11 Sentyabr 2019 16:59
1163
PARLAMENT
A- A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib


Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara işlərində uğurlar diləyib.

Komitə sədri bildirib ki, iclasın gündəliyindəki "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunur.

Məlumat verilib ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri "hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin. Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və "Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub. Həmçinin "hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək "Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Diqqətə çatdırılıb ki, layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub. Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Sonra Ziyafət Əsgərov bildirib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa tövsiyə olunub və qəbul edilib. Payız sessiyasında "Daxili qoşunlar haqqında”, "Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

İclasda çıxış edən komitə üzvləri Elman Məmmədov, Aqil Abbas, Hikmət Məmmədov, Fərəc Quliyev qanunlara edilən dəyişiklikləri məqbul hesab ediblər. Deputatlar dövlət tərəfindən hərbi sahəyə, hərbi qulluqçulara göstərilən diqqət və qayğını təqdir ediblər. Ordumuzun döyüş ruhunun yüksək olduğunu söyləyiblər.

Müzakirələrdən sonra "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video