18 Avqust 2019 00:21
721
SİYASƏT
A- A+

Dünyada 130 milyondan artıq insanın həyatı humanitar yardımlardan asılıdır


Son iki əsrdə xalqların leksikonuna daxil olunan ifadələrin ən yaddaqalanları "böhran”, "fəlakət”, "təcavüz”, "işğal”dır. Planetin müxtəlif qütblərində baş vermiş təbiət hadisələri, eləcə də süni problemlər: məhəlli və beynəlxalq münaqişələr, müharibələr, terror və s. nəticəsində zərər çəkmiş insanların üzləşdiyi hallar humanitar yardımlara ciddi ehtiyac yaradıb. Məhz buna görə 19 Avqust BMT Baş Məclisinin qərarı ilə Dünya Humanitar Yardım Günü kimi qeyd olunur.

BMT Baş Məclisinin qətnaməsi ilə 2008-ci il dekabrın 11-də elan edilmiş Dünya Humanitar Yardım Gününün məqsədi insanları xilas etmək üçün çalışmaq və həyatını itirənlərin xatirəsini yad etməkdir. Bu günün təsis edilməsi 2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. Keçirilən tədbirlərin məqsədi humanitar yardım işçilərini dünyanın harasında yaşamasından və kimliyindən asılı olmayaraq, təhlükə altında qalan insanlara kömək əlini uzatmağa çağırmaqdır. Bununla humanitar yardım işçilərinin fəaliyyəti və onların üzləşdiyi çətinliklər barədə cəmiyyəti məlumatlandırmağa imkan yaradılır.

"Son illər silahlı münaqişə zonalarında aclıqdan əziyyət çəkənlərin sayı daha da artıb”. Bu fikirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Ərzaq Proqramının BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün hazırladıqları hesabatda yer alıb. BMT-nin rəsmi saytında göstərilir ki, hesabatda Əfqanıstan, Konqo Demokratik Respublikası, Yəmən, Suriya, Somali və Mərkəzi Afrika Respublikasında, həmçinin Çad gölü hövzəsi ölkələrindəki ağır humanitar vəziyyət əks olunub. Bildirilib ki, bu səkkiz münaqişə zonasında 8 milyondan çox insan aclıqdan əziyyət çəkir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Xose Qratsianu da Silvanın hesabata yazdığı preambulada qeyd olunur: "Təkidlə diqqətinizə çatdırıram ki, ilk baxışdan quru rəqəmlər kimi görünən bu faktların arxasında aclıqdan əziyyət çəkən insanların taleyi dayanır ki, bu da XXI əsrdə yolverilməzidir”.

Yeri gəlmişkən, 2018-ci ilin mayında BMT Təhlükəsizlik Şurası silahlı münaqişə zonalarında aclığın aradan qaldırılmasına dair qətnamə qəbul edib. Şuranın üzvləri aclıq amilindən müharibə silahı kimi istifadə edilməsini də pisləyiblər. Onlar bütün silahlı münaqişə tərəflərini beynəlxalq humanitar hüquq prinsiplərinə əməl etməyə, beynəlxalq donor təşkilatların ərzaq yardımlarına mane olmamağa, insanları tibbi xidmətdən məhrum etməməyə çağırıblar.

Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli isə hesabatın müqəddiməsində yazıb: "Bu sənəddə silahlı münaqişələrlə aclıq arasında birbaşa əlaqə göstərilib. Hesabatda qeyd olunur ki, bizim əməkdaşlar və tərəfdaşlarımız təcili olaraq silahlı münaqişə zonalarında aclıqdan əziyyət çəkən insanlara humanitar yardım çatdırmalıdırlar. Lakin ilk növbədə müharibələrə son qoyulmalıdır”.

Təkcə Konqo Demokratik Respublikasında 13 milyon insan kəskin ərzaq çatışmazlığından əziyyət çəkir. İğtişaşların beş ildən çoxdur davam etdiyi Cənubi Sudanda isə 5 milyon nəfərin təcili humanitar yardıma ehtiyacı var. "Boko Haram” terror təşkilatı yaraqlılarının hakim olduqları Çad gölü hövzəsi ölkələrində 3 milyon insan aclıqla qarşı-qarşıya qalıb...

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaradılan yüz minlərlə qaçqın və məcburi köçkünün üzləşdiyi problemləri aradan qaldırmaq üçün ölkəmizdə də humanitar yardımlara ciddi ehtiyac duyuldu. Çünki bu fəlakət dövlət müstəqilliyinin yenicə bərpa olunduğu illərə təsadüf edirdi. Lakin sonradan dövlətimizin hərtərəfli inkişafı nəticəsində Azərbaycan özü bu gün humanitar yardımlar edən donor ölkəyə çevrilib. Son illər Pakistan, Yaponiya, Somali və başqa ölkələrə birbaşa humanitar yardımlar göstərən Azərbaycanın atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Ölkəmizin və xalqımızın belə xeyirxah addımları həmrəyliyin gözəl nümunəsi kimi qarşılanır.

BMT-nin sabiq baş katibi Pan Gi Munun vaxtilə Dünya Humanitar Yardım Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanladığı müraciətdə deyilirdi ki, humanitar böhranlar hər il təkrarlanır. Ehtiyacı olanlara, evlərini, sevdiklərini və gəlir mənbələrini itirmiş insanlara yardım edib onların əziyyətlərini azaltmaq və ümid gətirmək üçün birləşənlər az deyil. Belə insanların fədakarlıqları nəticəsində münaqişə və təbii fəlakətlər zamanı insanların həyatı xilas edilir. O, Əfqanıstanda, Haitidə və başqa yerlərdə fədakarlıq edib vəzifə borclarını yerinə yetirərkən həlak olanları və yaralananları da xatırlayırdı.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi 1993-cü ildən ölkəmizdə öz humanitar missiyasını yerinə yetirir. Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq bu beynəlxalq qurumun fəaliyyətinin genişlənməsinə şərait yaradır. BMT QAK-ın Azərbaycandakı nümayəndəsinin fikrincə, məcburi köçkünlərin təxirəsalınmaz humanitar yardım ehtiyaclarının ödənilməsində, onların yaşayış şəraitinin və iqtisadi perspektivlərinin yaxşılaşdırılmasında Azərbaycan hökumətinin fəallığı bu fəlakətlə üz-üzə qalan Avropa üçün nümunədir.

Təkcə onu qeyd edək ki, dünyada 160 min insanın gözünə işıq bəxş edən missiyanın da humanitar aksiya ilə ölkəmizdə olması təsadüfi deyildi. Bu, "Fuji” humanitar missiyasının Azərbaycana 14-cü səfəri kimi yadda qalıb. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edib.

Yaponiyanın adıçəkilən missiyası Azərbaycanda humanitar fəaliyyətini yerinə yetirməsi üçün 2005-ci ildən indiyədək 3 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. 60 minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə 30 min nəfərdən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə yaratdığı şəraitdən istifadə edərək ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

Diqqət çəkən faktlardan biri də odur ki, Azərbaycan hökumətinin tövsiyəsi və dəstəyi ilə doktor Akio Kanai 2006-cı ildə "Nansen” Qaçqın Mükafatına layiq görülüb. Həmin mükafatdan əldə etdiyi vəsaiti isə o, Beyləqan rayonunda məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə yönəldib.

Bütün bunlarla yanaşı, onu da xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünün probleminin həllinə ikili münasibət illərdir ki, davam etməkdədir. Nüfuzlu beynəlxalq qurumların bu münaqişənin həllinə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin problemin həllinə laqeyd yanaşmalarının nəticəsidir.

Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. Milli, məhəlli münaqişələr çoxaldıqca qaçqın və miqrantların sayı da artmağa başlayıb. İraq, Əfqanıstan, Liviya, Misir, Suriyada hər gün, az qala, yüzlərlə insan ölür. Bunlar dünyada hegemon dövlətlərin torpaq, təbii sərvətlər əldə etmək və nüfuz dairələrini genişləndirmək kimi cəhdlərinin nəticəsidir. Ancaq dünyada bu ədalətsizliklər daim davam edə bilməz.

Təəssüfləndirici haldır ki, dünyada 130 milyondan artıq insanın həyatı humanitar yardımlardan asılıdır. Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və qeyri-hökumət təşkilatlarının hesabatlarında humanitar yardım işçilərinə edilən hücumların, onların öldürülməsi və oğurlanması hallarının sayındakı artım göstərir ki, bunun qarşısının alınmaması daha ağır fəlakətlərə gətirib çıxara bilər. 2004-cü ildə 56 humanitar yardım işçisi qətlə yetirildiyi halda, 2014-cü ildə bu rəqəm 121-ə, insidentlərin sayı isə 63-dən 190-a çatıb. Bu ağrılı vəziyyət davam edir.

550 milyonluq əhalisi olan Avropa ölkələrinin 800 min nəfər qaçqının problemi qarşısında aciz qaldığı çox da uzaq tarix deyil. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində dövlətimiz neçə onillikdir ki, 1,2 milyonluq qaçqın və məcburi köçkünün problemlərinin öhdəsindən gəlir. Azərbaycana səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Prezidentin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərirlər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video