Alternative content

19:20 21 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muğamın Xanı
Muğamın Xanı
ANA SƏHİFƏ / Mədəniyyət
00:54 20.08.2019


... Ağdamın Novruzlu kəndində, say-seçmə bəylərdən birinin evində böyük məclis qurulmuşdu. Gözəlliyi ilə göz oxşayan mülkə Qarabağın bəy-xanları, ziyalıları, şairləri, məşhur sənət adamları toplaşmışdı. Başdan-başa Qarabağın milli xörəkləri, ləzzətli təamları ilə bəzədilmiş süfrənin arxasında bəziləri şirin-şirin danışır, bəziləri nəyinsə mübahisəsini edirdi. Həmin məclisə Segah İslam gənc şəyirdi İsfəndiyarla birlikdə gəlmişdi. Məclisdə xanəndələrin ifasında muğam dəsgahları dinlənildikdən sonra Segah İslam pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofonu görüb, məclis sahibindən evdə hansı xanəndələrin vallarının olduğunu soruşur. Məclis əhli xanəndələrin dincəldiyi müddətdə sadalanan vallar içindən Əbülhəsən Xan İqbal Azər Soltanın "Kürdü Şahnaz”ına qulaq asmaq istəyir. Ev sahibi valı səsləndirir…

Şagirdinin vala çox həyəcanla qulaq asdığı və ara-sıra oxunanları sakitcə zümzümə etdiyi Segah İslamın gözündən qaçmır. İfa başa çatandan sonra ustad xanəndə məclisdəkilərə şəyirdini təqdim edir, onun da gözəl səsə və ifaçılıq qabiliyyətinə malik olduğunu söyləyərək üzünü gəncə tutur: "İsfəndiyar, sən də belə oxuya bilərsənmi?” İsfəndiyar "vala bir də qulaq assam, oxuyaram” deyə ürəkli cavab verir. Məclisdəkiləri maraq bürüyür və val bir də səsləndirildikdən sonra gənc xanəndə üzünü tarzənə tutaraq, "başla” işarəsi verir. Tarın, kamanın sədaları altında İsfəndiyar "Kürdü Şahnaz” muğamını ifa etməyə başlayır. Səsinin gücündən divarboyu rəflərə düzülmüş çini və şüşə qablar cingildəyir. İsfəndiyar ifasını başa vurub, qavalı dizinin üstünə qoyan kimi məclisi alqış sədaları bürüyür. Heyrətə gəlmiş qonaqların hərəsinin ağzından bir tərif eşidilir: "Maşallah, bu ki, əsl xanəndədir”, "Gördün, Əbülhəsən Xanın oxumasından heç seçilmədi”, "Yox əşşi, bu, Xandan da yaxşı oxudu”, "Bu uşağın böyük gələcəyi var”, "Əsl Xan elə budu”...

Bu tərifləri eşidən Segah İslam sərbəst məclis idarə edəcək qədər püxtələşmiş şagirdinin ilk müstəqil addımlar üçün ciddi uğur qazandığına ürəkdən sevinir. Məclisdəki qonaqlardan kimsə gəncin adını bir də soruşanda Segah İslam məclisdəkilərə üzünü tutub deyir: "Hörmətli ağalar, xanəndə və sazəndələr, Əbülhəsən xalq içindən çıxmış sadə bir rəiyyət nümayəndəsi olub. İran şahı onun sənətini yüksək qiymətləndirib, onu İran xanəndələrinin Xanı - Əbülhəsən Xan İqbal adlandırıb. Bu gənc oğlan Əbülhəsən Xanın ifasını olduğu kimi təkrarlaya bildiyi üçün qoy bu gündən o da olsun Azərbaycan xanəndələrinin Xanı, Xan Şuşinski”.

Beləliklə, 1918-ci ilin yazında 17 yaşlı İsfəndiyar Aslan oğlu Cavanşir dönür olur Xan Şuşinski. Və çox keçmir o nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da bu ada layiq olduğunu, sözün əsl mənasında, muğamın xanı olduğunu sübut edir...


Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi


İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşada Qarabağ xanlığının banisi Pənahəli xanın nəslindən olan Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlib. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi olub. Şuşa ətrafındakı Xoca, Ballıca və Korocaq kəndləri Aslan ağanın atası Mahmud bəyə məxsus idi. Aslan ağanın Şuşa qalasında, Bazarbaşı deyilən yerdə evi olmaqla yanaşı, Xan bağı yaxınlığındakı Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları vardı. Ermənilərin 1905-1907-ci illərdə, eləcə də 1918-ci ildə Qarabağda törətdikləri iğtişaşlar zamanı Aslan ağanın Şuşadakı evi və Ballıcadakı mülkü dəfələrlə yandırılmış, təsərrüfatı talan edilmişdi. Bu səbəbdən də sonradan müflisləşmiş Aslan ağa ailəsi ilə birlikdə Ağdama köçmək məcburiyyətində qalmışdı. Aslan ağanın ailəsində İsfəndiyardan sonra Əliyar və Zümrüd adlı övladları dünyaya gəlsə də, kiçik yaşlarında tələf olublar. Sonradan Allahyar adlı oğlu və Rüxsarə adlı qızı doğulub. İsfəndiyarın anası Bəyimxanım erkən rəhmətə getdiyindən uşaqlar xalalarının qayğısı ilə böyüyüblər.

Aslan ağa təsərrüfat işlərinə rəhbərliklə yanaşı, ov ovlamağı və hərdən peşəkar səviyyədə olmasa da, tarda çalıb zümzümə etməyi xoşlayardı. Musiqini çox sevdiyi üçün tez-tez evlərində ədəbi-musiqili məclislər təşkil edər, bu tədbirlərə Qarabağın say-seçmə ziyalıları, muğam, şeir aşiqləri, xanəndələr toplaşarmış. Qrammofon səslənər, şeir oxunar, xanəndələr muğam dəsgahı ifa edərmişlər. Balaca İsfəndiyarda musiqiyə böyük maraq elə o vaxtdan yaranır. Çox keçmədən onun bu marağı diqqət çəkir və atası ona tar alaraq məşğul olmasını tövsiyə edir. Bir müddət tar çalmağı öyrənən İsfəndiyar bu sənəti qardaşı Allahyara öyrədir. Allahyar sonradan Azərbaycanın məşhur tarzənlərindən biri kimi püxtələşərək, uzun illər qardaşı ilə çiyin-çiyinə musiqi mədəniyyətimizin inkişafına xidmət göstərir.

Muğam sədaları ilə böyüyən İsfəndiyarın ürəyində sənətə olan məhəbbət gündən-günə artmağa başlayır. Üstəlik səsi o qədər güclü imiş ki, evdə oxuya bilmirmiş. Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirmiş. Elə ona görə də Şuşanın dağlarına, Cıdır düzünə gedər, ağacların başına çıxıb orda ürəkli oxuyarmış. Oğlunun bu istedadını və həvəsini görən Aslan ağa İsfəndiyarı Segah İslam kimi tanınan xanəndə İslam Abdullayevin yanına aparıb, uşağa muğamın sirlərini öyrətməyi təvəqqe edir. Beləliklə, məktəbə getməklə yanaşı, İsfəndiyar həm də xanəndədən xüsusi dərs alır.

1918-ci ildə məclisdə Xan adını qazanandan sonra musiqiçilərdən ibarət dəstə yaradaraq el şənliklərində müstəqil iştirak etməyə başlayır. Səsinin sorağı Şuşadan çıxıb, Qarabağa, sonradan bütün Azərbaycana yayılır.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək, qısa müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan cümhuriyyətin ilk hərb naziri Xosrov bəy Sultanov Xanın öz sənəti ilə yeni yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, vaxtaşırı hərbçilər qarşısında çıxışlar etmək şərtilə, onu hərbi xidmətdən azad edir. Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə kütlələr qarşısında və rəsmi tədbirlərdə çıxışlar etdikdən sonra qızıl ordunun Gəncəni zəbt etməsi və 1920-ci ilin mayında sovet hakimiyyətinə qarşı baş vermiş Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq, Ağdam şəhərində məskunlaşır, el şənliklərində iştirak edərək yaradıcılığını davam etdirir.

Xan Şuşinski müstəqillik dönəmində, eləcə də sovet hakimiyyətinin ilk illərində dəfələrlə millətçi erməni quldur dəstələrinin hücum və təzyiqlərinə məruz qalır, sərrast atıcılıq qabiliyyəti və silahla rəftar bacarığı, eləcə də ehtiyatlı davranışı hesabına düşmən gülləsindən qurtulur, ən qəddar qaçaq-quldur yolkəsənləri belə səsinin, sənətinin sehri ilə ram edərək özünün və yoldaşlarının həyatını xilas edir.

Üzeyir bəy Hacıbəyli 1920-ci ilin payızında Qarabağda yerli gənc ifaçıların bacarıqlarını üzə çıxarmaq məqsədilə komissiya təşkil edir. Üzeyir bəy orada xanəndəni dinlədikdən sonra səsini çox bəyənir. Bundan sonra Xan Şuşinski öz dəstəsi ilə Üzeyir Hacıbəylinin rəhbərliyi altında Bakıdan gəlmiş incəsənət xadimlərindən ibarət qrupa qoşularaq, ustad sənətkar Cabbar Qaryağdıoğlu ilə birgə bölgələri qarış-qarış dolaşıb, hərbi hissələr və kənd əməkçiləri qarşısında saysız-hesabsız konsertlər verir. Dahi Üzeyir bəy 1926-cı ildə yazdığı "Qara göz” mahnısını oxumaq üçün ilk dəfə Xan Şuşinskiyə verir və bu mahnı xanəndənin repertuarında ən sevilən mahnılardan birinə çevrilir. Üzeyir bəy dəfələrlə Xan Şuşinskini Opera və Balet Teatrında işləməyə dəvət edir. Lakin Xan razı olmur. Deyir "mən sənətkaram, muğam ifaçısıyam, aktyor kimi səhnəyə çıxa bilmərəm”. Hətta xanəndəni İtaliyaya təhsil almağa da göndərmək istəyir. Lakin Xanın atası razılıq vermir, deyir "sən getsən, gəlib görəssən ki, mən ölmüşəm”. Xan da atasını və kiçik bacı-qardaşlarını qoyub getmir. Çünki o vaxtlar anası Bəyimxanım ermənilər kəndlərini yandırdıqları üçün ürəyi partlayıb ölmüşdü.


57 yaşında ilk övladı dünyaya gəlir


Xanın tez ailə qurmasının səbəbi də məhz bununla bağlı idi. Ailə başsız qalandan sonra 18 yaşlı Xan Tovuz xanımla ailə qurur. Ər-arvad arasında heç bir anlaşılmazlıq olmasa da, ailənin bircə problemi vardı - övladları olmurdu. Ancaq övlad həsrətinə baxmayaraq, Xan yenə də öz həyat yoldaşından ayrılmır, 35 ildən artıq müddətdə ona sadiq qalır. Ta o vaxta qədər ki, yoldaşı xəstələnir və özü Xanın ikinci dəfə evlənməsini istəyir. Birinci həyat yoldaşının razılığı ilə Xan Şuşunski ikinci dəfə 56 yaşında evlənir. Yaşının çox olmağına rəğmən xoşbəxtlikdən bu izdivacdan sənətkarın 4 övladı olur. Xanın 57 yaşı olanda ilk övladı - qızı dünyaya göz açır. Sevinci yerə-göyə sığmayan sənətkar uşağa anasının adını qoyur. Onun şəninə "Ay qəşəng ceyran” mahnısını yazır.

Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva danışır ki, övladı olduğuna görə atası özünü çox xoşbəxt hiss edirdi. Uşaqlarının hamısı ilə xoş rəftar edir, bir dediklərini iki etmirdi: "Atam deyirdi ki, "Süsən, sünbül” mahnısını oxuyanda öz taleyinə ağlayırmış. O mahnıda belə sözlər var axı: "Ömrü başa yetirmişəm, balam hanı, yarım hanı...” Yaşlı vaxtında bizi başına yığıb deyirdi ki, "mən indi dünyanın ən xoşbəxt adamıyam. Varım da, dövlətim də bu uşaqlardı. Gör neçə il onlara həsrət qalmışam”. 4-cü övladı olanda atamın 63 yaşı vardı. Amma buna baxmayaraq, çox sağlam kişi idi. Anam Suğra xanımla atam arasında 30 yaş fərq olub. Böyük yaş fərqinə baxmayaraq, çox xoşbəxt idilər. Çünki bir-birlərini başa düşür, hörmət edirdilər. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Konsert televiziya vasitəsilə göstərilirdi. Atamı orda görən kimi televizora yaxınlaşıb barmağımla atamı göstərərək birinci dəfə "dədə” sözünü demişəm. O vaxtdan da mən, daha sonra isə bacı-qardaşlarım atama "dədə” deyə müraciət edirdik”.


Nəriman Nərimanov Atatürk haqda mahnını Xana oxudarmış


Xan Şuşinski ilk dəfə 1923-cü ildə Bakıya dəvət olunur, kütlələr qarşısında geniş musiqi proqramı ilə çıxışlar edir. Paytaxt sakinləri o vaxta qədər eşitmədikləri möcüzəli bir səsin şahidi olurlar. Konsertlərə tamaşa etməyə gələnlərin həddən artıq çox olması nəzərə alınaraq, asayişin keşiyinə xüsusi atlı milis dəstələri cəlb olunar, buna baxmayaraq Xana tamaşa etmək istəyənlərin konsert salonlarının qarşısında yaratdığı basırıqda hər dəfə insanlar əzilib zədələnər və qapı-pəncərələr qırılaraq yararsız hala salınarmış. 1929-cu ildə filarmoniyada keçirilən konsertində isə iynə atsaydın, yerə düşməzdi. Nəinki zalda, foyedə, hətta filarmoniyanın bağında da adam əlindən tərpənmək olmurdu. Filarmoniyanın pəncərələrini açıq qoymuşdular ki, çöldəkilər səsi eşidə bilsinlər. Xanı bir dəfə görmək üçün ağaca çıxanlar da vardı. Asayişi qorumaq üçün yolboyu atlılar düzülmüşdü.

B.Verdiyeva atası ilə bağlı maraqlı hadisələri danışır. Deyir ki, 1920-ci illərin əvvəllərində çox məşhur olan "İzmir” marşı bir çox xanəndələr kimi, Xan Şuşinski tərəfindən də tez-tez oxunarmış. Lakin sonradan sovet hökumətinin yerlərdəki məmurları tərəfindən həmin mahnının ifasına ciddi qadağa qoyulur. Digər ifaçılar kimi, Xan Şuşinski də bu mahnıya görə dəfələrlə xüsusi xidmət orqanlarının tənqidinə məruz qalır. 1924-cü ilin əvvəllərində Nəriman Nərimanov artıq Rusiyada işlədiyi vaxt Azərbaycana qısamüddətli səfərə gəlir. Xan Şuşinskini çağırtdırırlar ki, Nərimanov səni dinləmək istəyir: "Xan kiçik musiqiçi dəstəsi ilə Nərimanovun görüşünə gəlir. Bir qrup hökumət, dövlət, o cümlədən xüsusi xidmət orqanı nümayəndələri tərəfindən əhatələnmiş Nərimanov musiqiçilər, sənət adamları ilə görüşür, onların qayğıları ilə maraqlanır. Sonra üzünü Xana tutub "Ay bəri bax” mahnısını oxumağı sifariş edir. Xan Şuşinski bu mahnının köhnə inqilabçı olan Nərimanov üçün hansı xatirələrlə bağlı olduğunu Cabbar Qaryağdıoğlundan eşitmişdi. Belə ki, 1909-cu ildə Nəriman Nərimanov və Stalin sürgünə göndərilməzdən əvvəl bir müddət Bayıl həbsxanasında saxlanılırmış. Mütərəqqi fikirli insan olan Cabbar Qaryağdıoğlu da o zaman Bakıda fəaliyyət göstərən inqilabçı dərnəklərin üzvləri ilə əməkdaşlıq edər, öz maddi və mənəvi köməyini azadlıq və tərəqqi fədailərindən əsirgəməzmiş. Həbsxanada olan yoldaşları ölkədə və şəhərdə baş verən son hadisələrdən məlumatlandırmaq və inqilabçıların fəaliyyət planlarını təcridxanadakılara çatdırmaq məqsədilə Cabbar Qaryağdıoğlu musiqiçilərdən ibarət dəstəsi ilə Bayıl həbsxanasının qarşısındakı çayxanada oxuyub-çalar, həbsxanaya məlumat ötürülməsi məqamında xəbərdarlıq işarəsi kimi ucadan "Pəncərədən daş gəlir, ay bəri bax” oxuyar, ardınca da muğam üstündə qəzəlarası inqilabçıların məlumatını zil səslə, aydın eşidilən tərzdə oxuyaraq, məhbuslara çatdırarmış... Xan "Ay bəri bax”ı oxuduqdan sonra Nərimanov "İzmir” marşını - "Yaşa, yaşa, yüz yaşa, Mustafa Kamal Paşa” mahnısını oxumasını istəyir. Atam danışardı ki, Nəriman Nərimanov hər dəfə Azərbaycana gələndə onu yanına çağırıb, Atatürkə həsr olunmuş bu mahnını dönə-dönə oxudarmış”.


"Xan, bunlar elə bilirlər sən boğazında mikrofon gizlətmisən”


1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində Cabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxış edir. Konsertin sonunda Cabbarın ifasında "Heyratı” zərb muğamı elan olunur. Cabbar xanəndələrə müraciət edib, onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edir. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb, boyun qaçırsalar da, Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifinə qarşılıq verir. Tamaşaçılar arasında oturan Mircəfər Bağırov da bu sənət yarışmasını diqqətlə izləməyə başlayır. Xanəndələr muğamın şöbələrini növbə ilə oxuyaraq öz məharətlərini nümayiş etdirirlər. İfanın sonuna yaxın gözlənilmədən Cabbar Qaryağdıoğlu səsini zilə çəkərək "Şikəsteyi fars” şöbəsini oxumağa başlayır və zil notda estafeti Xana ötürür. Xan da özünü itirmədən həmin yerdən ifaya davam edib, bir qədər də zil notlarda "Qazağı” şöbəsinə keçərək, şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verir. Salonu alqış sədaları bürüyür. Cabbar Qaryağdıoğlu əlini mehribancasına Xanın kürəyinə vurub, hamının eşidəcəyi səslə ucadan "Əhsən sənə, gələcəyin xanəndəsi sənsən” deyir.

1934-cü ilin payızında Bakıda Lermontovun 120 illik yubileyi qeyd olunur. Xan Şuşinski həmin yubileydə çıxış etmək üçün dəvət olunur. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak edirlər. Rusiyalı qonaqların könlü xoş olsun deyə tədbirdə Lermontovun şeirləri oxunur. Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən tədbirin təşkilatçılarından göstəriş gəlir ki, Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır. Artıq çətin vəziyyətlərdən bir çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə Lermontovun şeirlərindən birinin tərcüməsini cəld kağız parçasına köçürüb, qavalın içərisinə pərçimləyir və muğam üstündə Lermontovun şeirini birtəhər ifa edib, başa çatdırır. Tədbirdən sonra Mircəfər Bağırov musiqiçilərə yaxınlaşıb, razılığını bildirərkən "Xan, həmişəki kimi yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın?” deyə zarafatla dillənir.

1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas-alim heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün "Mahur hindi” muğamını oxumağı xahiş edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub, dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir. Bülbül deyir: "Xan, bunlar elə bilirlər sən boğazında mikrofon gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər”.


Mircəfər Bağırovun əmrilə 24 saat ərzində Bakıya köçürülür


B.Verdiyeva deyir ki, atası öz yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə, 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə tuş gəlir, bir il müddətinə "səsi alınaraq” kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulur. Bu səbəbdən də 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından adı çıxarılır: "M.Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda ona "Xan tədbirdə iştirak üçün qonorar istəyib. Deyib mənim burda toylarım var” cavabı verirlər. Bu, Bağırovu çox qəzəbləndirdiyindən o, Xanın barəsində qəti cəza tədbirinə qərar verir. Bundan xəbər tutan Üzeyir bəy, Mirzə İbrahimov, Səməd Vurğun Mircəfərin qəbuluna gedib, həqiqi vəziyyəti ona izah edirlər. Bundan sonra Mircəfər Bağırov Xanın Bakıya köçürülməsi əmrini verir. Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayırlar. Bakıya köçəndən sonra Xan Şuşinski doğma el-obası ilə əlaqəni pozmur, vaxtaşırı Ağdamdakı evinə baş çəkməklə yanaşı, yay istirahətini bir qayda olaraq Qarabağın səfalı yaylaqlarında keçirir. 1960-cı illərin ortalarından isə Şuşa şəhərinin "Çöl qala” məhəlləsində həyət evi alaraq, sonrakı illərdə mütəmadi olaraq məzuniyyətə daim Şuşaya gedir”.

Xan Şuşinski "Şuşanın dağları”, "Ay gözəl”, "Ölürəm, a ceyran bala”, "Məndən gen gəzmə”, "Al yanağında”, "Qəşəng ceyran”, "Qəmərim”, "Bağda sarmaşıq”, "Ay Dilbər”, "Ay qara qız”, "Bilmədin”, "Dağlarda çiçək” kimi 20-dən çox mahnı və bir neçə təsnifin, eləcə də üç duet-mahnının bəstəkarı olub. Həmin mahnıların melodiyaları ilə bərabər əksəriyyətinin sözlərini də özü yazıb. Bundan əlavə "Apardı sellər Saranı”, "Qaçaq Nəbi” və başqa bir neçə aşıq havası Xan tərəfindən işlənərək, müğənni səsinə uyğunlaşdırılıb. Lakin xalq yaradıcılığından, milli muğamlarımızdan bəhrələnən bir nəğməkar olduğu üçün Xan Şuşinski daim təqiblərə məruz qalırdı. Bəstələdiyi və sevə-sevə oxuduğu "Şuşanın dağları” mahnısına görə Xan dəfələrlə inzibati orqanlara çağırılaraq izahat verməli olub. "Başı dumanlı” kəlməsində nəyə eyham etdiyi, "mavi duman”, "qırmızı qofta”, "yaşıl tuman” sözləri ilə Azərbaycan Demokratik Respublikasının sovetlər dövründə qadağan olunmuş bayrağına işarə etməsi ilə ittiham edilərək, ondan təcili olaraq mahnının sözlərinin dəyişdirilməsi tələb olunur. Nəticədə Xan Şuşinski xüsusi senzura komissiyasını həmin mahnının yalnız bir kəlməsinin - "Şuşanın dağları başı dumanlı” əvəzinə "Şuşanın dağları deyil dumanlı” dəyişdirilməsinə razı salır. Eləcə də başqa bir ifasında Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasından bir hissəni oxuyarkən "Haşa ki, könül Xosrova pabənd ola bir də” cümləsində sovet senzura nümayəndələri tərəfindən fəhlə və kəndli hökumətinin sinfi düşməni hesab edilən Şah Xosrov Pərvizin Xan Şuşinski tərəfindən təbliğ edilməsi irad tutulur. Xanəndə həmin misranı "Haşa ki, könül hüsnünə pabənd ola bir də” kimi oxumaq məcburiyyətində qalır.


"Xan Şuşinski heç vaxt mikrofondan istifadə etməyib”


Xan Şuşinski mədəniyyət sahəsində yeganə şəxs idi ki, Vətən və xalq qarşısında təmənnasız xidmətləri, nümunəvi fəaliyyəti və böyük sənətkarlıq bacarığı nəzərə alınaraq 1943-cü ildə "Əməkdar artist” adı almadan birbaşa "Xalq artisti” adı ilə təltif edilmişdi. Sovet hakimiyyəti illərində "Şərəf nişanı”, "Qırmızı əmək bayrağı” ordenləri, SSRİ Ali Sovetinin fəxri fərmanı, bir çox mükafat, fəxri fərman, medal və döş nişanlarıyla təltif olunmuşdu. Fəaliyyəti dövründə müxtəlif respublikaların incəsənət xadimlərinin iştirak etdiyi ən nüfuzlu xalq sənəti yarışmalarında iştirak edib və daim 1-ci yerə layiq görülüb.

O, ilk dəfə qadın ifaçı ilə (Şövkət Ələkbərova) birgə duet ifasının təşəbbüskarı, duet mahnıların ilk müəllifi olub. Azərbaycan müğənniləri içərisində ilk dəfə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə muğam, dəsgah ifa edən də məhz Xan Şuşinski olub. Eyni zamanda ilk xanəndə olaraq Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Niyazinin "Rast” simfonik muğamında ayrı-ayrı parçaları yüksək ustalıqla ifa edib.

1944-cü ilin yazında Xan Şuşinski mədəniyyət və incəsənət xadimlərindən ibarət böyük heyətlə İrana səfərə gedib. Üç ay müddətində İranın 22 şəhərində geniş repertuarla çıxışlar edib, böyük tamaşaçı rəğbəti qazanıb. Səfər zamanı "Şimran” sarayında təşkil edilmiş ziyafətdə ifa etdiyi "Mirzə Hüseyn segahı” və "Qarabağ şikəstəsi”nə görə İran şahının xüsusi mükafatlarına layiq görülüb. Xan Şuşinski bir neçə aparıcı sənətkarlarla birgə təşəbbüs göstərərək İran səfərindən qazandığı mükafatları, çox qiymətli zinət əşyalarını və qızıl pul kütləsini müharibə aparan sovetlər ölkəsinin Müdafiə Fonduna təhvil verib. İran səfəri zamanı Xan Şuşinskini artıq ömrünün ixtiyar çağlarında olan Əbülhəsən Xan İqbal Azər Soltanla, eləcə də mürəkkəb tale yaşamış, İranda mühacirətdə olan məşhur Bakı xanəndəsi və neftxudası Seyid Mirbaba ilə görüşdürürlər. Əbülhəsən Xan Xan Şuşinskini dinlədikdən sonra onun həqiqətən muğamatın xanı adına layiq bir sənətkar olduğunu etiraf edir.

Xanəndənin qızı atasını çox gözəl xasiyyətli insan kimi yad edir. Deyir, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edir, heç kimin xətrinə dəymirdi. Kimsənin barəsində mənfi fikir söyləməz, laqeyd olmadığı insanlara iradlarını ayrılıqda bir kənara çəkib sakitcə bildirərdi: "Təmkinli, az danışan, ağır təbiətli, həm də zarafat sevən idi. Yaşıdları, dostları, münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlardı. Atam ərəb, Kirill, latın əlifbalarında sərbəst yazıb oxuyardı. Mütaliəyə çox böyük marağı vardı. Hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, ifa edə bilirdi. Yaradıcılığında əsasən Füzulinin şeiriyyatına, eləcə də Nizaminin, Vaqifin, Zakirin, Vahidin, Cavidin, Rahimin, Vurğunun qəzəllərinə və el bayatılarına üstünlük verib, təkrarçılığın əleyhinə olub. Ömründə heç vaxt spirtli içki içməyib. Səsi qeyri-adi gücə malik olduğundan heç vaxt mikrofondan istifadə etməyib. Çox səmimi, müdrik, uzaqgörən, insan tanıyan idi atam. Hər adamla da dostluq etməzdi. Onun əsas dostları yaradıcı insanlar olub - şair, yazıçı, musiqiçi, rəssam. Lətif Kərimov, Səməd Vurğun, Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Cəfər Xəndan, Cəlil Məmmədquluzadə, Hüseyn Cavidlə yaxın dostluğu olub. Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir onların qohumu idi. Atam danışırdı ki, onlar tez-tez Şuşaya gələrdilər. Xanı da götürüb gedərdilər gəzməyə. Xan oxuyar, Cəlil də feyziyab olardı. Səməd Vurğunla da birlikdə dəfələrlə ova gediblər. Şair "Azərbaycan” şeirinin bir bəndində Qarabağı Xanın səsilə tərənnüm edib. Bundan başqa, Əliağa Vahid, Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəm və başqaları Xanı öz əsərlərində vəsf ediblər”.


"Yaxşı ki, atam Şuşanın, Qarabağın işğalını görmədi”


Bəyimxanım Verdiyeva xatırlayır ki, həyatının son gününə qədər atasının səsi yerində olub, öz təravətini itirməyib. Sadəcə, ömrünün axırlarında şəkər xəstəliyi tutub. Dodağı tez-tez quruduğuna görə oxuya bilməyib: "Çox sağlam kişi idi. Ahıl yaşlarında belə cavan oğlan kimi at çapırdı. Yanaqları hələ də qırmızı idi. Ona görə də vəfatına inanmaq olmurdu. Bir müddət "Leçkomissiya”da müalicə də almışdı. Amma nədənsə gündən-günə arıqlayırdı. Ölümündən bir gün qabaq mənə zəng vurdu, dedi, qızım, təcili gəl Bakıya, səni görmək istəyirəm. Səsi yaxşı gəlirdi deyə inanmadım nəsə olar. Sonradan anam dedi ki, mənlə danışmaqdan ötəri özünü nə qədər ələ alıb. Mən onda Gəncədə yaşayırdım. Həyat yoldaşım "Göy göl” Ansamblının yaradıcısı Fikrət Verdiyev orada yaşayır, fəaliyyət göstərirdi. Zəngdən bir saat sonra mindik qatara. Səhər saat 6-da Bakıya çatmalıydım. Axşam 10-a 20 dəqiqə işləyəndə zəncir boyunbağım birdən-birə qırıldı, düşdü yerə. Demə, elə həmin vaxt atam rəhmətə gedib. Gəlib çata bilmədim. Buna görə hələ də özümü bağışlaya bilmirəm. Çox görmək istəyirdi məni. Nə sözü vardısa, bilmirəm. Bacım danışır ki, təsadüfdən həmin vaxt efirdə "Göy göl” ansamblının konserti göstərilirdi. Atam deyib ki, başımı qaldırın, heç olmasa Fikrəti görüm. Bir az baxıb, "nə qəşəng çalırlar” deyib, sonra da başını yavaşca yastığa qoyub. 10 dəqiqə sonra keçinib. 1979-cu il martın 18-də, 78 yaşında... Vidalaşma mərasimi filarmoniyada keçirilirdi. Səid Rüstəmov göz yaşları axıdırdı. Habil Əliyevin kamanı atamın mənə bəstələdiyi "Ay qəşəng ceyran” mahnısını çalaraq, elə bil mənim dilimlə həzin-həzin ağlayırdı. Küçələr insan axını ilə dolu idi... Hərdən fikirləşirəm, yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi. Buna əsla dözə bilməzdi, ürəyi partlardı”.


"Çox istərdik Xan Şuşinskinin ev-muzeyi yaradılsın”


1971-ci ildə filarmoniyada Xan Şuşinskinin 70 illik yubileyi qeyd olunurdu. Tədbirin sonunda Xan yetirmələri Sara Qədimova və Yaqub Məmmədovla birgə "Qarabağ şikəstəsi” ifa edir. İfa bitəndən sonra üzünü gənc xanəndələrə tutub vəsiyyətini edir: "Atam çıxışında belə bir fikir səsləndirdi: "Mən muğamı ulu ustadlardan öyrənə-öyrənə, illərin çətin sınağından min bir əziyyətlə keçirərək, yad nəfəslərdən qoruyaraq gənc nəsillərə, bugünümüzə gətirib çıxardım. Sizdən də bir təvəqqem var, bu ərməğanı qoruyun, gələcək nəsillərə olduğu kimi çatdırın”. Şəxsən mən ailə üzvlərim adından onu deyə bilərəm ki, ruhun şad olsun, ata! Bu gün Azərbaycan xalqının mənəvi sərvəti olan muğamımızın beşiyi başında Mehriban Əliyeva kimi bir xanım durur. Ona görə də muğam heç vaxt ölməyəcək, nəsillərdən nəsillərə ötürüləcək”.

Xan Şuşinskinin qızı qeyd edir ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ustad sənətkarın 100, 2011-ci ildə isə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 110 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. 2011-ci ildə B.Verdiyeva həm də Xan Şuşinski Fondunu yaradıb. Fondun məqsədi Xan Şuşinskinin zəngin irsini gənc nəsillərə çatdırmaq, Azərbaycan mədəniyyətinə xidmət etmək, muğamlarımızı, Qarabağ həqiqətlərini dünyaya tanıtmaqdır: "Fond bu illər ərzində müxtəlif beynəlxalq layihələr həyata keçirib. Təəssüf ki, fəaliyyət göstərməsi üçün məkan yoxdu. Üstəlik, bu vaxta qədər Xan Şuşinskinin ev-muzeyi də yaradılmayıb. 2021-ci ildə atamın 120 illik yubileyi olacaq. Çox istərdik ki, yubiley ərəfəsində Xan Şuşinskinin ev-muzeyi və adını daşıyan fondun fəaliyyəti üçün yer ayrılsın.

Bir də Xan Şuşinski küçəsində park var. Orda yaşayan əhali həmin parkı Xan Şuşinski parkı adlandırırlar. Arzu edirik ki, ora rəsmi şəkildə Xan Şuşinskinin adı verilsin və heykəli ucaldılsın. Hesab edirəm sovetin xan, bəy adına qadağa qoyduğu dövrdə Xan adını qazanaraq 50 ildən artıq müddətdə həm sənətinin, həm də şəxsiyyətinin xanı olaraq mədəniyyətimizə xidmət edən, Şərqin ən böyük sənətkarlarından olan Xan Şuşinski buna layiqdir”.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM