14 Sentyabr 2019 00:50
462
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank uçot dərəcəsini endirib


Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,25 faizdən 8 faizə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyən olunub.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, faktiki inflyasiya hədəf diapazonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə bu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2 faiz) daxilində qalacaq.

Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən ortamüddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək.

Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcək.


İnflyasiyanın dinamikası


İdarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalıb, rəsmi statistikaya görə avqustda illik inflyasiya 2,4 faiz təşkil edib. İnflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4,7 faiz) ümumi inflyasiya səviyyəsini üstələyir, qeyri-ərzaq (1,2 faiz) və xidmətlər isə (0,1 faiz) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürücülüyü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə həm ümumi inflyasiya, həm də onun komponentləri hədəf diapazonu daxilində formalaşır.

Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik və mövsümi faktorlar inflyasiya proseslərinə stabilləşdirici təsir edir.

Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət gözləntilərində ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunub.

Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində bu ilin sonuna inflyasiyanın hədəf intervalında (4±2 faiz) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaq.


Monetar şərait


Monetar şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən manatla pul bazası 6,6 faiz artıb. Vahid xəzinə hesabı qalığının və Mərkəzi Bankın sterilizasiya portfelinin dəyişimi pul bazasının trayektoriyasını müəyyənləşdirən başlıca amillərdir.

Monetar şəraitin yumşaldılması pul bazarında formalaşan kredit və depozit faizlərinə azaldıcı təsir göstərməkdədir. Dövlətin qiymətli kağızlar bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel şəkildə dəyişir.


İqtisadi aktivlik


Bu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2,5 faiz artıb. Qeyri-neft sektorunda artım 3 faiz olub və əsasən ticari sektordan qaynaqlanıb. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artıb, ticarətdə azalıb, xidmət və tikinti sektorlarında isə dəyişməz qalıb.

İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.

Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dolları) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə 8 ayda ixrac 5,1 faiz, o cümlədən qeyri-neft ixracı 15,4 faiz artıb, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11,7 faiz təşkil edib.

Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.

Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10,5 faiz və ya 4,7 milyard dollar artaraq 49,4 milyard dollara çatıb.

Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5,1 faiz, o cümlədən ət məhsulları üzrə 10,7 faiz, süd məhsulları üzrə isə 14,4 faiz yüksəlib (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).

Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.


İnflyasiya riskləri


Qısamüddətli proqnoz horizontunda inflyasiyaya təsir göstərəcək başlıca amil məcmu tələbin əsas komponenti olan istehlakın genişlənməsidir. Fiskal stimulların artdığı və istehlak kreditləşməsində aktivləşmə şəraitində istehlakın və idxalın daha əhəmiyyətli genişlənməsi mümkündür. Fiskal genişlənməyə paralel olaraq pul kütləsinin artımı inflyasiya mühitinə təsir göstərən amillərdəndir.

Ortamüddətli dövrə risk amilləri əsasən xarici sektordan gələ bilər. Qlobal ticarət və valyuta sferasında olan gərginliklərin davam etməsi qlobal iqtisadi aktivliyin zəifləməsi risklərini yüksəldir. Bu şəraitdə son aylar neftin dünya qiyməti üzrə dəyişkənlik diapazonu genişlənib.

Bu qərar sentyabrın 13-də qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarına dair məlumat oktyabrın 25-də ictimaiyyətə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video