18 Sentyabr 2019 15:55
593
SİYASƏT
A- A+

YAP İcra Katibliyində “Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib


Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov "Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanın çətin zamanlarında ümummilli lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi” imzalandı.

Baş Nazirin müavini qeyd edib ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri məhz "Əsrin müqaviləsi”dir. "Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Ulu Öndərin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi.

YAP sədrinin müavini söyləyib ki, artıq 25 ildir "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir. Bu müqavilənin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş Nazirin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə ərsəyə gələn bu müqavilə hesabına neft sənayesində böyük dəyişiklik baş verdi. Dənizdə neft quyularının işlənilməsi prosesi sürətləndi. Azərbaycan neftinin müasir üsullarla çıxarılmasına başlanıldı və dünya bazarında satışı təşkil olundu. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. X.Yusifzadə "Əsrin müqaviləsi”nin imzalanması üçün aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolunu vurğulayıb. O deyib ki, Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var. Bu günə qədər Azərbaycan xarici bazarlara 554 milyon ton neft çıxarıb.

SOCAR-ın birinci vitse-prezidenti vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib. O, hazırda "Şahdəniz” layihəsi üzrə görülən işlər barədə də geniş məlumat verib.

Tədbirdə daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatları Tahir Mirkişili, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı və Fazil Mustafa çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, Azərbaycan tarixən dünyada "qara qızıl”la zəngin olan bir diyar kimi tanınıb. Ancaq məhz müstəqillik dövründə xalqımız respublikamızın malik olduğu təbii sərvətlərin əsl sahibinə çevrilib və onun bəhrəsini görməyə başlayıb.

Qeyd olunub ki, 25 il öncə "Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Bu müqavilənin imzalanması ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və çox böyük səyləri sayəsində mümkün oldu.

Bakıda Qərbin müxtəlif şirkətləri ilə bağlanmış neft müqaviləsi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının müasir tarixinin şanlı səhifəsini açdı. "Əsrin kontraktı” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması, onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ulu Öndər tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası Azərbaycanı lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.

O da vurğulanıb ki, Azərbaycan "qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video