20 Sentyabr 2019 00:35
1208
İQTİSADİYYAT
A- A+

Azərbaycanın neft-qaz layihələri uzunmüddətli inkişafa xidmət edir


Azərbaycanın yeni neft strategiyasına start verən "Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. Bu gün Azərbaycan neftçiləri həmçinin özlərinin peşə bayramlarını qeyd edirlər. Sentyabrın 20-si tarixi Azərbaycan üçün "Cənub qaz dəhlizi”nin təməlinin qoyulduğu gün kimi də əlamətdardır. Bu tarixi hadisə isə 5 il əvvəl Səngəçal terminalında baş vermişdir.


Əsrlərə hesablanmış müqavilə


SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. Bu kontrakt miqyasına və əhəmiyyətinə görə "Əsrin müqaviləsi” adını aldı.

"Əsrin müqaviləsi”ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Buna görə də AÇG-nin işlənməsi əslində əsrlərə hesablanmış bir layihədir. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.

Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.

"Əsrin müqaviləsi” çərçivəsində artıq 22 ildir neft hasil olunur. 1997-ci ilin noyabrında "Çıraq” platformasından ilkin neftin alındığı vaxtdan keçən ilin sonunadək AÇG-dən 3,5 milyard barel qara qızıl çıxarılıb. Bu gün AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Onlardan

6-sı hasilat, 2-si texnoloji platformadır. Bu ilin birinci yarısında AÇG kompleksindən gündə orta hesabla 542 min 400 barel neft hasil olunub. Blokdan yarımillik hasilat 98 milyon bareldən çox, yəni 13 milyon tondan çox təşkil edib. AÇG nefti dənizdən sualtı xətlərlə Səngəçal terminalına nəql olunur və buradan ixrac marşrutları ilə dünya bazarlarına yol alır.

Bu yataqlardan neftlə bərabər səmt qazı da hasil edilir ki, onun da bir hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Mavi yanacağın böyük hissəsi isə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir, yəni Səngəçaldan SOCAR-ın "Azəriqaz” sisteminə ötürülür.

Azərbaycanın yeni neft strategiyası düzgün və böyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. İki il əvvəl AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha təsdiq etdi. AÇG-nin əvvəlki tərəfdaşları ilə razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, sözügedən dövr ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 25 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.

Xatırladaq ki, AÇG-də operator olan BP (Böyük Britaniya), SOCAR (Azərbaycan), "Şevron” (ABŞ), "İnpeks” (Yaponiya), "Ekvinor” (Norveç), "EksonMobil” (ABŞ), TPAO (Türkiyə), "İtoçu” (Yaponiya), ONGC Videş Limited (Hindistan) şirkətləri tərəfdaşlıq edirlər.

Bu il Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev demişdir: "Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var”.


3500 kilometrlik dəhliz


"Əsrin müqaviləsi” böyük sabaha hesablanmış bir saziş olduğunu təsdiqləyərək yeni qlobal layihələrə yol açdı. Beş il əvvəl, 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin təməlinin qoyulması bu həqiqətin daha bir sübutu oldu.

Prezident İlham Əliyevin dediyi kimi: "Təbii ki, bu gün "Cənub qaz dəhlizi” haqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik... Əgər 1990-cı illərin ortalarında üçtərəfli format yaranıbdırsa, - Azərbaycan-Gürcüstan-Türkiyə, - bu gün bu format genişlənir və "Cənub qaz dəhlizi”nin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa İttifaqına üzv ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya - artıq 7 ölkə "Cənub qaz dəhlizi”nin üzvüdür və Balkan ölkələri də bu layihəyə maraq göstərirlər”.

"Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağıdır. 12 ildən çoxdur mavi yanacaq verən bu yataq Azərbaycanı dünyada həm də qaz ixrac edən ölkə kimi tanıtdı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri "Şahdəniz-1” qazını Azərbaycana və Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə qaz həm də Türkiyəyə nəql olunur. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmər birləşdirilir və o, Azərbaycan qazını Ərzurumadək aparır. İndi artıq gerçəkləşən "Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz Bakı-Tbilisi-Ərzurum kəməridir. Beləliklə, bu dəhliz möhkəm təmələ əsaslanır və onun birinci hissəsi əslində 2007-ci ildə istifadəyə verilmişdir.

Belə qlobal layihənin bir neçə ildə gerçəkləşməsi də onun etibarlı zəmin üzərində həyata keçirildiyini təsdiqləyir. "Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindən cəmi 5 il keçməsinə baxmayaraq, dörd seqmentindən üçü artıq fəaliyyət göstərir. Keçən ilin may ayında Səngəçalda böyük təntənə ilə "Cənub qaz dəhlizi”nin açılış mərasimi keçirildi. Buna layihənin ilk iki hissəsinin başa çatdırılması - "Şahdəniz-2”dən hasilatın əldə olunması və CQBK-nın genişləndirilməsi imkan verdi. Növbəti ayda isə Türkiyədə, Əskişəhərdə üçüncü seqmentin - Transanadolu Qaz Boru Kəmərinin (TANAP) açılışı oldu. Hazırda son seqmentin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi yekunlaşmaqdadır.

"Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü və liderliyi ilə, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində gerçəkləşən layihədir. Təsadüfi deyil ki, 2015-ci ildən başlayaraq ölkəmiz beş dəfə "Cənub qaz dəhlizi” Məşvərət Şurasının toplantılarına evsahibliyi edib. Bu toplantılar layihənin irəliləməsində mühüm rol oynayıb, burada görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb.


Bütün zamanlarda hörmətli peşə


Bu gün həm də qurudakı mədənlərdə, dənizdəki estakada və meydançalarda, özül və platformalarda çalışan fədakar insanların bayramıdır. Sentyabrın 20-si hər il ölkəmizdə Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan dünya neft sənayesinin beşiyidir. Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasından iki əsrə yaxın vaxt keçir. Sonralar çıxarılan qara qızıl emal edilərək tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə uzaq məsafələrə nəql olunub. Hələ neftin kustar üsulla çıxarıldığı zamanlarda belə Azərbaycan neftçisi öz hünəri ilə tanınıb.

Azərbaycan neftinin Bibiheybətdən, Balaxanıdan, Ramanadan, Pirallahıdan başlanan salnaməsi illər keçdikcə yeni səhifələrlə zənginləşib. İkinci Dünya müharibəsi zamanı faşistlərin üzərinə şığıyan tanklar və təyyarələr Bakı nefti ilə hərəkətə gəlib.

Xəzərin fırtınalı qoynunda, açıq dənizdə, sahildən 110 kilometr aralıda ilk quyunun fontan vurduğu vaxtdan 70 il keçir. Bu il noyabrın 7-də əfsanəvi Neft Daşları şanlı yubileyini qeyd edəcək. Bu, sıradan bir tarix deyil. Çünki Neft Daşları dünyada dəniz nefti erasının başlandığı məkandır. Yəni dəniz neftinin beşiyi də Azərbaycandır.

Ulu Öndər Heydər Əliyev "Əgər Neft Daşları olmasaydı, nə "Azəri” olardı, nə "Çıraq”, nə də Bakı-Tbilisi-Ceyhan...” deyib. Azərbaycanın Xəzər dənizində beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi nəhəng layihələrin uğuru məhz "Möcüzələr adası” adını almış Neft Daşlarının təcrübəsinə əsaslanır.

Beləliklə, Azərbaycan neftçisi "Azəri-Çıraq-Günəşli” platformalarına qədər uzun və şərəfli yol keçib. Bu gün təbiət ona daha bir şans verib, ehtiyatları onilliklərə hesablanmış təbii qaz da hasil edir. "Şahdəniz” bütün dünyaya səs salıb. Sırada isə növbəti qaz yataqlarının kəşfi və işlənməsi dayanır.

Bununla yanaşı, dövlətimiz köhnə sahələrdə də hasilatın sabit saxlanılmasını, onilliklərdir istismar edilən karbohidrogen yataqlarının imkanlarından səmərəli istifadə olunmasını qarşıya məqsəd qoyub. Neftçilərimiz bu vəzifənin də öhdəsindən layiqincə gəlirlər.

Vaxtilə quruda və dənizdə Usta Piri, Ağa Nemətulla, Hacı Dəmirxanov, Ağadadaş Kərbəlayı oğlu, Neftçi Qurban, Mixail Kaveroçkin, Musa Bayramov və yüzlərlə digər adlı-sanlı neftçilərimiz olub. Daha sonra onları İsrafil Hüseynov, Məmməd Qənbərov, Adil Məmmədov, Akif Cəfərov və başqaları əvəz ediblər. Estafet möhkəm və etibarlı əllərdədir. Bunu hazırda əmək meydanında onları əvəz edən Azərlərin, İlqarların, Abdullaların, Hüseynlərin, İsrafillərin hünəri və Azərbaycanın neft-qaz sahəsində qazandığı misilsiz nailiyyətlər təsdiq edir.

Prezident İlham Əliyev neftin və qazın ölkə iqtisadiyyatının əsas potensialı olduğunu vurğulayır. Azərbaycan neftçisi də bu potensialı üzə çıxararaq gücümüzü, sərvətimizi artırır. Dövlət başçısı bu çətin və şərəfli peşə sahiblərinin əməyini həmişə yüksək qiymətləndirir: "Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər”.

Məhsulun həmişə bol, qazancın çox olsun, neftçi qardaş! Torpağın təkindən, dənizin dibindən çıxardığın nemətin dəyəri, qiyməti azalmasın.

Hünər meydanın qurudakı mədəndirsə, qışın şaxtasında üşüməyəsən, yayın qızmarında yorulmayasan. Xəzərdəsənsə, sən dənizə gələndə dəli-dolu dalğalar sakitləşsin, tufanlar yatsın...

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video