Alternative content

19:22 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ipəyi qədim şöhrətini özünə qaytarır
Azərbaycan ipəyi qədim şöhrətini özünə qaytarır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 20.08.2019


Azərbaycanda minillik qədim tarixə və ənənələrə malik olan ipəkçilik Prezident İlham Əliyevin aqrar sektorun ənənəvi sahələrinin inkişafı istiqamətində reallaşdırdığı islahatların sayəsində yenidən intibah dövrünə qədəm qoya bildi.

İndi Azərbaycan ipəyi qədim şöhrətini özünə qaytarmaq, yenidən məşhurlaşaraq dünyaya səs salmaq üçün böyük imkanlara malikdir. 2015-ci ildə cəmi 236 kiloqram yaş barama tədarük edən kümçülər dörd il ərzində bu nadir məhsulun istehsalını cari ilin 6 ayının məlumatına görə 636,6 tona çatdırmaqla 21 ilin ən yüksək göstəricisini əldə etdilər. Beləliklə, 2015-ci illə müqayisədə kümçülər bu il 2697 dəfə artıq məhsul istehsal etdilər. Bu o deməkdir ki, ipəkçilikdə intibah baş verdi və bu da yüngül sənaeyinin inkişafına təkan verə biləcək ən güclü faktordur.

Kümçülərin arxasınca meydana ipəkçilər gəlir. Onların qarşısında Azərbaycan ipəyinin keçmiş şöhrətini geri qaytarmaq, müasir dünyanın ən qabaqcıl toxuculuq fabrilklərinin təcrübəsinə söykənərək yeni ipək brendini cilalamaq kimi müqəddəs vəzifə dayanır. Rəssamların, modelyerlərin, dizaynerlərin yeni nəslinin yetişdirilməsi üçün sinergetik yanaşmanın tətbiqi vacibdir.

Burada söhbət ipəkçiliyin inkişafına təkan verə bilən bütün elmlərin birləşərək yeni ideyaları ortaya qoymasından söhbət gedir. Müasir dünya nə qədər açıq olsa da, gizli rəqabət, böyük bazarlara nəzarət müəyyən çətinliklər yaradır. Lakin güclülər, məqsədə sarı can atanlar üçün maneələrin dəf edilməsi heç nədir.

Dünyada ipək istehsalı müəyyən problemlərin olmasına baxmayaraq, ən gəlirli sahələrdən biri kimi qalmaqdadır. İpək nə qədər bahalı olsa da, kifayət qədər alıcıları və pərəstişkarları olan məhsuldur. Bu gün ən böyük ipək istehsalçıları Çin və Hindistan sayılır. İllik istehsal gücləri müvafiq olaraq 146 min ton və 28,7 min tondur. Onların arxasınca Özbəkistan, Braziliya və Yaponiya gəlir. Barama və xam ipək istehsalı ilə həmçinin Cənubi Koreya, Tailand, Vyetnam, Şimali Koreya, İran, Türkiyə də məşğuldur.

Artıq Azərbaycanın da güclü istehsalçılardan birinə çevrilməsi üçün ən ciddi addımlar atılır. Dünyanın ən böyük ipək istehlakçıları kimi ABŞ, İtaliya, Yaponiya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreyanın adı çəkilir. İpək istehsalı dünya tekstil bazarının cəmi 0,2 faizini təşkil etsə də, ipəkçilik ən gəlirli sahələrdən biri kimi dünyanın 60-dan çox ölkəsində yayılmışdır. İllik istehsal olunan ipək parçalar isə milyard kvadratmetrlərlə ölçülür. Dünyanın ən məşhur tekstil fabrikləri yüzlərlə adda ipək parçalar istehsal edir. Zahirən mürəkkəb olan belə bazarda yer tutmaq çətin görünə bilər. Amma o da aydındır ki, ümumiyyətlə, asan başa gələn heç nə yoxdur.

Amma Azərbaycanın ipəklə bağlı maraqlı tarixçəsi var. Onu nəzərdən keçirəndə həm müasir tekstil bazarında yerimiz, həm də bu qədim sənətin bərpa yolları aydın görünür. Ölkəmizin ərazisində baramaçılığın tarixinə dair ilk faktlar V əsrə aiddir, XII əsrdən isə Azərbaycan ipəyi böyük İpək yolu ilə Avropa və Asiya ölkələrinə ayaq açır. Artıq XVI-XVII əsrlərdə Şirvan ipək istehsalına görə Yaxın Şərqdə üstünlük qazanır, XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş alman səyyahı və alimi Adam Oleari burada hər il 10-20 min tay xammalın toplandığını yazırdı. Beləliklə, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu.

XIX əsrin əvvəllərində Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra sosial-iqtisadi vəziyyət dəyişir və tədricən 50 ilin ərzində ipəkçilikdə tənəzzül baş verir. Buna əsas səbəb Rusiyada kapitalizmin və o cümlədən tekstil sənayesinin inkişafı ilə bağlı ucuz parçaların bahalı ipəyi tədricən sıxışdırması olur. Amma buna baxmayaraq, bir sıra şərbaflıq mərkəzlərində ipək karxanaları ənənə gücü hesabına fəaliyyətlərini bir müddət davam etdirirdilər.

Tənəzzül baş verənədək XIX əsrdə Şamaxı şəhəri və onun ətraf kəndləri (Basqal, Mücü və b.) yenə də karxana toxuculuğunun, xüsusilə ipək parça istehsalının başlıca mərkəzi olaraq qalırdı. Belə bir faktı xatırlatmaq kifayətdir ki, 1843-cü ildə təkcə Şamaxı şəhərində 220 şərbaf karxanası işləyirdi. Amma ondan bir qədər əvvəl XIX əsrin 30-cu illərində Köhnə Şamaxıda ipək parça toxuyan 650 dəzgah, Şirvanın başlıca şərbaf kəndləri sayılan Əlvənd, Zərdab, Ağsu və Basqalda 50 ipəktoxuma dəzgahı fəaliyyətdə idi. Bu dəzgahlarda ənənəvi ipək parça növləri olan darayı, tafta, mov, ipək örtük, örpək, kəlağayı, zolaqlı çadra, cecim və digər ipək parçalar toxunurdu.

Şamaxı karxanalarının ipək malları keçmişdə o qədər böyük şan-şöhrət qazanmışdı ki, hətta İran parçaları arasında onlar ən yüksək keyfiyyətli ipək məmulatı hesab olunurdu.

Bu gün İtaliyada toxunan 1,5 kvadratmetrlik ipək parçanın çəkisi 30 qramdırsa, Şamaxıda 30 misqallıq xam ipəkdən hər birinin uzunluğu 7 arşın olan 11 ədəd darayı toxunurdu. 38 misqal xam ipəkdən hər bir tikəsinin uzunu 7 arşın olan 26 ədəd böyük ölçülü mov, 30 misqal ipəkdən yenə 30 ədəd orta ölçülü mov toxumaq olurdu. Bu o deməkdir ki, biz hələ iki yüz il əvvəl italyanlardan daha zərif parçalar toxuya bilirdik. Mənbələrdə göstərilir ki, 54 misqal xalis ipək telindən hər birinin uzunu 2,25 arşın, eni 1,75 arşın olan 34 ədəd kəlağayı hasilə gəlirdi. İnanmaq çətindir ki, 34 kəlağayının çəkisi cəmi 54 qram idi. Hər halda bu, italyanların işi deyil.

Şamaxı karxanalarında toxunan ipək parçalar, xüsusilə darayı və tafta yerli bazarlarda satılmaqdan başqa, Moskva, Həştərxan, Tiflis, Bakı, Quba, Dərbənd, Şəki, Şuşa şəhərlərinə göndərilir, kəlağayı və çarşab isə bütün bunlardan əlavə, həm də Türkiyə və İrana ixrac olunurdu.

İpək parça istehsalı Azərbaycanın digər şəhərlərində də davam etdirilirdi. XIX əsrin 30-cu illərində təkcə Şuşa şəhərində 132 toxucu dəzgahı olan 42 şərbaf karxanası fəaliyyət göstərirdi. 1829-cu ildə həmin karxanalarda 7200 ədəd müxtəlif növ ipək parça, 740 ədəd kəlağayı, 6100 ədəd kəmsənfə toxunmuşdur.

Azərbaycanın ənənəvi ipək parça toxuculuğunda kəskin tənəzzül XIX əsrin 90-cı illərinin ortalarında başlamışdır. Bakı qubernatorunun 1882-ci ilə dair hesabatında bildirilirdi ki, əvvəllər külli miqdarda istehsal olunan ipək parçalar demək olar ki, daha hazırlanmır və xaricə ixrac olunmur, yaxud çox məhdud miqdarda göndərilir. S.İ.Qulişambarov Azərbaycanın ənənəvi ipək parça istehsalının bu dövrkü tənəzzülünün əsas səbəbini Moskvanın fabrik mallarının, xüsusilə də Asiya məzmunlu nəqşlərə malik ucuz parçalarının burada peyda olmasında görürdü. Moskvada ipək parçaların idxalı nəticəsində yerli parçalar o dərəcədə qiymətdən düşdü ki, bu karxanaların nə üçün hələ də işləməsi təəccüb doğurur. Bir zamanlar Azərbaycana şan-şöhrət qazandıran ənənəvi ipək parçanın acınacaqlı taleyindən H.B.Zərdabi ürək ağrısı ilə yazırdı ki, Şirvan xanlarının keçmiş paytaxtı Şamaxı şəhəri həmişə ipək toxuculuğunun mərkəzi olmuşdur. Şamaxılılar, sözün əsl mənasında, elə beləcə, kəndlərdə olduğu kimi ipək toxumaqla məşğul olan adi kustarlar deyildilər, onlar yalnız bu sənətlə yaşayan peşəkar toxuculardır. Ona görə də fabrikin yerli ipək toxuculuğuna mənfi təsiri kəndlərdə və Şamaxı şəhərində eyni deyildi. Kənd kustarları ipək toxuma fəaliyyətlərini tərk edib, kənd təsərrüfatı ilə məşğul olmağa başladıqları halda, şamaxılılar ucuz fabrik məhsulları tərəfindən sıxışdırılan mov və qanovuz istehsalını dayandırmış, bunun əvəzində yorğanüzü, örpək, şərf və digər məmulatlar istehsal etməyə başlamışlar. Bir sözlə, şamaxılılar fabrikə qarşı müharibə elan etmişlər, bu, onlar üçün həyati məsələ olduğundan həmin mübarizəni aparmağa məcbur olmuşlar.

Azərbaycanda ipəkçiliyin inkişafı sovet hakimiyyəti illərində gücləndi. Artıq ötən əsrin 70-ci illərində respublikamızda ildə 5-6 min ton yaş barama və 350-400 ton xam ipək istehsal edilir, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. Kümçülərin sayı 150 mini, ipək sənayesində çalışanların sayı 14 mini ötürdü. "Şəki-İpək” kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Azərbaycan barama istehsalına görə keçmiş SSRİ-də Özbəkistandan sonra ikinci yerdə olsa da, ipəyin keyfiyyətində birinci idi. Şəki keçmiş ittifaqın 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Həmçinin Azərbaycanın ipək parçaları Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Ölkədə Elmi Tədqiqat İpəkçilik İnstitutu, Qax və Gəncə damazlıq ipəkçilik stansiyaları, 7 barama toxumu zavodu, 30-dək rayon barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki ipək kombinatları fəaliyyət göstərirdi. Amma 1992-ci ildən 2015-ci ilədək ölkədə barama istehsalı 5200 tondan cəmi 246 kiloqrama düşdü. Elə il də oldu ki, istehsal edilən baramanın çəkisi 100 kiloqrama da çatmadı.

Prezident İlham Əliyev tərəfindən 2016-cı ildən ipəkçiliyin müasir infrastrukturunun yaradılmasına qərar verildi. "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” və "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar imzalandı. Bir il sonra "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, çəkilliklərin salınması üçün maliyyə vəsaiti ayrıldı. Kümçülərə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat subsidiya verildi.

Nəticədə 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245 ton və ya 2016-cı ilə nisbətən 3,5 dəfə çox yaş barama məhsulu istehsal edildi. 2017-ci il noyabrın 27-də təsdiqlənən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutuldu. Bu sənəddə ipəkçiliyin inkişafı üçün peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması; baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi; kümçüləri sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılması, ipəkçilik məhsulları istehsalının genişləndirilməsi və barama istehsalı və emalı sahəsində innovativ layihələrin dəstəklənməsi nəzərdə tutulur. Barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi, məşhur ipək brendləri olan istehsalçılarla əməkdaşlıq və dövlətin maliyyə dəstəyi və Azərbaycan Prezidentinin islahatçı lider keyfiyyətləri ipəkçiliyin nikbin perspektivlərini əlçatan edir.

Bahadur İMANQULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM