12 Sentyabr 2019 00:43
1055
Təhsil
A- A+

Xocalılılar təhsildə yüksək nəticələr əldə edirlər


Ötən illər ərzində doğma ocaqlarında doğulmayan, ata-baba yurdu yağmalanan xocalılılar artıq ömürlərinin gənclik dövründədirlər: 27 yaşları var. Onlar yaşadıqları illəri Xocalısız keçirsələr də, ulu yurd yerlərinin coğrafiyasını, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənmək üçün daha dərin biliklərə yiyələnməyə çalışırlar. Ötən illər ərzində məktəbyaşlı xocalılıların ictimaiyyətdə, elm və təhsildə qazandığı nailiyyətlər isə az olmayıb.

Xocalının Kosalar kəndində dünyaya göz açmış Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin sədri Nəsimi Məmmədov canları-qanları ilə o yerlərə bağlı xocalılı şagirdlərin valideynlərinin üzləşdiyi fəlakətin, talelərində buraxdığı izin heç zaman unudulmayacağını dilə gətirərək dedi ki, dövlət başçısının məcburi köçkün soydaşlarımızın, o cümlədən məktəblilərin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi humanist siyasətinin nəticəsidir ki, bu gün nəinki respublikamızın, Avropanın, yaxın-uzaq dost və qonşu dövlətlərin də nüfuzlu ali təhsil ocaqlarından onların sorağı gəlir: "...Erməni vandalları Xocalı şagirdlərinin doğma məktəblərini, sinif otaqlarını əllərindən alıb darmadağın etdilər. Məktəbsiz, müəllimsiz qalan uşaqlar respublikanın 40-dan artıq yaşayış məntəqəsində məskunlaşdılar. Xocalı məktəblilərinin ixtiyarında 12 tam orta, bir Uşaq Gənclər İnkişaf Mərkəzi var. Bu təhsil ocaqları Xocalı əhalisinin daha çox məskunlaşdığı 5 bölgədə (Bakı, Gəncə, Şəki, Oğuz, Goranboy) fəaliyyət göstərirlər. Onlardan 9-u "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramına uyğun olaraq yeni inşa olunmuş müasir tipli, Xocalı şəhər 2 nömrəli, Kərkicahan qəsəbə və Qaragav kənd tam orta məktəbləri isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir”.

Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev son illərin uğurları, problem və qayğıları ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, 2019-cu ildə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun IX və XI siniflər üzrə buraxılış imtahanı, ali məktəblərə isə qəbul imtahanı keçirilib. IX siniflər üzrə iki mərhələdə keçirilən buraxılış imtahanında yeni model tətbiq olunub və nəticələr yüksək balla qiymətləndirilib...”

Hələ ötən tədris ilində ali məktəblərə qəbul olunanlardan 5 nəfəri 500-dən (Xocalı şəhər 2, 3 və 5 nömrəli, Kərkicahan, Kosalar kənd tam orta məktəblərinin hər birindən bir nəfər), 3-ü isə 600-dən yuxarı balla seçdikləri ixtisasa qəbul olmuşdu.

Xocalı məktəbləri tədris üçün lazım olan avadanlıq, Təhsil Nazirliyindən alınan 46 adda 4800 ədəd olmaqla, pulsuz dərsliklərlə tam təmin olunub. Rayonun təhsil müəssisələrindəki 135 ədəd kompüter dəsti də onların ixtiyarındadır.

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Xocalı məktəbliləri ötən il iki dəfə "Ölkəmizi tanıyaq” devizi altında keçirilən gəzintidə iştirak edib. Bu, təbii ki, onların respublikamızın müxtəlif bölgələrinin tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılması baxımından mühüm vasitədir.

Xocalı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyyə Qarayeva deyir: "Son illər Xocalının təhsil müəssisələrində göstəricilər ürəkaçandır. Ötən il 125 məzundan 54-ü ali, 25 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüblər. Ötənilkindən fərqli olaraq, bu il ali məktəb auditoriyalarının qapılarını açan məzunlarımızdan 18 nəfəri 400-500 arası, 7-si 500-600, 2-si isə 600 baldan yuxarı göstərici ilə tələbə adı qazanıb digərlərindən fərqləniblər. Onu da qeyd edək ki, doqquzuncu sinif üzrə bitirən məzunlardan bir nəfəri C.Naxçıvanski adına hərbi liseyə, 6-sı isə müxtəlif orta-ixtisas məktəblərinə qəbul olub”.

Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Füqurə Rüstəmova konkret olaraq bu il 500 baldan yuxarı göstəricilərlə respublikanın müxtəlif və nüfuzlu ali məktəblərinə qəbul olan məzunlarının adlarını fərəhlə çəkdi: "Vəfa Xurşudova, İlkin Mehbalıyev, Vaqif Ağayev, Yusif Zeynalov, Piyalə Quliyeva, Şahin Məmmədov, Əşrəf Əsgərov, Vüsal Həsənəliyev, Ləman Həsənova kimi məzunlarımızla fəxr edə bilərik. Adlarını çəkdiyim şagirdlərimiz bu il Xocalı məktəblərinin məzunları arasında 500 və 600 baldan yuxarı göstəricilərlə tələbə adına layiq görülüblər. Həmçinin onlardan biri C. Naxçıvanski adına ali hərbi liseyə qəbul olub”.

Daim tələbə, abituriyent, məktəblilərlə həmsöhbət olan, onların qayğı və problemləri ilə bağlı düşüncələrini bölüşən həmsöhbətimiz Xocalının dəhşətli günlərinə bir daha boylandı, lakin çox şey deyə bilmədi. Bu dəfə onu xatırlatdı ki, Xocalıda doğulmayan məktəblilərimiz o yerlərin həsrətini çəkməklə yanaşı, müstəqil dövlətimizin işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda aparılan siyasi, ideoloji təbliğatda yaxından iştirak edirlər. Onlar ildən-ilə elm və təhsildə uğurlar əldə etməkləri ilə də fəallıq göstərirlər. Bununla yanaşı, Xocalı faciəsi ötən müddət ərzində təkcə siyasətçilərin deyil, yaradıcı insanların da əsas mövzularından birinə çevrilib. Bu faciə barədə bədii əsərlər yaranıb. Zaman keçdikcə faciənin ağrı-acıları daha yanıqlı və ağrıdıcı olur: "Bu mövzu yalnız şair və yazıçılarımızın, jurnalistlərimizin deyil, eyni zamanda təhsil sahəsində çalışanların da yaradıcılığında əks olunmaqdadır. Şagirdlərimiz həmin əsərlər vasitəsilə Xocalı müsibəti və soyqırımını, eləcə də digər faciələrimizi yaddaşlara yazırlar.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video