdiniz, suvarmanı, kultivasiyanı gecikdirmədiniz. Bu da nəticəsi. İnşallah, hər hektardan orta hesabla 40 sentner məhsul götürə biləcəksiniz.

Baş aqronom pambıqyığan maşınlar bizə yaxınlaşanda onların yüksək keyfiyyətindən söz açdı. Dedi ki, ABŞ istehsalı olan bu maşınlar itkiyə yol vermir. Kabinəsində monitoru, soyuducusu var. Şpindelləri avtomatik qaydada yumaq üçün 1000 litrlik su çəninə 14 litr texniki şampun qatılır. Hər birinin qiyməti 500 min manatdan çoxdur. Sağ olsun dövlət başçısı. Onun tapşırığı ilə alıb gətirib bizə də veriblər. Gördüyünüz nəqliyyat traktorları da, lafetlər də 6-7 il bundan qabaq yox idi. Kifayət qədər digər texnikamız da var.

Kombaynların işıqları yanmağa başlayanda "Hər ikisi dolub” dedi. Qoşqu traktorlarının mexanizatorları lafetləri bir-birinin ardınca əvvəlcədən müəyyən olunmuş yerə çəkdilər. Kombaynlar onlara yan aldı. Bunkerlər boşalanda hava küləkli olduğundan pambığın cüzi hissəsi yerə töküldü. Briqadir Loğman Həsənov "Yerə tökülən pambığın bir qramı da yerdə qalmayacaq, kombaynlar kənara çəkilən kimi hamısını yığıb lafetlərə tökəcəyik” dedi.

Sahədən çıxandan sonra yolumuz yenə "P-Aqro” MMC-nin həyətindən düşdü.

Ayrı-ayrı pambıq tarlalarından gələn dolu lafetlər növbə ilə qapan-tərəzidə çəkilir, laborant Şəbnəm Atamalıyeva lafetlərdən nümunə götürərək cihazlar vasitəsilə məhsulun nəmlik və təmizlik dərəcəsini yoxlayır, boşaldılan pambıq transportyorlarla tayalara vurulurdu.

"P-Aqro” MMC Salyan filialı üzrə sentyabrın sonuna 1500 tondan çox məhsul tədarük edilmişdir. Hər gün sahələrdən 150-170 ton "ağ qızıl” yığılır. Mütəxəssislər hələlik hər hektardan 30 sentner məhsul əldə olunduğunu bildirir və sevinclərini gizlətmirdilər. Niyə də gizlədəydilər. Axı fermerlərin, torpaq mülkiyyətçilərinin əldə etdikləri nailiyyətdə onların da əməyi az olmamışdır.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video