15 Sentyabr 2019 04:29
3681
İQTİSADİYYAT
A- A+

Yabanı bitkilərə yabanı münasibət


Bu, meşələrimizi məhv edə bilər


Azərbaycanın təbiəti zəngindir. Təkcə meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Yabanı meyvələrdən adi qoz, alma, armud, zoğal, alça, əzgil, fındıq, xurma, yemişan, şabalıd və s. min tonlarla məhsul verir. Onu da qeyd etmək lazımdır ki, bu meyvələrdən 30 faizi istismar əhəmiyyətli məhsullardır. Bir qismi isə dövlət tərəfindən tədarük edilir.

Ölkəmizin təbii coğrafi xüsusiyyətləri müxtəlif olduğuna görə ayrı-ayrı regionlarda müxtəlif tip yabanı bitkilərə rast gəlinir. Ümumiyyətlə, ərazimiz zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli bitki növü yayılmışdır. Bitki növlərinin sayına görə Azərbaycanın florası Cənubi Qafqazda fərqlənir. Regionda bitən bitki növlərinin 66 faizi ölkəmizdə mövcuddur.

Təbiətimizin zənginliyini və müxtəlifliyini qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazırliyi tərəfindən ciddi addımlar atılır. Meşələrin İnkişafı Xidmətinin tabeliyində fəaliyyət göstərən mərkəzlər 2001-2018-ci illərdə tinglik sahəsinin yaradılması məqsədilə 2947 ton toxum tədarük etmişdir. Bunun nəticəsində ötən il yarım milyarddan artıq (521 milyon ədəd) ting yetişdirmək mümkün olmuşdur. Yalnız ötən bir il ərzində 175009 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirilmişdir. Aqrobağların salınması məqsədilə 58585 ha sahədə 108 milyon 146,86 min ədəd müxtəlif meşə və meyvə cinslərindən ibarət ağaclar əkilmişdir. Eyni zamanda ölkədə baramaçılığın inkişafı sayəsində 2016-2018-ci illərdə 1,6 milyon ədəddən çox tut tingləri yetişdirilmişdir.

Amma bu müsbət rəqəmlərin fonunda mənfi bir tendensiya da özünü büruzə verir. Meşələrdən güzəranlarına ruzi qatanlar var. Əgər onların meşəyə münasibəti qəbul edilən və bir qədər də mərhəmətli olsaydı, bu barədə danışmağa dəyməzdi. Lakin dövlətin meşələrin bərpası ilə bağlı gördüyü böyük işlərin əvəzində onların təbiətə sərt münasibəti bağışlanılmazdır.

Artıq bu aydan meşədə yabanı meyvələr yetişməyə başlayır. Bir azdan elə də böyük pul qazanmayan, amma güzəranlarına qəpik-quruş əlavə edən bir bölük adam düşəcəklər meşələrin canına və başlayacaqlar yemişanı, çaytikanını dərib satışa çıxarmağa. Həmişə meşə meyvələrini yığıb satanlar olub, amma indi bunu əvvəlki kim etmirlər. Yeni qaydalar "kəşf” ediblər: yemişan, çaytikanı ağacının budaqlarını qırıb, ya da elə kökündən baltalayıb meyvəsini dərirlər. Bütün meşəətrafı kəndlərin hərəsində 4-5 belə adam var ki, bir ayaqları meşədə, çay kənarlarında, o birisi də bazardadır. Qoy qazansınlar, buna kimsə yox demir. Amma ağacların kökünü kəsmək təbiətə qəsd etmək deyilmi?

55 il əvvəl oxuduğum kənd məktəbində Qubat adlı müəllimimiz var idi. Bizə biologiya dərsini hərdən məktəbin bağında, ağacların dibində keçərdi, qələm vurmağı, təbiəti sevməyi öyrədərdi. Qubat müəllim neçə ildir ki, dünyasını dəyişib. Ancaq dedikləri sırğa kimi bu gün də qulaqlarımızdan asılıb: "Bir budaq qıranda sanın ki, qolunuzu sındırdınız!”

Biz də müəllimin dediyindən ibrət alardıq, kəndimizin arxları boyu qovaq qələmləri əkərdik, bağımızda qələm vurardıq və sevinərdik ki, təbiəti qoruyuruq. Sonralar bu qovaqları kəsib ev tikdilər, dam bağladılar. Meşənin də başı ağrımadı balta səsindən. Amma indi belə deyil. Şəhərlər böyüdükcə insanlar nədənsə torpaqdan, təbiətdən aralı düşür, kənddən yadlaşırlar.

Birini qoyub, o birini deyək. Bu yay Bakıdan bir neçə bələdsiz adam gəlib kəndimizin meşələrini alt-üst ediblər. Danışırlar ki, bir kisə səhləb yığıb aparıblar. Min bir dərdin dərmanıdır. Bu səhləbin adı Qarabağda xarı bülbüldür. Çox növləri var, özü də yalnız Şuşada bitmir, Qubanın dağları da onun məskənidir. Xarı bülbülə orxideya da deyirlər. Hansı ölkədə bitirsə, o ölkədə çiçəyin adı ilə bağlı əfsanələr ayaq açıb yeriyir. Hətta monqol-tatarlar hərbi yürüşlərdə arxadan azuqə gəlməyəndə gündəlik 20 qram üyüdülmüş səhləb ununun hesabına bir gün döyüş qabiliyyətini saxlaya biliblər.

İnternet zəmanəsidir, hamı oxuyur. İndi canının qədrini bilənlərin də, meşə meyvələrinin nə olduğunu anlayanların da sayı artıb. Ölkənin şimalında bazarlara gələn şəhərlilər yemişanı, çaytikanını, səhləbi əlim yandıda axtarırlar. Vaxt vardı ki, yemişanı heç 50 qəpiyə da alan olmurdu. Amma indi bazara çıxarsan və ola bilər manat yarıma da, hətta iki manata da tapa bilməzsən. Çaytikanının qiyməti isə ceyran belindədir. Hər ikisinin tərkibində 50-yə yaxın mikroelement var. Bədənin immun qabiliyyətini gücləndirir, vitamin təchizatını qaydaya salır. Süfrəyə qoyulan çayı insana bayram ovqatı bəxş edir.

Amma iş burasındadır ki, bazarda tələbat artdıqca meşəyə cumanların sayı çoxalır. Əvvəl bir qədər mərhəmətli idilər, budaq qırmağa kiminsə əli gəlməzdi. İndi nədənsə zəmanə dəyişib, insanlar daha sərt olub. Gedirlər meşəyə, çaytikanının budağını kəsib qoyurlar qabaqlarına, sonra da qayçı ilə xırda salxımları kəsib yığırlar. Yemişanı dərmək bir qədər çətindir. Çünki ağacın hündürlüyü 6-7 metrdən yuxarı olur və ona nərdivanla çıxmaq çətindir. Bir də kimdir meşəyə dalınca nərdivan sürüyən. Çəmini tapıblar - ya iri budaqları aşağıdan baltalayıb atırlar, ya da kökündən ağacı vururlar. O baxır kimin insafı hara qədərdir.

Payızda meşəyə cır alma, armud dalınca gedənlər də az deyil. Bağçılıq sürətlə inkişaf edir, artıq fermerlər yaxşı bilirlər ki, kənardan ölkəyə gətirilən qələmlərdən fatıya tuman olmayacaq. Gətirilən qələmlərdən meşə cırlarına vurulan peyvəndlər daha dözümlü, uzunömürlü, həm də məhsuldar olur. Ona gərə də meşədən cır alma, armud gətirənlər kifayət qədərdir. Ümumiyyətlə, meşələrdən indi ağlasığmaz məqsədlər üçün istifadə edilir. Kövşənlərdən ot çalınır, pətəklər və arıxanalar yerləşdirilir, yabanı meyvələr, göbələk, eləcə də palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, qarğı, qamış yığılır.

Amma göründüyü kimi, bütün bu sərvətləri qorumaq üçün cərimələr, sərt qaydalar təsir etmir. Həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər yemişan və çaytikanı kolluğuna meşəbəyi təyin etmək gücündə deyil. Odur ki, başqa tədbirlər görmək, xüsusən maarifləndirmə işini gücləndirmək lazımdır. Bunun üçünsə KİV-in imkanları səfərbər edilməli, orta məktəblərdə ekoloji təbliğata diqqət artırılmalıdır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video