17 Avqust 2019 00:19
1028
İQTİSADİYYAT
A- A+

Rahat və qənaətli istirahət


Səsli-küylü şəhər mühitindən uzaqlaşmaq, kənd evlərində yaşayıb istirahət etmək, təmiz ərzaq məhsulları ilə qidalanmaq hər bir insan üçün arzuediləndir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, mədəni-tarixi irsi, özünəməxsus mətbəxi, eləcə də sakinlərin yüksək qonaqpərvərliyi turistlərin diqqətini xüsusilə cəlb edir.

Habelə dövlət başçısının diqqət və qayğısı ilə kənd turizmi nəinki rayon mərkəzlərində, ucqar kəndlərdə də inkişaf edir. Bu inkişaf iqtisadiyyatın güclənməsindən əlavə, əhalinin gəlirlərinin artmasını, ən əsası isə regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Nəticədə flora və faunası zəngin olan Azərbaycanın bölgələrində turizm üçün geniş imkanlar açılır. Belə bölgələrdən biri də Göygöl rayonudur.

Rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla söhbət zamanı dedi ki, rayonda turizmin sürətli inkişafı bir neçə amillə xarakterizə olunur. Onlardan ən başlıcası yerlərdə infrastrukturun yenilənməsi ilə yanaşı, alman irsinə hörmətlə yanaşılmasıdır. 1819-cu ildə alman kolonistləri tərəfindən Helenendorf kimi əsası qoyulan Göygöl şəhəri açıq səma altında Avropa mədəniyyətinin izlərini yaşadan muzeyi xatırladır. Bu amil avropalılarda Göygölü görməyə böyük maraq yaradır. Bütün bunlar nəzərə alınaraq vaxtilə alman ailələrinin yaşadıqları evlərin əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir edilmişdir. Rayona gələn xarici turistlər içərisində almaniyalı qonaqlar daha çox olur. Onlar istirahətlərini səmərəli keçirməklə, vaxtilə burada məskunlaşan ata-babalarının həyat tərzi, məişəti, eləcə də mədəni irsi ilə yaxından tanış olurlar.

Göygöl rayonunda yaşı əsrlərlə ölçülən çoxlu sayda abidə var. Çaykənd kəndində "Ağ körpü”, "Qabriel kilsəsi”, XII əsrə aid türbə, üçtağlı körpü (Gəncə çayı üzərində), Anahid məbədi, birtağlı körpü, qala (XII əsr) və s. tarixi abidələr mövcuddur. Bundan başqa, rayon ərazisində 31 yerli əhəmiyyətli abidə, 8 kurqan, nekropol və açıq düşərgə var. 1854-cü ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsi isə hazırda tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000-dən artıq eksponatı var ki, bu da alman turistlər tərəfindən maraqla qarşılanır.

Əlbəttə, bütün bunlar Göygöl rayonunun nə qədər maddi-mədəni abidələrlə zəngin olduğunun göstəricisidir. Lakin bütün bunlarla yanaşı, turistləri özünə cəlb edən əsas məsələlərdən biri rayonun təbiətinin əsrarəngiz olmasıdır. Odur ki, son illər Göygölün kəndlərində qalıb istirahət etmək istəyən yerli və xarici turistlərin sayında nəzərəçarpacaq sayda artım qeydə alınmışdır. Onlar ekoloji cəhətdən saf və təmiz olan kəndlərə üz tutmağa üstünlük verirlər. Bunun üçün rayonda hər cür imkan və şərait yaradılıb. Son illər rayonda turizm infrastrukturunun inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Xüsusilə kənd turizminin inkişaf etdirilməsi üçün diqqət və qayğı daha da artmışdır.

Göygöl rayonu Azərbaycanın qərbində dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Rayon şimalda Gəncə və Samuxla, şərqdə Goranboyla, cənubda Kəlbəcərlə, cənub-qərbdə Daşkəsənlə, qərbdə isə Şəmkirlə həmsərhəddir. 39 kəndi olan rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Lakin son illər rayon sakinlərinin bir qismi dövlət başçısının qayğısı ilə inkişaf etdirilən kənd turizmindən gələn gəlir hesabına dolanışıqlarını təmin edirlər. Bunun əsas səbəblərindən biri ən ucqar kəndlərə yeni yolların çəkilməsi, su, qaz, enerji təminatında yaradılan layihələrin icrası olmuşdur. Yaradılan infrastrukturdan bəhrələnən kəndlərin sakinləri istər yerli və istərsə də xarici turistlərin qəbulunda heç bir çətinliklə qarşılaşmırlar. Əksinə, mənzillərini turistlərə kirayə verməklə yanaşı, onlara müxtəlif xidmətlər göstərərək əlavə qazanc götürürlər. Hətta turistlərin istəyi ilə onlara ekoloji cəhətdən təmiz olan ərzaq məhsulları da təklif edirlər. Bu mənəvi və maddi zənginliklər yerli turistlərlə yanaşı, əcnəbiləri də özünə cəlb edir. Nəticədə "yaşıl turizm”, yəni kənd turizmi sürətlə inkişaf edir.

Ölkəmizdə turizm mövsümü davam edir. Respublikamızın digər bölgələrində olduğu kimi, Göygöl rayonunda da yerli və xarici turistlərin sayı durmadan artır. Kənd sakinlərinin əsas diqqəti evlərində saxladıqları turistlərə yüksək səviyyədə xidmət göstərməyə yönəldilmişdir. Hazırda rayonun elə bir kəndi yoxdur ki, orada istirahət edən olmasın. Turistlər ən çox Göygölə yaxın ərazilərdə yerləşən kəndlərdə istirahət etməyə üstünlük verirlər. Aşıqlı, Yeni Zod, Toğanalı, Topalhəsənli, Üçbulaq, Mixaylovka, Şəhriyar və s. kəndlərdə dincələn turistlər çox asanlıqla Göygöl Milli Parkının ərazisinə səyahətə çıxır, istirahətlərini təbiətin qoynunda keçirirlər.

Rayonda ən çox turist qəbul edən kəndlərdən biri də Aşıqlıdır. Gəncədən cəmi 10 kilometr məsafədə yerləşən bu yaşayış məntəqəsində turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni çəkilmiş geniş və rahat asfalt yol kənarlarında bişirilən təndir çörəyinin ətri ətrafa yayılır. Azərbaycanın dağlarında bitən dərman bitkilərinin, müxtəlif meyvələrin, kənd məhsullarının satışı insanlarda ruh yüksəkliyi yaradır. 2350 nəfər sakini olan kənddə 400-dən çox ev var. Kənd Hacıkənd və Göygölə gedən yolun üstündə olduğundan turistlər burada qalmağa daha çox üstünlük verirlər. Odur ki, kənd sakinləri hər il mövsümqabağı evlərini təmir etdirir, turistlər üçün rahatlıq yaradırlar. Onlar çalışırlar ki, ikinci gəlir yeri kimi turistləri cəlb etməklə daha çox qazanc əldə etsinlər.

Aşıqlı kəndinin sakini Lamiyyə Əliyeva deyir ki, turistlərin qəbulu üçün böyük imkanları var. Həyətində iki ədəd ev inşa etdirib və bu evlərdə yaradılan şərait imkan verir ki, o, turistləri yüksək səviyyədə qəbul etsin. Eyni vaxtda 20 nəfər turist qəbul etmək imkanı olan ailə gələn il turist qalacaq yeri bir qədər də artırmaq arzusundadır.

Turistlərin üz tutduqları kəndlərin sırasında Çaykənd və Toğanalı da var. Hər il bu kəndlərdə yüzlərlə ailə dincəlir. Əsasən fərdi yaşayış evlərində qalan insanlar yaradılan şəraitdən razılıq edirlər. Çaykənd sakini Elmir Rəcəbov deyir ki, hər il evində onlarla qonaq saxlayır. Turistlərə xüsusi qayğı ilə yanaşır. Yeməkləri, içməkləri, eləcə də gəzintilərinin təşkili üçün lazımi diqqət və qayğı göstərir.

Toğanalı kəndindən Göygölə cəmi 5 dəqiqəyə getmək mümkündür. Odur ki, bu kənddə istirahət edənlərin sayı ildən-ilə artır. Bundan başqa, kəndin özü çox səfalı yerdədir. Toğanalının ortasından keçən çay burada xoş mənzərə yaradır. Gur axan dağ çayının səsi insanların əsəblərinə rahatlıq, ürəklərinə isə sərinlik gətirir. Kəndin ətrafında "Cənnət Məkan”, "Ağrıdağı”, "Gəncəbasar” və s. istirahət mərkəzləri fəaliyyət göstərsə də yerli turistlər kənd turizminə daha çox üstünlük verirlər. Çünki həmin mərkəzlərdə qiymətlərin baha olması onları qane etmir.

Göygölə gedən yolun yenidən qurulması da bölgəyə gələn turistlərin çoxalmasına imkan vermişdir. Rayon mərkəzindən Göygölə uzanan yolun yenidən qurulması insanlara rahatlıq gətirmişdir. Yol genişləndirilmiş, əvvəllər mövcud olan yöndəmsiz köşklər yığışdırılmış və infrastruktur müasirləşdirilmişdir.

Ümumiyyətlə, rayonda turistlərin rahat dincəlib istirahət etmələri üçün bütün infrastruktur yaradılmışdır. Ən başlıcası ölkədə mövcud olan ictimai sabitlik burada da hökm sürür. Günün bütün vaxtlarında təbiətin qoynuna çıxıb dincəlmək üçün hər cür imkan və şərait var. Odur ki, bu bölgədə dincələn hər kəs növbəti illərdə də buraya gəlmək istəyir. Çünki təmiz hava, təbii su ehtiyatı, yaşıllıq, abadlaşdırılmış kənd şəraiti, təbii mənzərələr və s. qonaqlara rahatlıq gətirir. Məhz bunun nəticəsidir ki, rayona hər il Türkiyədən, Almaniyadan, Rusiyadan, Gürcüstandan, İrandan, Yaponiyadan, İsveçrədən, həmçinin Rumıniyadan yüzlərlə turist gəlir. Yerli sakinlər qonaqpərvərliklə onlara yüksək səviyyədə xidmət göstərirlər. Bu da turistlərin növbəti illərdə də istirahətlərini burada keçirmələrinə zəmin yaradır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video