15 Avqust 2019 12:40
457
SİYASƏT
A- A+

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanış mərasimi keçirilib


Avqustun 15-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Beynəlxalq Ordu Oyunları 2019” çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin rəsmilərinin, diplomatik korpusun nümayəndələrinin, müsabiqə iştirakçılarının, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçularının, media təmsilçilərinin iştirak etdikləri mərasimdə respublikanın Əməkdar artisti Ramil Qasımovun və əsgər xorunun ifasında dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarından "Ey Vətən” mahnısı səsləndirilib.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan "Beynəlxalq Ordu Oyunları”na maraq artır. "Dəniz Kuboku–2019” müsabiqəsinin həyəcanlı anları artıq geridə qaldı və hərbi dənizçilərimiz təbiətin sərt sınaqlarından uğurla çıxdılar. Üçüncü ildir ki, Azərbaycan "Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və yarışların şəffaf, yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən illərdə olduğu kimi, bu il də "Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub.

Sonra "Dəniz Kuboku–2019” müsabiqəsində iştirak edən ölkələrin dövlət bayraqları təntənəli mərasimə gətirilib.

Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələri komandalarının iştirak etdikləri "Dəniz Kuboku” müsabiqəsinin kuboku və iştirakçı dövlətlərin bayraqları alqışlar altında səhnəyə gətirilib, yarışların qısa xronikası videoçarx vasitəsilə təqdim edilib, hakimlər briqadasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.

Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında şəffaf, qarşılıqlı anlaşma şəraitində keçən "Dəniz Kuboku–2019” müsabiqəsinin qalibi Azərbaycan komandası olub. İkinci yeri Rusiya, üçüncü yeri Qazaxıstan komandaları tutub.

Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, "Dəniz Kuboku–2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov qeyd edib ki, bu gün paytaxt Bakı şəhərində beşinci "Beynəlxalq Ordu Oyunları” çərçivəsində "Dəniz Kuboku-2019” müsabiqəsinə yekun vurulur. O qeyd edib ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanması və İran, Qazaxıstan, Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələrinin komandaları on gündən çoxdur Xəzər dənizinin Azərbaycan akvatoriyasında gərgin şəraitdə yarışdılar və bacarıqlarını nümayiş etdirdilər: "Şəffaf və yüksək səviyyədə keçirilən builki müsabiqə də iştirakçıların peşəkar döyüş hazırlığı səviyyəsinin yüksək olduğu müəyyən edildi. Beynəlxalq hakimlər kollegiyası öz vəzifələrini ləyaqətlə yerinə yetirdilər. Artıq qaliblər məlumdur. Sevindirici haldır ki, Xəzəryanı ölkələrin hərbi dənizçiləri öz güclərini döyüş meydanında deyil, yarış meydanlarında sınadılar. Mən "Dəniz Kuboku-2019” müsabiqəsinin uğurla başa çatması münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından bütün iştirakçıları, hakimləri, azarkeşləri, xüsusilə qalib komandaları təbrik edirəm”.

General-leytenant bildirib ki, hansı ölkənin komandasının qalib gəlməsindən asılı olmayaraq, ən böyük qələbəmiz Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birlərini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin daha da genişlənməsi oldu. "Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Beşinci "Beynəlxalq Ordu Oyunları”nda altı növ üzrə müsabiqədə Azərbaycanı təmsil edən komandalarımız da yüksək nəticələr əldə ediblər. Bu münasibətlə onları da təbrik edirəm”, - deyə N.Osmanov əlavə edib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, "Dəniz Kuboku–2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının baş qərargah rəisi, vitse-admiral Andrey Volojinskiy, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Zaur Hümmətov və kontur admiral Oleq Korolyov komandalara və üzvlərinə kubok, medal və diplomlar təqdim ediblər.

Daha sonra çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov yarış iştirakçılarını təbrik edərək müsabiqənin yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu cür yarışlar dünyada sülhə və sabitliyə töhfədir. Azərbaycanın bu yarışı çox yüksək səviyyədə təşkil etdiyini bildirən R.Salikov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun adından Azərbaycan Ordusunun rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, "Dəniz Kuboku-2019” yarışı çox möhtəşəm və gözəl şəraitdə keçdi: "Bütün təşkilatçılara, yarışda iştirak edən ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın Müdafiə Nazirliyi adından təşəkkürümü bildirirəm. Biz çalışdıq ki, yarışları yüksək qonaqpərvərlik və dostluq şəraitində keçirək. Hesab edirəm ki, buna nail olduq. Bu yarışlarda ən böyük nailiyyət isə dostluq və qardaşlıq oldu”.

Daha sonra Kərim Vəliyev yarışları bağlı elan etdi. Azərbaycanın dövlət himni səsləndirildi, "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının və "Dəniz Kuboku” müsabiqəsinin bayraqları endirildi.

Mərasim respublikanın Xalq artisti Samir Cəfərovun, Əməkdar artist Məryəm Şabanovanın, Fuad Musayevin, "Səma” rəqs qrupunun və Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə konsert proqramı ilə başa çatdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video