04 Oktyabr 2019 02:53
788
İQTİSADİYYAT
A- A+

Azərbaycanda dünyanın ən mükəmməl nəqliyyat sistemi qurulur


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (HUB) açılışında iştirak etdilər. Biz bir daha şahid olduq ki, bu açılış mərasimi də mahiyyət etibarilə ölkədə reallaşdırılan nəhəng layihələrin, vətəndaşların sosial rifahının, rahatlığının və təhlükəsizliyinin təmin edilməsinə yönələn mühüm tədbirlərin bir qisminə yekun vurulmasını özündə ehtiva edən tədbirdir.

Əgər siz bütün postsovet məkanındakı ölkələrin paytaxtlarını gəzsəniz, nəqliyyat xidmətlərinin səviyyəsi ilə maraqlansanız, Azərbaycandakı yenilikləri görməyəcəksiniz. İflic olmuş işğalçı Ermənistandan danışmağa dəyməz, dost Gürcüstana isə bizim səviyyəmizə çatmaq üçün onilliklər də bəs etməz. Digər paytaxtlardakı vəziyyəti də Bakı ilə müqayisə etmək qeyri-mümkündür.

Azərbaycanda aparılan islahatların miqyasına, bu sahəyə yatırılan sərmayələrə və reallaşdırılan layihələrə çox ölkə həsəd apara bilər. Ona görə ki, müasir dünyada nəqliyyat sistemləri bütün meqapolislərdə ciddi çətinliklər yaradır, bir çox məqamlarda isə həlli mümkün olmayan problemə çevrilir.

Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun "Koroğlu” stansiyasının yaxınlığındakı yeni Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB pilot layihəsi kimi 2016-cı ildə təşkil edildi, sonradan şəhər sakinlərinin təklifləri nəzərə alındı, əhalidən gələn müraciətlərlə əlaqədar "Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən quruldu, burada müasir nəqliyyat infrastrukturu yaradıldı.

Şəhərin nəqliyyat sisteminin inkişafına, müasirləşməsinə bütün ciddiliyi ilə yanaşan dövlət başçısının göstərişlərinə əsasən, Bakının əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilmişdir. Eyni zamanda yaxın gələcəkdə şəhər və qəsəbələrdə nəqliyyat sisteminin mükəmməl fəaliyyəti üçün əlavə olaraq 6 kiçik HUB yaradılacaq.

Bütün bunlar onu göstərir ki, dövlət başçısı nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələrin davamlı icrasına start vermişdir. Bu yeniliklərin ana xəttini və ya özülünü ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılması təşkil edir. Bakı sahil boyu yerləşən mürəkkəb relyefə malik şəhər olduğu üçün stabil və rahat işləyən nəqliyyat sistemini qurmaq o qədər asan deyil. Bütün böyük şəhərlərdə salınan dairəvi yolları Bakıda salmağa dəniz maneə olur. Belə mürəkkəb relyef quruluşuna malik olan şəhərdə stabil və qüsursuz çalışan nəqliyyat sistemi qurmaq üçün çıxış yolu kimi HUB-ların yaradılması zəruri idi. Məhz belə konsepsiya sərnişinlərin rahat gediş-gəlişini təmin etməyə, nəqliyyatın mobilliyinə nail olmağa və əsasən də sərnişindaşımada təhlükəsizliyi təmin etməyə, paytaxtın mərkəzi hissəsində nəqliyyat sıxlığını aradan qaldırmağa imkan verir.

Prezident İlham Əliyev "Koroğlu” HUB-un açılış mərasimində bir daha qeyd etdi ki, paytaxtın nəqliyyat sisteminin inkişafı və mükəmməlləşdirilməsi diqqət mərkəzindədir: "Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”.

Paytaxtda və ölkədə qurulan nəqliyyat sistemi dünyanın müasir yol mədəniyyəti ilə harmonik vəhdət təşkil edir. Bu baxımdan atılan bütün addımlar ən adi incəlikləri belə nəzərə alır. Əgər əvvəllər belə məqamlara diqqət yetirilmirdisə, indi paytaxtın yollarında salınan yeni səkilərdə görmə qabiliyyəti zəif vətəndaşlar üçün də şərait yaradılır. Eyni zamanda ekologiyanın və insan sağlamlığının qorunması məqsədilə yol infrastrukturunda yeniliklər tətbiq edilir. Məsələn, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınmasına start verilmişdir. 100 metrlik hissəsi artıq hazırdır və indi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulub. Bu, şəhər nəqliyyatının inkişafında maliyyə tutumuna görə o qədər nəhəng layihə olmasa da, aparılan islahatlar fonunda insanların sağlamlığı üçün diqqət çəkən vacib yenilikdir. Bakıda da dünyanın əksər meqapolislərində olduğu kimi, velosipeddən daha çox istifadə edəcəklər və bu, adi hala çevriləcək.

Paytaxtın ən ciddi problemlərindən biri maşınların saxlanılması üçün yerlərin azlığıdır. Qeyd edək ki, bu istiqamətdə ciddi tədbirlər görülür və parklanma ilə bağlı ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilmişdir.

Yeniliklər baxımından isə "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi xüsusi əhəmiyyət kəsb edir. Burada dörd platformadan ibarət avtobus terminalında müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı ilə yanaşı mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilmişdir. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edə biləcək. Bakı indi nəhəng meqapolisdir və bu şəhərdə gün ərzində 2,2 milyon sərnişin daşınır.

Bütünlükdə paytaxtın avtobus parkının yenilənməsi məqsədilə dövlət başçısının sərəncamına əsasən 300 yeni avtobus sifariş olunmuş və onların 168-i BNA-ya təhvil verilmişdir.

Prezident İlham Əliyev mərkəzi belə qiymətləndirdi: "Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb”.

Ölkənin nəqliyyat infrastrukturunda tətbiq edilən yeniliklər, islahatlar epizodik xarakter daşımır və qısamüddətli deyil. Bütün işlər mərhələli və davamlıdır. İslahatar artan xətlə reallaşdırılır. Son nəticədə şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran mükəmməl nəqliyyat infrastrukturu yaradılır. HUB konsepsiyası özünü tam doğruldur, bu sistem mükəmməl və qüsursuzdur.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video