14 Sentyabr 2019 21:56
4378
Birinci vitse-prezident
A- A+

Dövlətin öz vətəndaşına göstərdiyi qayğının daha bir təzahürü - VİDEO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

Bu ilin fevralında baş verən zəlzələ İsmayıllı rayonuna da ziyan vurub. Dövlətimizin başçısı bu rayonda da zəlzələnin ziyan vurduğu evlərin bərpası ilə bağlı tapşırıqlarını vermişdi.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəldi, burada yaradılan şəraitlə tanış oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sizi yeni evinizdə xoş gördük.

Sədiqə Orucova: Xoş gəlmisiniz. Çox sağ olun.

Mehriban Əliyeva: Zəlzələ evinizi tam yararsız vəziyyətə salmışdı?

Sədiqə Orucova: Bəli. Çox sağ olun. Nə yaxşı ki, Siz gəldiniz. Minnətdarıq.

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin salamlarını çatdıraraq, gələcəkdə yeni evdə ancaq xoş hadisələrin qeyd olunmasını arzuladı.

Mehriban Əliyeva dedi:

-Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Yəni, bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə görülən işlərdən danışarkən, regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini vurğuladı, bu gün bütün rayonlarımızın abadlaşdığını, yeni infrastrukturla təmin edildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd etdi.

Mehriban Əliyeva: 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Biz keçmişə nəzər salsaq görərik ki, bütün ölkə üzrə, bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Yəni, bu, bütün istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır. Bu, öz növbəsində, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılan addımlar və proqramlar davam edəcək. Əlbəttə, bu işlər Azərbaycanın gələcək inkişafına, Azərbaycan xalqının yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.

Zəlzələdən əvvəl evin sahəsi 70 kvadratmetr idisə, yeni ev 100 kvadratmetrdir. 11 sot həyətyanı sahəsi olan evin otaqları tam təmir edilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video