21 Avqust 2019 00:47
1347
SİYASƏT
A- A+

Mərhəmət ünvanı


1 saylı körpələr evinin sakinləri itirdikləri analarını Mehriban xanımın timsalında tapıblar


... O məşum gündən 2 həftə keçmişdi. Bu 14 gün ərzində nələr çəkdiyini bir özü bilirdi, bir də Allahı. Necə yaşamışdı, necə nəfəs almışdı, havadaydımı, göydəydimi - bilmirdi. Yuxusu da ərşə çəkilmişdi, yayın istisində yatağına qar dolmuşdu elə bil. Nə illah edirdisə, bircə saat gözünün acısını ala bilmirdi. Birtəhər yuxuya gedəndə isə gördüyü kabusdan hövlnak ayılırdı. Hər dəfə eyni yuxunu görürdü: iki balaca, ağ, toppuş əl gah paltarının yaxasından, balağından tutur, gah da ayaqlarına sarılıb onu getməyə qoymurdu... Körpənin fasiləsiz çığırtısı isə göyün yeddinci qatına çatırdı... Bu, onun günlər öncə dünyaya gətirdiyi, lakin imtina edərək körpələr evinə qoyduğu körpəsi idi. Anasına tutunub, onu atmaması üçün fəryad qoparırdı...

Daha dözə bilmədi. Çəkdiyi peşmançılıqdan, vicdan əzabından az qalırdı havalana. Nəhayət, özünü toparlayıb qəti qərarını verdi. Valideynlərinin, el-obanın, ətrafdakıların töhmətinə, qınağına rəğmən balasını körpələr evindən götürüb özü saxlayacaqdı. Onunla bərabər özü də böyüyəcəkdi...

Telefonu götürüb akt yazan polisə zəng vurdu:

- ... Peşmanam... Balamı mənə qaytarın...

... İki həftəlik ayrılıqdan sonra Bakıda kirayə qalan tələbə qız körpəsini köksünə sıxıb elə gəldiyi yolla da körpələr evindən uzaqlaşırdı...

Bu ağrılı hadisə təxminən bir ay bundan əvvəl 1 nömrəli körpələr evində baş verib. Körpələr evinin baş həkim əvəzi Simuzər Topçubaşova deyir ki, 35 ildir çalışdığı bu məkanda yüzlərlə buna bənzər hadisənin şahidi olub. İyulda isə gənc tələbə qız dünyaya gətirdiyi körpədən elə doğum evindəcə imtina etmək məcburiyyətində qalıb: "Qızın valideynləri rayonda yaşayır, özü isə burada kirayə qalır. Rəsmi nikahı olmadan uşaq dünyaya gətirib. Oğlan qızla evlənib uşağa atalıq etməkdən boyun qaçırıb. Qız da valideynlərinin qorxusundan heç nə deməyib. Qalıb çarəsiz. Doğum evindən çıxandan sonra neçə saat oturdu burada, ağladı. Polislə birlikdə nə qədər danışdıq, izah etdik, dedik, valideynlərinə xəbər ver. Nə isə, razılaşmadı və ərizə yazıb uşaqdan imtina etdi. 2 həftə sonra akt yazan polis mənə zəng elədi. Dedi, Simuzər xanım, o qız mənə zəng vurub ağlayır ki, uşağı geri götürmək istəyirəm. Dedim, gəlsin, ərizəsini yazsın. Yaxşı ki, uşağı övladlıq qeydiyyatına salmamışdıq. Gəldi, ərizəsini yazdı, uşağını da götürüb getdi. Çox sevindik buna. Səhvini başa düşdü hər halda. Təəssüf ki, həmişə belə olmur. Elə olur ki, körpələr evinə müvəqqəti verilmiş uşağın valideyni 3 il ərzində bir dəfə də olsun balasına baş çəkmir. Burada o qədər "analar” görmüşük ki... Adam baxanda məəttəl qalır ki, bunlar necə anadır?! Halbuki illərlə övlad həsrəti çəkən ailələr var”.


"Mehriban xanım bütün körpələrin mənəvi anasıdır”


Bakının Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evi 1930-cu ildə tikilmiş ikimərtəbəli binada fəaliyyət göstərib və uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. İlk dəfə 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən təmir edilən binada 2014-cü ilin oktyabrında yenidən fondun dəstəyi ilə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. 2015-ci il mayın 10-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak edib. Elə bu ilin fevral ayının 11-də Mehriban xanım yenidən körpələr evinə baş çəkərək buranın balaca sakinləri ilə görüşüb. Əlbəttə ki, körpələr evini növbəti dəfə ziyarət etməsi Mehriban xanım Əliyevanın kimsəsiz uşaqlara nə dərəcədə həssaslıqla yanaşdığını, onlarla mütəmadi olaraq maraqlandığını bir daha nümayiş etdirir.

Körpələr evinə gəlincə, əsaslı təmir nəticəsində bina tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb. Körpələr evi müasir çarpayılar, oyuncaqlar, bütün lazımi avadanlıqlarla təmin edilib. Bina kamera sistemi ilə təchiz olunub. Hər yaş qrupuna məxsus otağın qarşısındakı həyətdə oyun meydançası və yelləncəklər quraşdırılıb. Binada hovuz da var. Binadakı otaqlarla bir-bir tanış oluruq. Simuzər xanım məlumat verir ki, körpələr evində 5 qrup var. Hazırda onlardan üçü işlək vəziyyətdədir. Çünki uşaqların sayı çox deyil: "Əvvəllər uşaqların sayı çox idi. Sevindirici haldır ki, son illər körpələr evinə gətirilən uşaqların sayı azalıb. Hazırda 15 uşağımız var. Bu körpələr evi 3 yaşına kimi uşaqlara himayədarlıq edir. Uşaqların çoxu burada daimi qalmır. Çünki burada 3 cür uşaqlar var - müvəqqəti qoyulan, imtina edilən və atılmış uşaqlar. İmtina edilən və atılan körpələrə biz özümüz ad, soyad qoyuruq. Atılmışları isə 6 ay gözlədikdən sonra övladlıq qeydiyyatına salırıq ki, bəlkə bu müddət ərzində valideynləri, qohumları gəlib taparlar”.

Təəssüf ki, əksər vaxtlarda heç kim atılmış körpənin dalınca gəlmir. Körpənin fiziki qüsuruna, yaxud xəstəliyinə görə ondan imtina edən valideynlər də var. Daun sindromlu iki uşaq və fiziki qüsurlu bir oğlan məhz bu cür valideynlərin ucbatından körpələr evinin sakininə çevriliblər. Ata-anaları elə doğum evindəcə onlardan imtina ediblər: "İndi bizim bir fiziki qüsurlu uşağımız var. Ayaq əzələləri inkişaf etməyib. Heydər Əliyev Fondu o balanın bütün müalicəsini öz üzərinə götürüb. Bir az böyüyəndən sonra ona protez qoyulacaq. Ondan sonra yeriyə biləcək. Ümumiyyətlə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva tez-tez bizə baş çəkirlər, uşaqların qayğıları, problemləri ilə maraqlanırlar. İkisi də çox mehriban, qayğıkeş, uşaqcanlıdır. Müalicəyə ehtiyacı olan uşaqlara kömək edirlər. Bir uşağımızın başına doğuş zamanı su yığılmışdı. Fondun dəstəyi ilə əməliyyat olundu, artıq heç bir problemi yoxdur. Çox sağ olsunlar, körpələr üçün nə lazımdırsa, edirlər. Dəstəklərini, qayğı və sevgilərini əsirgəmirlər. Mehriban xanım bütün körpələrin mənəvi anasıdır”.

Bütün bunlar sübut edir ki, Heydər Əliyev Fondu gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.


Heç bir körpənin gözü yolda qalmasın


Simuzər Topçubaşova qeyd edir ki, hər qrupun öz həkimi var, uşaqları hər gün müayinə edir. Hətta körpələr evində fizioterapiya otağı da fəaliyyət göstərir. Lakin körpə nasazladısa, asqırıb öskürməyə başladısa, göstərişlə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına göndərilir. Uşaqlar müalicə olunub sağalandan sonra yenidən bura qayıdırlar.

Körpələr evindəki uşaqlar yaşlarına uyğun olaraq rejimlə qidalanıb yatırlar. Böyük uşaqların yeməyi elə evdəki yeməkxanada bişirilir. Əksər paltarları, yataq dəstləri ümumi camaşırxanaya göndərilir. Uşaqların saçlarını isə yaxınlıqda işləyən bərbər öz istəyi ilə təmənnasız şəkildə gəlib qırxır: "Öz evimizdə uşaqlarımızı necə böyüdürüksə, buradakı körpələri də elə böyüdüb qayğılarına qalırıq. İşçilər bütün günü ayaq üstədirlər, bir dəqiqə oturub dincəlmirlər. Uşaqların dalınca gəzirlər. Özü də burada hər adam işləyə bilməz. O qədər işçi gəlib, amma işləyə bilmədiyi üçün çıxıb gedib. Gərək uşaqlara qarşı içində böyük sevgi və səbir, hövsələ olsun ki, işləyə biləsən. Bu, çox çətin və məsuliyyətli, həm də sevgi dolu işdi. Məgər eyni vaxtda bir neçə körpəyə analıq etmək özü də xoşbəxtlik deyilmi?! Amma biz bu balaları nə qədər sevsək də, qayğı göstərsək də, əsl ata-ana məhəbbətini əvəz edə bilmərik. Hansı uşaq istəməz ailəsi olsun? Burada bir uşağın yanına valideyni gələndə bütün uşaqlar həmin adamın yanına qaçır... Hazırda bir qızımızın işi məhkəmədədi, onu övladlığa götürürlər. Ata-anası tez-tez gəlib-gedir yanına. Artıq qız onları valideyni kimi tanıyır, onları ata-ana bilir. Darıxır onlar üçün, hər gün yollarını gözləyir. Onlarla birlikdə evlərinə gedəcəyi günün həsrətindədir”.

Əslində, bütün uşaqlar eynidi. Hamısı ana sığalı, ata qayğısı istəyir. Hamısı isti yuva arzulayır. Bəzilərinin şansı gətirir, o yuvaya sahib olur. Bəzilərinin isə gözü ömür boyu yollarda qalır. Uşaq valideyndən yalnız və yalnız sevgi istəyir, başqa heç nə. Balalarınızı o sevgidən məhrum etməyin ki, heç bir körpənin gözü yolda qalmasın. Heç bir körpə ata-anasız böyüməsin.

Xəyalə MURADLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video