11 Sentyabr 2019 00:49
1064
Təhsil
A- A+

Prezident təqaüdçüsü olduğum üçün çox qürurluyam


Builki ali məktəblərə qəbul imtahanlarında 692.5 balla III qrup üzrə respublika birincisi Sərxan Həsənov ADA Universitetinin hüquqşünaslıq ixtisasını seçib. Seçiminin səbəbini isə belə izah edir: "Aşağı siniflərdən etibarən bütün dərslərimi yaxşı oxuyurdum, amma ixtisas seçimimi hüquq sahəsi üzrə etdim. Çünki hüquqşünaslıq həmişə məni çəkib, uşaq yaşlarımdan bunu arzulamışam. Ona görə də hər zaman bu sahə ilə maraqlanır, araşdırır, məlumat toplayıram. Məqsədim odur ki, seçdiyim ixtisas üzrə püxtələşərək peşəkar hüquqşünas, alim olum”.

Sərxan Sumqayıt şəhəri Həzi Aslanov adına 2 nömrəli tam orta məktəbi bitirib. III sinfə qədər Tovuz rayonunun Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbində təhsil alıb. Şəhər mühitində daha əhatəli təhsil almaq imkanlarının olduğunu düşünərək, valideynlərinin də məsləhəti ilə Sumqayıta gəlib və qohumugildə qalaraq təhsilini davam etdirib: "Oxumağa marağım hələ məktəbə getməzdən əvvəl qardaşımdan yaranmışdır. Onunla birlikdə ədəbiyyatdan qəzəllər oxuyur, əzbərləyirdim. İbtidai sinifdə digər uşaqlar kimi hərfləri öyrənmirdim, üzündən sərbəst oxuyurdum. Düşünürəm ki, oxumağı sevməyim və üzərimdə davamlı çalışmağım bugünkü nailiyyətimin zəmini oldu”.


Həyatı daha dərindən qavramaq üçün bədii əsərlər oxuyuram


Məktəbi qızıl medalla bitirən Sərxan oxuduğu müddətdə hər zaman olimpiadalarda fəal iştirak edib. Bu il də ümumrespublika üzrə Azərbaycan dilindən fənn olimpiadasında 2-ci yeri tutaraq gümüş medal qazanıb. Oxumaqla yanaşı intellektual yarışlarda da özünü sınağa çəkən Sərxan "Xəmsə”, "Əlaçı” kimi yarışlarda sertifikatlar alıb. "Ölkəmizi tanıyaq” layihəsində həyata keçirilən yarışda qalib olan Sumqayıt komandasının üzvü olub: "İstənilən yarışda qalibiyyət əldə etmək üçün hər hansı bir sahə üzrə çalışmaq, eyni zamanda müxtəlif mənbələrdən araşdırmalar aparmaq, maraqlanmaq, kitablardan öyrənmək lazımdır ki, vəziyyəti dəyərləndirə biləsən. Dərslərimlə paralel bədii kitablar da mütaliə edirdim. Həm yerli, həm də xarici əsərlərin dərsliklərdə verilən qısaldılmış variantını deyil, tam versiyalarını alıb oxumuşam. Bədii əsərləri həm də həyat təcrübəsi qazanmaq üçün oxuyuram. Bir növ əsərlərdə ədibin həmin qəhrəmanın timsalında həyatda mənə verə biləcəyi örnəyi özümə götürürəm ki, bu da gələcək addımlarımı atmaqda kömək edir. Bəzən gənclərimiz xarici ədəbiyyata daha çox meyil göstərirlər. Amma dərindən oxuduqca öz ədiblərimizin, məsələn, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin publisistik, ya da bədii əsərlərini oxuyanda da dərin ictimai fikirlər almaq mümkündür”.

300 bal buraxılış imtahanından, 392.5 bal isə qəbul imtahanından toplayan Sərxan qeyd edir ki, imtahanların yeni sistemlə keçirilməsi abituriyentlərdə müəyyən həyəcana səbəb oldu ki, bu da nəticələrə təsir göstərdi. Bunlardan biri də heç kəsin 700 bal toplamamasıdır: "Əksər uşaqlar düşünürdü ki, bu il kurikulum sistemi olduğu üçün imtahanda suallar çətin olacaq. Amma sualların səviyyəsini götürsək belə deyildi. Hətta onların 90-95 faizi ənənəvi test sistemi necə idisə, ona uyğunlaşdırılmışdı. Həm də abituriyent açıq tipli sualları yaza bilməsə belə, qapalı sualları yazmaqla ən azı 500-ə yaxın bal toplaya bilərdi. Sadəcə ötən illərə nəzərən nəticələrin nisbətən aşağı olması abituriyentlərdə yaranan həyəcanla bağlı oldu. Onlar özlərini çox qorxutdular. Belə ki, inamsızlıq oldu. Hər kəs düşündü ki, çətindir, yaza bilməyəcək və aşağı bal toplayacaq. Halbuki açıq sualları bir az çətin gözləyirdik, amma, əksinə, daha asan idi”.


Hədəf olmayanda uğur qazanmaq çətindir


Sərxan Həsənov məlumat verir ki, imtahanda kiçik bir diqqətsizliyi ona 700 bal toplamağa mane olub: "3 saatlıq imtahanın bir saat yarımı ərzində demək olar ki, bütün sualları cavablandırıb karta köçürmüşdüm. Yalnız Azərbaycan dilindən bir sualın şərtinə diqqətlə fikir vermədiyim üçün səhv cavablandırmışdım. Elə imtahan binasından çıxan kimi sual kitabçasına baxanda səhvimi başa düşdüm, amma onu düzəltmək gec idi. Buna baxmayaraq təəssüflənməyə dəyməz, çünki topladığım balın mənə yaratdığı üstünlüklər eynilə qalır. Prezident təqaüdçüsü olduğum üçün çox qürurluyam. Seçimimi etdiyim ADA Universiteti ödənişli əsaslarla da olsa, bu il 690 baldan yuxarı toplayanlar 5 il ərzində təhsil haqqından azad olacaqlar. Yalnız davamlı olaraq semestrlərdə yaxşı nəticə göstərilməlidir. Bu da topladığım balın daha bir üstünlüyüdür ki, ödənişdən azad olaraq istədiyim universitetdə təhsil alacam”.

"Hədəf olmayanda uğur qazanmaq da çətindir” söyləyən gənc tələbənin fikrincə, qarşısına konkret bir məqsəd qoyanda onu əldə etmək üçün çalışırsan və nəticə də uğurlu olur: "İlk növbədə qarşıma qoyduğum hədəf 5 illik bakalavr təhsilini mükəmməl şəkildə almaqdır. Həmçinin universitetdə oxuyarkən, sonrakı kurslarda təhsili xaricdə davam etdirib Azərbaycana qayıtmaq təklifi də var. Bununla bağlı xarici proqramlara qoşulub təhsilimi bir müddət Avropada davam etdirmək istəyirəm. Düşünürəm ki, nə qədər çox yeni mühitə düşsən daha da püxtələşirsən, təcrübə qazanırsan, yeni insanlar tanıyırsan, ünsiyyət qurub, daha da formalaşırsan. Bakalavrı bitirdikdən sonra magistraturanı da xaricdə oxumaq istəyirəm, Avropa yaxud Amerika ölkələrinin birində”.

Sərxan Həsənov onu da vurğulayır ki, dolğun təhsil aldıqdan sonra, ixtisaslı kadr kimi ölkəmizə qayıdıb faydalı işlər görmək arzusundadır.

Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video