19 Sentyabr 2019 20:19
1726
Qəbullar
A- A+

Azərbaycan Çinin etibarlı tərəfdaşıdır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli cənab sədr, hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlamaqdan şadam. Bizim ölkəyə xoş gəlmisiniz. Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər uğurlu olacaq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.

Bildiyiniz kimi, mən sizin ölkənizə dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər etmişəm. Sonuncu səfərim bu ilin aprelində "Bir kəmər, bir yol” konfransı çərçivəsində olub. Tədbir çərçivəsində mənim Sədr, hörmətli cənab Si Cipinlə görüşüm keçirilib. Bu görüşdə biz münasibətlərimizi müfəssəl müzakirə etdik və gələcək əməkdaşlıq üçün perspektivləri müəyyənləşdirdik. Siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır. Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq. Şadıq ki, yeni müqavilələr bağlanır. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraq göstərir, eləcə də imzalanmış müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirirlər. Bizdə artıq energetika, nəqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şadıq ki, Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır.

Onu da qeyd etmək istərdim ki, viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çin Xalq Respublikasından Azərbaycana gələn turistlərin sayının artmasından şadıq. Əlbəttə ki, nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir nəqliyyat infrastrukturu yaratmışıq. Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentlərarası əlaqələri böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyi arzulayıram və bir daha sizi Azərbaycanda salamlamaq istərdim.

x x x

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li CANŞU dedi:

-İcazə verin hər şeydən əvvəl köhnə dostunuz Si Cinpinin səmimi salamını və ən yaxşı arzularını Sizə çatdırım. Son illərdə Sədr Si Cinpin Sizinlə ikitərəfli və çoxtərəfli müstəvidə xeyli görüş keçirib. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsinə rəvac verirsiniz. Eyni zamanda, Siz öz aranızda çox yaxşı işgüzar münasibətlər və şəxsi möhkəm dostluq yaratmısınız. Düşünürəm ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də strateji istiqamət sayəsində dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir. Bununla da bizim münasibətlərimiz nümunəvi dövlətlərarası münasibətə çevrilib. Bu ilin aprelində Sədr Si Cinpin Sizi ikinci "Bir kəmər, bir yol” sammitinə dəvət etmişdi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Siz Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz. Sammit çərçivəsində Sizin Si Cinpinlə ənənəvi görüşünüz oldu. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmısınız.

x x x

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin hökm sürdüyünü qeyd etdi. O, ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətilə təbriklərini ifadə etdi.

Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizin Çinin təşəbbüskarı olduğu "Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığına toxunuldu. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması nəqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video