18 Iyul 2019 00:43
754
CƏMİYYƏT
A- A+

Hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə


Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, çağırış yaşına çatmış gənclər həqiqi hərbi xidmətə çox böyük ruh yüksəkliyi ilə gedirlər. Növbəti çağırış zamanı da yolasalma mərasimində əsl izdiham yaşandı.

Gənclər Mərkəzinin qarşısında keçirilən mərasimdə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, eləcə də Qarabağ müharibəsi əlilləri, həmçinin çağırışçıların valideynləri iştirak edirdilər. Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra dahi rəhbərin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətindən, ordu quruculuğundakı xidmətlərindən bəhs edən sənədli filmin nümayişi oldu.

Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək gəncləri və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək çağırışçılara hərbin sirlərini öyrənməkdə uğurlar arzuladı. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuz işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad etmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov hərbi xidmətə yola düşən gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir əmrini səylə yerinə yetirməyi tövsiyə etdi.

Şəhid anası Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında gənclərin ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildirdilər.

Məktəblilər və rayonun incəsənət ustaları vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi, mahnılar oxudu. Axırda çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola düşdülər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video