20 Sentyabr 2019 00:32
507
CƏMİYYƏT
A- A+

Aprel şəhidinin adı ata ocağında dünyaya gələn körpəyə qoyuldu


Öz qələbə əks-sədası ilə Azərbaycanın hərb tarixinə şanlı zəfər yürüşü kimi düşmüş 2016-cı ilin aprel döyüşləri ordumuzun ilk qalibiyyət, zəfər salnaməsidir. 4 günlük Aprel döyüşlərindən 3 il ötsə də, həmin tarixi qələbəni bizlərə bəxş edən və bu yolda şəhid olan mərd oğullarımız qəlbimizdə daim yaşayırlar.

Bu döyüşlər zamanı Qazax rayonunun da 3 nəfər igid oğlu-Fərəhli kəndindən kapitan Mühüd Orucov, Yuxarı Salahlı kəndindən baş leytenant Elvin Namazov və Aslanbəyli kəndindən əsgər Orxan Əliyev də şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha sübuta yetirdilər.

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən bu igid oğullarımızın xatirəsi daim qəlblərdə yaşayır, onların doğum günləri, anım mərasimləri qeyd edilməklə xatirələrinə ehtiram göstərilir. Bu günlərdə Aprel döyüşlərində şəhid olmuş Elvin Namazovun doğum günü də böyük təntənə ilə qeyd edilmişdir. Qədirbilən qazaxlılar onun doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndinə toplaşaraq şəhidə ehtiramlarını göstərmişlər. Qəhrəmanların əməllərindən söhbət açmış, hər bir azərbaycanlıya örnək olacaq fədakarlıqlarından danışmışlar. Tədbirdə qeyd olunmuşdur ki, indi şəhid Elvin Namazovun ata yurdunda daha bir oğul dünyaya göz açmışdır. Onun yeni doğulmuş qardaşı oğluna şəhid Elvinin adı qoyulmuşdur. Adqoyma münasibətilə keçirilən mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər. Aprel döyüşlərində şəhid olmuş mərd oğullarımızın ruhuna dualar oxunduqdan sonra çıxış edənlər yeni doğulmuş körpəyə əmisi kimi igid və vətənpərvər olmağı arzulamışlar. Sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə qüvvətlənən ordumuzun qazandığı nailiyyətlərdən söz açmışdır. Qeyd etmişdir ki, Aprel döyüşləri bizi Dağlıq Qarabağa bir qədər də yaxınlaşdırmaqla yanaşı, böyük qələbəmizə aparan şanlı yolun başlanğıcını qoydu. O yolu qət edən oğullarımızla bu gün fəxr edirik.

Elvin Namazov 1990-cı ilin sentyabr ayında Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində birillik kursdan keçmiş və "N” saylı hərbi hissədə xidmətə başlamışdır. Bir qədər sonra hərbi hissədə kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə ona baş leytenant hərbi rütbəsi verilmişdir. 2016-cı il aprelin 3-də Tərtər istiqamətində gedən döyüşlərdə erməni təxribatının qarşısını alarkən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-da doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra Elvin Namazov göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qədirbilən qazaxlılar onun adını əbədiləşdirmək məqsədilə rayon mərkəzində bulaq kompleksi ucaltmışlar. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru” sənədli filmində baş leytenant Elvin Namazov haqqında da ətraflı bəhs olunmuşdur.

Mərasimdə Elvinin, eləcə də digər igid oğullarımızın şücaətindən söhbət açılmışdır. Şəhidin atası Məmməd Namazov çıxış edərək dövlətin belə ailələrə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etmiş, bu gün bu ocaqda dünyaya göz açan körpəyə oğlu Elvinin adının qoyulması mərasimində iştirak edən bütün insanlara təşəkkürünü bildirmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video