20 Sentyabr 2019 00:40
585
İQTİSADİYYAT
A- A+

Pambıqyığan maşınlar bugün-sabah tarlaya çıxacaq


Yevlax son illər dövlətin davamlı qayğısı ilə sürətli inkişaf yolu keçmiş, dəyişib gözəlləşmiş, abad bir diyara çevrilmişdir. Beynəlxalq əhəmiyyətli İpək yolunun, dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi bu strateji məkan həm də ölkənin qabaqcıl kənd təsərrüfatı rayonlarındandır.

Yevlax əməkçiləri taxıl, pambıq, heyvandarlıq məhsulları, meyvə-tərəvəz istehsalı sahəsində böyük uğurlara imza atır, ölkənin Ərzaq Təhlükəsizliyi Proqramına sanballı töhfələr verirlər. Qazanılan nailiyyətlərin əsas şərti dövlətin aqrar sektora verdiyi güclü dəstək və rayonda mütərəqqi texnologiyaların, qabaqcıl təcrübənin, innovativ iş üsullarının yaradıcılıqla tətbiq edilməsidir.

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq məqsədilə verdiyi tapşırıq və tövsiyələr rayonda konkret fəaliyyət proqramına çevrilmişdir. Dövlət başçısının müəyyən etdiyi yeni aqrar strategiyasına uyğun olaraq rayonda ənənəvi kənd təsərrüfatı sahələrinin, xüsusilə pambıqçılığın inkişafı üçün əmək ehtiyatları, mövcud imkanlar bacarıqla səfərbər edilmişdir. Qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətli münasibət, həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat tədbirləri və ən əsası, dövlətin qayğısı sayəsində aqrar sektorun dinamik inkişafı təmin edilir. Rayonun tarla bahadırları keçən il 2500 hektar sahədə pambıq əkib-becərmiş, hər hektarın məhsuldarlığını 21,2 sentnerə çatdıraraq bütövlükdə 5296 ton "ağ qızıl” toplamışlar.

Yevlax pambıqçısının builki hədəfi hər hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmaqdır.

Artıq bu şərəfli məqsəd uğrunda mübarizəyə start verilmiş, təsərrüfatlarda əl yığımına başlanmışdır. Ötən illərdə olduğu kimi, yenə də pambıqyığan maşınlara geniş meydan veriləcək. Bu il rayonun təsərrüfatlarında MKT İK-nın xətti ilə 15067 hektar, "P.Aqro” MMC-nin xətti ilə 900 hektar sahədə pambıq əkilib-becərilmiş, hər yerdə bol məhsul yetişdirilmişdir. Məhsulu maşınlarla yığılacaq sahələrdə yarpaqların tökdürülməsi üçün dərmanlama işləri davam etdirilir. 6 ədəd dərmansəpən aqreqatın gücü ilə indiyədək min hektardan çox sahədə dərmanlama aparılmışdır. Mövcud 8 ədəd pambıqyığan maşın tarlalara girmək üçün komanda gözləyir. Yığılan məhsulu daşımaq üçün nəqliyyat traktorları, qoşqu vasitələri də hazır vəziyyətdədir.

Rayonda pambıqçılıq sahəsində zəngin təcrübəsi olan fermerlər fəaliyyət göstərir. Qabaqçıllardan söz düşəndə Kövər kəndindən Dağıstan Həbiyevin, Qoyun binəsi kəndindən İsrail Hüseynovun, Səmədabad kəndindən Mayıl Əsgərovun və Qarammədli kəndindən Asif İsmayılovun adı hörmətlə çəkilir.

Qabaqcıl fermer, bacarıqlı pambıqçı Dağıstan Həbiyev bizimlə söhbətində deyir:

- Aylardan bəri çəkdiyimiz zəhmətin, axıtdığımız alın tərinin nəticəsi fərəhlidir. Hər dəfə ağ örpəyə bürünən tarlalara baxanda yorğunluğumu unudur, rahatlıq tapıram. Artıq bir neçə gündür ki, pambıq yığımına başlamışıq. Məhsulumuzun bol olacağı şübhəsizdir. İndi əsas məqsəd yetişdirilən məhsulu tez və itkisiz yığıb təhvil verməkdir. Pambıq yığımında yenə də texnikadan geniş istifadə edəcəyik. İndi sahələri maşınla yığıma hazırlayırıq. Yarpaqların tökdürülməsi üçün kefiyyətli dərmanlama aparılmışdır. Çalışırıq ki, havaların əlverişli keçdiyi hər gündən səmərəli istifadə edək. Bu məqsədlə əl yığımını davam etdiririk. Sahələrin kənarlarının məhsulunun əl ilə yığılması pambıqyığan maşınların məhsuldar işləməsinə imkan yaradır, məhsul itkisinin qarşısını alır.

Bu il hər hektardan azı 40 sentner pambıq götürmək əzmindəyik. Dövlət səviyyəsində pambıqçılığın inkişafına göstərilən qayğı və diqqət bizə qol-qanad verir. Pambıq həmişə Yevlax kəndlisi üçün yaxşı dolanışıq mənbəyi olub. Prezident İlham Əliyev pambıqçılığın inkişafına qayğı göstərməklə bizə qol-qanad verir. Pambıqdan götürdüyümüz qazancla ailəmizin xoş güzəranını, firavan həyatını təmin edirik. Keçən il 14 hektar sahədən 54 ton pambıq istehsal etdik. Bu il isə əkin sahələrini 2 dəfə genişləndirmişik. Cari il pambıqçılıq üçün çox əlverişlidir. Bütün qüvvə və bacarığımızı sərf edərək bu il rekord miqdarda pambıq istehsal etmək əzmindəyik.

Bu gün-sabah pambıqyığan maşınlar tarlaya çıxacaq, yığım zərbəçi ahəng alacaqdır.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video