22 Sentyabr 2019 00:47
943
Mədəniyyət
A- A+

Dahidən danışan tarix


Şamil Əzizbəyov küçəsi, 67/69... Bu ünvan sizə nəsə deyirmi? Bəlkə də bəzilərinizə ilk baxışda heç nə söyləmir. "Yəqin, hansısa mənzilin adi ünvanıdı” deyə düşünürsünüz. Amma çoxları üçün bu ünvanın böyük mənası, sözlə izah olunmaz anlamı, xüsusi əhəmiyyəti var...

Bura musiqini, incəsənəti sevən, duyan hər kəs üçün müqəddəs ünvandı...

Bura Azərbaycan musiqi sənətinin inkişaf etdiyi məbəddir...

Bura musiqiçilər, sənətçilər, araşdırmaçılar üçün bir məktəbdi, tarixdi, istinadgahdı...

Bura bütün musiqi ictimaiyyətinin səcdəgahıdı...

Bura dahi Üzeyir Hacıbəylinin yaşadığı, yaratdığı mənzildir. Ev-muzeyidir...

Azərbaycan professional musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, ilk simli kvartetin, ilk dövlət xorunun, ilk xalq çalğı alətləri orkestrinin, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısı, himnimizin bəstəkarı, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyli 1915-ci ildən 1942-ci ilə qədər bu evdə yaşayıb. 27 il bu evin sakini olan bəstəkarın ömrünün və yaradıcılığının əsas hissəsi burada keçib. Yaşadığı evin hər daşında, hər əşyasında Üzeyir bəylə bağlı xatirələr yaşayır, onun izləri görünür, nəfəsi duyulur.

Kim deyir ki, daşların, divarların dili yoxdur? Keçmişi, tarixi özündə ən çox yaşadan elə quru, cansız daşlardır. Bu evin də divarları dilə gələ bilsəydi, Üzeyir bəy haqda ən maraqlı xatirələri bizə məhz onlar danışardı. Çünki bu dahinin yaradıcılığı, dövrünün ziyalılarla görüşləri, söhbətləri, yaşadığı çətinliklər, çəkdiyi əziyyətlər... - hər şey bu divarlar arasında baş verib. Bu divarlar nələrin şahidi olmayıb ki...

Biz də hər daşına tarix hopmuş bu divarlar arasında, Üzeyir dünyasındayıq. 44 ildir muzey kimi fəaliyyət göstərən bu evdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən müxtəlif memorial əşyalar, sənədlər, fotolar, əlyazmalar, rəsmlər... qorunur. 4 otaqdan ibarət muzeydə 10 mindən çox eksponat var. Onların bir hissəsi ev-muzeyin ekspozisiyasında sərgilənir, qalanları isə fondda saxlanılır.


Rəsulzadə və Hacıbəyli "Azərbaycan”ın növbəti buraxılışını müzakirə edərkən...


Muzeyin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova deyir ki, bu evdə hər şey Üzeyir bəyin zamanında olduğu kimidir. Bunu divarlardan asılan bəzi fotolardan da görmək olar.

Böyük bəstəkarın iş otağındakı royalı divar sobasının qarşısında necə qoyulmuşdusa, indi də elə durur. Royal Jacob Becker tərəfindən Almaniyada istehsal olunub. Üzeyir bəy möcüzələr yaradan barmaqları ilə bu royalın dillərini oxşayaraq, "Koroğlu” operasına, Azərbaycanın himninə, "Sənsiz”, "Sevgili canan” romanslarına, 1 və 2 nömrəli fantaziyalarına can verib.

Bəstəkarın yazı masası üzərindəki bütün əşyalarla birlikdə olduğu kimi saxlanılır. Masanın üzərində ona məxsus qol saatı, eynək, mürəkkəbqabı, şamdanlar, çox sevdiyi, əsərlərindən ilhamlandığı rus bəstəkarı Pyotr Çaykovskinin kiçik büstü, "Ericson” telefonu, papirosu, alışqanı və "Azərbaycan” simfonik poemasının yarımçıq notlarını görmək olar. Əgər ömür vəfa etsəydi, dahi bəstəkar bu poemasını yazıb bitirəcəkdi. Təəssüf ki, bu, ona nəsib olmadı.

G.Ələsgərova muzeyin maraqlı eksponatlarından biri olan rəsm əsəri barədə məlumat verir. Rəsmdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə ilə Üzeyir bəy elə bu evdə, bu yazı masası arxasında təsvir olunub: "Rəsulzadə dəfələrlə bu evin qonağı olub. Onlar yaxın əqidə, məslək dostu idilər. Rəssam Ənvər Əliyevin kətan üzərində yağlı boya ilə çəkdiyi "Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə” rəsmi tarixi bir əsərdir. Məlumdur ki, Ceyhun bəy Hacıbəyli Fransaya Versal sülh konfransına gedəndən sonra Üzeyir bəy Xalq Cümhuriyyətinin rəsmi mətbuat orqanı olan "Azərbaycan” qəzetinin redaktoru olub. Bu tarixi faktı Ənvər Əliyev öz əsərinə məharətlə köçürüb. Üzeyir Hacıbəyli iş otağında, yazı masasının arxasında oturan vəziyyətdə təsvir edilib. Rəsulzadə isə ayaq üstədir. Masanın üzərində "Azərbaycan” qəzeti gözə dəyir. Onlar qəzetin növbəti buraxılışındakı materiallar haqqında fikir və mülahizələrini söyləyirlər. Bu rəsm əsəri muzeyin ən diqqətçəkən eksponatlarından biridir”.

Rəssam Ənvər Əliyevin muzeyin divarlarını bəzəyən maraqlı əsərlərindən biri də "Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır” adlanır. 1925-ci ildə Üzeyir Hacıbəyli ilk simli kvarteti yaradır. O, Azərbaycan Dövlət Konservatoriyasının rəhbəri və təşkilatçısı kimi simli kvartetə rəhbərlik etmək üçün Moskva Konservatoriyasından Leopold Vitoldoviç Rostropoviçi Azərbaycana dəvət edir. L.Rostropoviç həyat yoldaşı Sofya Nikolayevna Fedotova ilə birlikdə Bakıya gəlir. Onlar Üzeyir bəyin evində də qonaq olurlar: "Rəssam Ənvər Əliyev 2000-ci ildə həmin mövzuda süjetli bir rəsm çəkərək, Üzeyir Hacıbəylinin ev-muzeyinə təqdim etdi. Yağlı boya ilə çəkilmiş rəsmdə Rostropoviç violonçeldə ifa edərkən təsvir olunub. Həyat yoldaşı Sofya Nikolayevna onu royalda müşayiət edir. Qarşı tərəfdə isə Üzeyir bəylə həyat yoldaşı Məleykə xanım əyləşiblər. Üzeyir bəyin bütün diqqəti çalınan musiqidədir. Məleykə xanımın dizi üstündə Rostropoviçlərin kiçik oğlu Slava oturub. Pəncərədən süzülən günəş işığından, stolun üstündəki səmənidən görünür ki, bu ailəvi görüş bahar fəslinə təsadüf edir. İlk baxışdan hiss olunur ki, bu iki ailəni möhkəm dostluq telləri birləşdirir”.


Stalindən bəstəkara minnətdarlıq teleqramı...


Divardan asılan bu xalça isə Üzeyir bəyə 1945-ci ildə 60 illik yubileyi münasibətilə elə həmin il yaradılan Azərbaycan Elmlər Akademiyasının alimləri tərəfindən hədiyyə verilib. Simvolik xarakter daşıyan xalçanın mərkəzində Üzeyir bəyin portreti təsvir olunub. Kənarlarında "Leyli və Məcnun” və "Koroğlu” operalarından obrazların rəsmləri var: "Xalçanın aşağısında Qərb və milli musiqi alətlərinin vəhdətini təsvir edən rəsm işlənib. Bu, təsadüfi deyil. Çünki Yaxın Şərqin musiqi tarixində məhz Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun” operasının nümayişi zamanı Qərb tipli orkestrin tərkibinə tar və kamançanı daxil edib. Xalçanın yuxarısında isə tank şəkli təsvir olunub. Bu da simvolik məna daşıyır. Belə ki, İkinci Dünya müharibəsi illərində Üzeyir bəy şəxsi vəsaitindən 100 min rubl cəbhəyə bağışlayıb ki, tank alınsın, sovet əsgərləri faşizmə qarşı daha əzmlə, iradə ilə vuruşsunlar. Bu tank onun simvoludur. Və Stalin o pula görə bəstəkara minnətdarlıq teleqramı göndərib: "Yoldaş Hacıbəyov! Qızıl Ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Mənim salamımı və Qızıl Ordunun təşəkkürünü qəbul edin. İ.V.Stalin”. Bu teleqram bu gün bəstəkarın ev-muzeyində qorunan unikal sənədlər sırasındadır”.

İş otağındakı kitab dolablarında rus, ərəb, fars, gürcü və tatar dillərində kitablar var. Bu isə onu göstərir ki, böyük şəxsiyyət altı dildə sərbəst yazıb-oxumağı bacarırdı.

Ev-muzeyin qonaq otağında üzərinə müxtəlif qablar düzülən yemək masası, samovar, mis kasalar, qrammofon, radioqəbuledici, bəstəkara hədiyyə göndərilən Amerika istehsalı, cərəyansız işləyən refrijerator-soyuducunu görmək olar.

Üzeyir Hacıbəyli öz dövrünün ziyalıları ilə - şairlərlə, yazıçılarla, musiqiçilərlə, dramaturqlarla yaxın dostluq əlaqələri saxlayırdı. Belə ki, bəstəkarın hazırda muzey olan bu evində görkəmli simalardan Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Leopold və Mstislav Rostropoviçlər və başqaları qonaq olublar, bu yemək masası arxasında əyləşib, Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımım hazırladığı milli təamları dadıblar.

Üzeyir bəyin ailə fotoları, həyat yoldaşı Məleykə xanımla Peterburqda çəkdirdiyi şəkil, anasının, qardaşlarının fotoları bəstəkarın ailəsini bizə yaxından tanıdır. Divarları bəzəyən, keçmişi özündə yaşadan müxtəlif ağ-qara fotolar insanı bəstəkarın yaşadığı dövrə aparır.

Muzeyin özəl bölümündə isə yataq otağı var. Bu otaqdakı əşyalar Məleykə xanımın cehizlikləridir. Komodun üzərindəki güzgü Məleykə xanımın ən sevimli əşyalarından biri idi. Çünki o güzgü Xurşudbanu Natəvana məxsus olub. Dahi bəstəkarın frakı da bu otaqda saxlanılır. O, məhz bu geyimdə neçə-neçə əsərlərinə dirijorluq edib.


Bir ovuc Şuşa torpağı...


Üzeyir Hacıbəylinin sevimli əşyalarından biri də divar saatı olub. Bəstəkar ona "mənim ağıllı saatım” deyirmiş. Çünki saat nə geri qalırdı, nə də irəli gedirdi - daim düz işləyirdi: "Divar saatı gecə saat 2-ni göstərir. Bu, Üzeyir bəyin ölüm saatıdır. 1948-ci il noyabrın 22-dən 23-nə keçən gecə Üzeyir bəyin ürəyi dayandı. Himayədarlıq etdiyi bacısının uşaqları da həmin vaxt saatı dayandırdılar. Sanki bəstəkarın ölümü ilə zaman da donub bu evdə”.

Diqqətçəkən eksponatlardan biri də Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin maketidir. Gülnarə Ələsgərova onu da qeyd etdi ki, eksponatlar arasında Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyində saxlanılan və şəxsən bəstəkara məxsus əşyalar - uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori Seminariyasında çaldığı skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyim xanımın gəlinlik paltarı və muzeyə yadigar verilmiş kitablar Şuşanın işğalından sonra Bakıya gətirilib və bu ev-muzeyin fondlarında saxlanılır. Bakıya gətirilən eksponatlardan ən dəyərlisi isə Şuşadakı ev-muzeyin həyətindən, Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır...


Ev-muzeyin yaradılmasına Heydər Əliyevin böyük töhfəsi


Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov bildirir ki, ev-muzey 1975-ci il noyabrın 20-də dahi bəstəkarın 90 illik yubileyi münasibətilə Ulu Öndər Heydər Əliyevin böyük səyi və dəstəyi nəticəsində fəaliyyətə başlayıb. Muzeyin ilk ziyarətçisi də Heydər Əliyev olub: "Ulu Öndər dahi bəstəkarın yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirirdi. Bu mənzilin ev-muzeyə çevrilməsində onun danılmaz köməyi var. Biz də tarixi ədalət naminə son təmirdən sonra muzeyə tərtibat verərkən burada "Heydər guşəsi” yaratdıq. Ora Ulu Öndərin Üzeyir bəy haqda fikirlərini və ev-muzeyin açılışından fotoları əlavə etdik. Bunlar əvvəl muzeydə yox idi. Ümumiyyətlə, muzey özü də canlı orqanizmdi, daim yeniliyə ehtiyac var. Bu baxımdan mümkün qədər muzeyə yeni eksponatlar daxil edirik. Muzeydə Mikayıl Hüseynov, Tahir Salahov, Altay Hacıyev, Nəcəfqulu, Ənvər Əliyev, Hüseyn Hacıyev kimi böyük rəssamların dahi bəstəkara həsr etdikləri rəsmlər var idi. Xalq rəssamı Arif Hüseynov da bir işini hədiyyə etdi. 2008-ci ildə Moskva kinematoqrafçıları tərəfindən seçilən "XX əsrin ən gözəl musiqili filmləri”ndən biri də "Arşın mal alan” idi. O mükafatı almaq üçün məni Moskvaya dəvət etdilər. Həmin mükafat hazırda ekspozisiyada nümayiş olunur. Son illər muzeyə daxil olmuş eksponatlardan biri də 2013-cü ildə "Arşın mal alan”ın yaranmasının 100 illiyi münasibətilə ABŞ-ın Los-Anceles şəhərində göstərilən beynəlxalq tamaşanın afişasıdır. Həmin tamaşa Hollivud ulduzlarının 20 il "Oskar” mükafatı aldığı salonda nümayiş olunurdu. Beynəlxalq heyətin iştirakı ilə oynanılan tamaşanın nümayişinə Azərbaycandan da nümayəndə heyəti getmişdi. Tamaşadan sonra bizim konsulluğun işçilərindən xahiş etdim ki, mümkün olsa, teatrın qarşısında asılan afişanı əldə edib ev-muzeyə göndərsinlər. Sağ olsunlar, göndərdilər. İndi həmin yekə afişa ev-muzeyin girişindən asılıb”.

Xəyalə MURADLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video