19 Sentyabr 2019 00:34
740
Mədəniyyət
A- A+

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd olunub


Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum gününün ölkəmizdə geniş şəkildə qeyd edildiyini söyləyib. "Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkarlar bəxş edəcəkdir”, - deyə nazir vurğulayıb.

Nazir bu musiqi bayramının tezliklə dahi bəstəkarın doğulduğu Şuşada keçiriləcəyinə əminliyini ifadə edib. Ə.Qarayev dahi bəstəkarın adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını diqqətə çatdırıb: "Bu gündən start götürən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə rəhbəri olduğu təhsil ocağının 100 illiyinin qeyd olunacağına diqqət çəkərək söyləyib ki, istər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır: "Mən cavanlara müraciət edirəm ki, bizim mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə Üzeyir Hacıbəylinin təkcə Azərbaycanın yox, bütün Şərqin günəşi olduğunu diqqətə çatdırıb: "Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun” operasını yazdıqdan sonra bizdə peşəkar bəstəkarlıq məktəbi yaradılıb. Biz bunu unutmamalı və hər zaman təbliğ etməliyik”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar.

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

AZƏRTAC

Fotolar Ağaəli MƏMMƏDOVUNDUR


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video