16 Iyul 2019 00:53
1318
Fərmanlar
A- A+

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. həmin Qanunun 6.6-cı maddəsinə uyğun olaraq, milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının formasını, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 16.7-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.9. həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci, 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci və 18.2-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.0.18-ci maddəsində "orqan (qurum)” dedikdə "Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. "Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video