14 Iyul 2019 00:41
2874
SİYASƏT
A- A+

Ulu Öndərin mədəniyyət sevgisinin tarixi bəhrələri


14 iyul 1969-cu il. Bu tarix dünyada kimlər üçünsə təqvimdə adi bir gün ola bilər. Azərbaycanda bu, xalqımızın yaşlı nəslinin bilavasitə şahidi olduğu, müstəqil respublikamızda böyüyüb boya-başa çatan nəslin isə artıq nəticələrini ölkəmizin müasir inkişafında, uğurlarında gördüyü bir dövrün, hazırda mübaliğəsiz Heydər Əliyev erası adlandıra biləcəyimiz tarix salnaməsinin ilk günü idi.

Tarixdə, sadəcə yaşadığı dövrə deyil, onilliklər sonraya da möhürünü vurmuş, tarixi prosesləri istiqamətləndirməyi bacarmış insanların yeri hər zaman müstəsnadır. Tanrının xalqımıza bəxş etdiyi böyük siyasət və dövlət adamı, Ulu Öndər Heydər Əliyevin adı, imzası yarım əsrdir ki, tariximizdə bu cür müstəsna yerə sahibdir. Ümummilli Lider Heydər Əliyevin 50 il əvvəl Azərbaycana rəhbərlik etməyə başlaması respublikamız və xalqımız üçün tarixi bir şans idi və ötən zamanın gərdişi, yaşanan hadisələr, tarixi sınaq anları bunu dəfələrlə təsdiq edib.

Yarım əsr əvvəl başlanan bu tarixi yol respublikamızın bütün sahələrdə davamlı inkişaf dövrünə qədəm qoyması ilə nəticələndi. Maddi-mədəni zənginliklərə sahib olan Azərbaycan həmin vaxta qədər keçmiş ittifaqda sıradan bir respublika idi, bəzi sosial-iqtisadi göstəricilərə görə isə xeyli geri qalmışdı. Zənginliyi lazımi səviyyədə ortaya çıxarmaq, reallıqları düzgün qiymətləndirmək zəruri idi. O cümlədən mədəni mirasımız, ədəbiyyat və incəsənətimiz özünün gerçək himayədarını gözləyirdi.

Əslində, mədəniyyət və incəsənət, eləcə də ədəbiyyat təbii şəkildə inkişaf edən sahələrdir. Bu inkişaf bütün yaradıcılıq sahələri təmsilçilərinin azad özünüifadəsi ilə reallaşa bilər. XX əsrin ikinci yarısında sovet rejiminin, məlum ideologiyanın möhkəm bərqərar olduğu respublikada bu cür meyillərin ortaya çıxıb reallaşması, əslində, müşkül, hətta qeyri-mümkün idi. Amma Heydər Əliyev kimi bir dahi şəxsiyyətin - xalqı onun etnik-mədəni sistemi ilə bütöv şəkildə qəbul edib bu amili fəaliyyəti ərzində diqqətdə saxlayan görkəmli dövlət xadiminin səriştəsi və millət sevgisi sayəsində ölçüyəgəlməz işlər görülməyə başlandı. Ölkə həyatının bütün sahələrini əhatə edən bu inkişafdan ən çox fayda görən isə, sözsüz ki, Azərbaycan mədəniyyəti idi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin siyasi karyerasında, idarəetmə sistemində mədəniyyət sahəsi məxsusi yer tutur. Bunun da əsasında Ulu Öndərin mədəniyyət və incəsənətə böyük sevgisi dayanırdı. O, hər zaman aktiv siyasi fəaliyyəti ilə bərabər xalqın yanında daha çox olması, eyni zamanda mədəniyyətə, musiqiyə, rəssamlığa, sözün geniş mənasında, sənətə yüksək marağı ilə insanları heyrətə salırdı.

Yarım əsrdir ki, adı, imzası vətənimizlə qoşa çəkilən, tarix salnaməmizdə silinməz iz qoyan Heydər Əliyevin sovet Azərbaycanına başçılıq etdiyi və keçmiş ittifaqın rəhbərliyində təmsil olunduğu illərdəki fəaliyyətinin konturları bir nöqtədə birləşirdi: xalqımızın milli-mədəni sisteminin qorunması və sosial-iqtisadi həyatının təminatı. Bu siyasət, əslində, onun müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gördüyü işlərin möhkəm təməllərini təşkil edirdi. Uzun və kifayət qədər mürəkkəb olan bu dövr dahi siyasətçinin doğma xalqı ilə qırılmaz tellərlə bağlılığını göstərir.

Xalqımızın adət-ənənələri, minilliklərin soraqçısı olan mədəni mirasını müqəddəs hesab edən Heydər Əliyev özünü bu zənginliyin ayrılmaz hissəsi sayır, ondan bəhrələnərək millətin və dövlətin gələcək inkişafı üçün çalışırdı. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”, - deyən müdrik rəhbər öz gücünün, fəhminin ünvanını çox dəqiq nişan verirdi. Heydər Əliyev üstün idrakı, zəngin mənəvi dünyası, ən əsası isə xalqına sarsılmaz inamı sayəsində müdrik şəxsiyyət və uzaqgörən rəhbər titulunu qazanmışdı.

Müstəqilliyinə yeni qovuşan, lakin varlığı sual altında olan respublikamızın dar günündə xalqın çağırışı ilə tarixi xilaskarlıq missiyasını öz üzərinə götürəndə Heydər Əliyevin ən güclü istinad yeri ilk növbədə böyük dövlətçilik təcrübəsi idisə, digər tərəfdən doğma xalqına hədsiz sevgisi və inamı idi. Sonrakı proseslər də göstərdi ki, mənsub olduğu xalqa inanan, onun etibarına və sevgisinə söykənən, məhz ondan ilham alan siyasətçi liderlik şərəfinə nail ola bilər. 1993-cü ilin 15 iyununda xalq Heydər Əliyevin timsalında nəinki öz qurtuluşuna, eyni zamanda parlaq gələcəyinə qovuşdu. Sonrakı 10 ildə yüksək liderlik keyfiyyətləri, siyasi fəhm və bacarığı, zəngin idarəçilik təcrübəsi ilə müstəqil dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq birlikdə layiqli yer qazanması üçün əlindən gələni əsirgəmədi. Bu tarixi dönüş Azərbaycana əmin-amanlıq, milli birlik bəxş etdi. Ulu Öndərin nail olduğu bu dinc şərait ölkə həyatının bütün sahələrində, o cümlədən mədəni inkişafda uğurlar silsiləsinin əsasını qoydu.

***

Ulu Öndər hər zaman bir məqamı vurğulayıb ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. O deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev milli varlıq, milli mövcudluq məsələsini hakimiyyətdə olduğu bütün dövrlərdə özünün həyat amalına çevirmiş, həmçinin SSRİ zamanında həmin quruluşun imkan və şərtləri daxilində mədəni irsimizin himayədarı və təbliğatçısı olmuşdur.

"Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. Ulu Öndərin bu fikirləri böyük bir həqiqətin təzahürü idi. Müxtəlif yaradıcılıq sahələrində qeyd olunan bu yeniliklər ilk növbədə münbit şəraitdə formalaşa bilərdi. Belə bir mühitin yaradıcısı məhz Heydər Əliyev idi. Bu mənada ötən əsrin 70-80-ci illərində istər incəsənətin müxtəlif sahələrində, istərsə də ədəbi prosesdə ciddi nəticələri olan yaradıcılıq axtarışları aparılmışdı. Yaradıcılıq məzmun və formaca zənginləşmiş, yeni təmayüllər formalaşmağa başlamışdı. Görkəmli şəxsiyyətlərimizin şöhrəti ölkəmizin hüdudlarını aşaraq ittifaqın müxtəlif şəhərlərinə yayılır, onların yaradıcılıq gecələri, yubiley tədbirləri təşkil olunurdu. Mədəni irsin kompleks halda təbliğatında mühüm rol oynayan Azərbaycan mədəniyyəti və incəsənəti günləri də mütəmadi şəkildə gerçəkləşirdi. Bundan əlavə, görkəmli müğənnilərimizin SSRİ hüdudlarından çox-çox uzaq ölkələrə reallaşan qastrol səfərləri mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına vəsilə olurdu.

Ulu Öndərin müdrikliyinin daha bir göstəricisi ondan ibarət idi ki, o, hələ sovet dövründə yaratdığı bu mədəni-mənəvi inkişaf yolu ilə müstəqillik dövründə çağdaş dünyanın yeni çağırışlarına qısa müddətdə uyğunlaşmağımıza zəmin hazırladı. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən uzaqgörən siyasətçi bu zənginlikdən məqamında və maksimum yararlanmağın zəruriliyini qeyd edirdi. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, - deyən müdrik şəxsiyyət mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistemin formalaşmasına çalışırdı. Məhz Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə mədəniyyətimizin vüsətli inkişafı və etibarlı gələcəyi təmin edildi.

***

Ulu Öndər Azərbaycan incəsənəti və təsviri sənətinin dünya miqyasında tanınmasına səy göstərirdi. Onun respublikaya birinci rəhbərliyi dövründə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkir şairlərin hikmət xəzinələrinin beynəlxalq səviyyədə tanıdılması, yubileylərinin keçirilməsi, rəssamlıq və heykəltəraşlıqdan musiqiyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyərli səhifələridir. Həmin illərdə Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının ev-muzeylərinin, Nəriman Nərimanovun, Bülbülün xatirə muzeylərinin, digər ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin yaradılması, Natəvanın abidəsinin, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin inşası və bu kimi onlarca mühüm qərarlara imza atan Heydər Əliyev bu işlərin uğurla başa çatdırılmasına bilavasitə rəhbərlik etmişdi. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza kimi ədəbiyyat və mədəniyyət xadimlərinin SSRİ-nin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmələri məhz Ulu Öndərin təqdimatı ilə reallaşmışdı. İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, digər monumental sənət əsərlərinin yaradılması, "Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri mədəniyyətimizə diqqət və qayğının mühüm təzahürləri idi. Bir məqamı da vurğulamaq lazımdır ki, Ümummilli Lider təşəbbüslərinin real nəticələrini görəndə böyük məmnunluq hissi keçirir, bu cür tədbirlərin gerçəkləşdirilməsində şəxsən iştirak etməyə çalışırdı. Çünki Heydər Əliyev, sözün əsl mənasında, mədəniyyətlə nəfəs alır, həyatını musiqidən, sənətdən kənarda hiss edə bilmirdi. Onun mədəniyyətlə bağlı baxışlarından, bu sahənin insanları ilə olan görüşlərindən heyrətə düşənlər üçün Ulu Öndərin bu fikirləri böyük əhəmiyyət kəsb edir: "Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də, gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir”.

***

Müstəqilliyinin bərpasından sonrakı ilk illərdə ölkəmizin eyni vaxtda bir neçə problemlə üz-üzə qaldığı dönəmdə Azərbaycanın tarixi xilaskara həyati ehtiyacı vardı. 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının və dövlətçiliyinin taleyində uçurumdan qurtuluşa və inkişafa keçid oldu. Böyük siyasətçi Heydər Əliyev milli qurtuluşun baş qəhrəmanı kimi tarixi xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi.

Ölkənin o dövrdəki ağır vəziyyəti, bütün sahələr kimi, mədəniyyət və incəsənətimizi də inkişafdan saxlamış, görkəmli sənət adamlarında böyük çaşqınlıq yaranmışdı. Bütün bu problemləri aradan qaldırmaq üçün daxili sabitlik ilkin şərt idi. Heydər Əliyev cəsarət və müdrikliklə problemləri qısa zamanda həll etməyə nail oldu. Daxili sabitliyin əldə edilməsi nəticəsində ölkənin gələcəyi barədə nikbinlik yaranmağa başladı. Bu zaman illərin sınağından çıxmış daha bir həqiqətin şahidi olduq. Mədəniyyət sisteminin möhkəm təməllər üzərində qurulması keçid dövrünün çətin sınaqlarını qısa müddət ərzində arxada qoymağa imkan verdi. Bəli, budur gələcəyə hesablanan uzaqgörən, düşünülmüş siyasət və onun bütün xalq olaraq gördüyümüz nəticələri.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə mədəniyyət sahəsinin qanunvericilik bazasının formalaşdırılması istiqamətində mühüm işlər görüldü. Ulu Öndərin rəhbərliyi altında mədəniyyət sahəsində 10-dan çox qanun qəbul edildi. "Mədəniyyət haqqında” (1996), "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), "Kinematoqrafiya haqqında” (1998), "Memarlıq fəaliyyəti haqqında” (1998), "Kitabxana işi haqqında (1998), "Milli Arxiv Fondu haqqında” (1999), "Muzeylər haqqında” (2000), "Nəşriyyat işi haqqında” (2000) və s. qanunlar bu sahənin kompleks inkişafı üçün böyük rol oynadı. Bütün bunlardan əlavə, mədəniyyət sahəsinin inkişafına təkan verən, mədəniyyət siyasətinin icrasını operativ şəkildə təmin etmək məqsədilə müvafiq dövlət proqramları da qəbul edildi.

Əvvəldə də qeyd etdiyimiz kimi, Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə mədəniyyətimizin ölkəmizlə yanaşı, beynəlxalq aləmdə tanıdılması istiqamətində bir sıra addımlar atılmışdı. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verirdi. Bu baxımdan ölkəmizin dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESKO ilə əməkdaşlığı xüsusi önəm kəsb edir. Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı illərin ortalarından təşəkkül tapan Azərbaycan-UNESKO əlaqələri ötən müddətdə mühüm inkişaf yolu keçərək mədəni irsimizin dünyada tanıdılması və təbliğinə də geniş zəmin yaratmışdır. Dahi şair Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESKO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi. Bu əməkdaşlıq uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyev ölkəmizin UNESKO ilə münasibətlərinə böyük önəm verir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə mədəni irsimiz dünyada layiqincə təbliğ edilir, UNESKO səviyyəsində yüksək dəyər qazanır. 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin, sonrakı illərdə qeyri-maddi mədəni irsimizin 13 nümunəsinin UNESKO siyahılarında yer alması bunun bariz göstəricisidir.

Bu günlərdə ölkəmiz UNESKO-nun ən mötəbər tədbirlərindən birinə - Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla evsahibliyi etdi. Sessiyada Azərbaycanın daha bir mədəni irs məkanı - Şəki şəhərinin tarixi mərkəzi Xan Sarayı ilə birlikdə bu siyahıya salındı. Bu əlamətdar hadisə Azərbaycanın UNESKO-da ardıcıl fəaliyyətinin, Ulu Öndər tərəfindən təməli qoyulan əməkdaşlıq kursunun daha bir bəhrəsidir.

Ümummilli Liderin müxtəlif illərdə Milli Kino, Üzeyir Musiqi, Azərbaycan Əlifbası və Ana Dili günlərinin təsis edilməsi haqqında fərmanlar imzalaması da böyük şəxsiyyətin milli mədəni irsə sonsuz məhəbbət və qayğısının bariz nümunəsidir. Hazırda qeyd olunan əlamətdar günlərlə əlaqədar müxtəlif səpkili tədbirlər gerçəkləşdirilir. O cümlədən hər il "Üzeyir musiqi günü”ndə (18 sentyabr) Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına start verilir.

Ulu Öndər Azərbaycan dilinin də həqiqi himayədarı idi. Yüksək kürsülərdən beynəlxalq ictimaiyyətə ana dilində səslənməsi, eləcə də ölkəmizdə latın qrafikasının tətbiqi işinin başa çatdırılması dahi siyasətçinin unudulmaz xidmətləridir. Latın qrafikalı əlifbanın tətbiqinin ölkəmizin siyasi həyatında, yazı mədəniyyətimizin inkişafında əhəmiyyətini nəzərə alan Prezident Heydər Əliyevin 2001-ci ildə imzaladığı böyük əhəmiyyətə malik fərmanla bu proses başa çatdırılmış oldu. Azərbaycan və dünya ədiblərinin sovetlər dönəmində çıxan əsərləri yeni əlifba ilə çap olunmağa başladı. Prezident İlham Əliyevin 2004-cü ildə latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı imzaladığı sərəncam bu sahədəki mövcud boşluğu doldurdu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanın yüksək poliqrafik göstəriciləri ilə seçilən nəşrləri nüfuzlu beynəlxalq kitab sərgilərində nümayiş olunur, müsabiqələrdə mükafatlara layiq görülür.

***

Həmişə milli mənsubiyyəti - azərbaycanlı olması ilə qürur duyan Heydər Əliyev bir ağacın budaqları olan türkdilli xalqlarının birliyinə, əməkdaşlıq əlaqələrinə böyük önəm verirdi. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanla müstəqil türk respublikaları arasında bütün sahələr üzrə əlaqələr inkişaf etməyə başladı. Qardaş xalqların mədəni inteqrasiyasının zəruriliyini dərk edən Heydər Əliyev türk dünyasında həmrəyliyin önəmini vurğulayırdı.

"Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”. Bu fikirlər görkəmli dövlət xadiminin 1996-cı ildə Bakıda keçirilən Türk dünyası yazıçılarının qurultayındakı çıxışındandır. Çoxməzmunlu və əhəmiyyətli olan bu çağırış türk xalqlarının birliyi istiqamətində görülməli olan işlərin proqramı kimi qəbul edilə bilər.

Ulu Öndər 1996-cı ilin noyabrında Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə "Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı türk dünyasının dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıda bir araya gətirdi. "Kitabi-Dədə Qorqud”un yubileyinin eyni zamanda UNESKO səviyyəsində qeyd olunması ümumtürk mədəniyyətinin təntənəsinə çevrildi.

Ulu Öndərin türkdilli xalqların inteqrasiyası naminə misilsiz fəaliyyəti, bu istiqamətdə gerçəkləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-la yüksək səviyyəli əlaqələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu təşkilatın fəaliyyətinə yaxından dəstək verir, eyni zamanda qurumun layihələrində yüksək səviyyədə iştirak edir. Görkəmli ədəbiyyat və mədəniyyət xadimlərimizin yubileyləri TÜRKSOY səviyyəsində qeyd olunur.

Heydər Əliyev müstəqil Azərbaycanın islam dünyası ilə əlaqələrinin inkişaf etdirilməsini də diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əməkdaşlığının genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdı. Ümummilli Lider ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafına da öz töhfələrini vermişdi. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr, sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi. Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazandı. Məmnunluqla deyə bilərik ki, bu gün ölkəmizdə islam dininin tarixi mirası qorunur, məscid və ziyarətgahlar təmir-bərpa olunur. Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı” missiyasını layiqincə yerinə yetirdi. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi müsəlman aləminin Azərbaycana göstərdiyi böyük etimadın bariz nümunəsi idi. Hazırda bütün islam ölkələri Azərbaycanın haqq işini beynəlxalq səviyyədə dəstəkləyir, ölkəmizin evsahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərə dəstək olur və yaxından iştirak edirlər.

***

"Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”, - deyən böyük azərbaycanlı qloballaşma prosesində milli-mənəvi dəyərlərimizi ön plana çəkmək, öz milli kimliyimizi, dinimizi və adət-ənənələrimizi yaşatmağı zəruri hesab edirdi. Azərbaycanda multikulturalizm siyasətinin əsasını qoyan, onun daha da dərinləşməsinə mühüm töhfələr verən Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamı Azərbaycanın çağdaş reallıqlarını ifadə etmək baxımından zəruri əhəmiyyət kəsb edir.

Heydər Əliyevin dövlətçilik təliminin prioritet istiqamətlərindən biri də xalqların birgəyaşayışına həssas münasibət idi. Dahi siyasətçi həmişə milli mədəniyyətimiz, milli kimliyimizlə fəxr etsə də, çoxmillətli Azərbaycanın dünya ailəsinin bir üzvü olduğunu qəbul edir, ölkəmizin beynəlxalq aləmə açıq olmasını, mütərəqqi meyilləri üstünlük hesab edirdi. Ümummilli Lider deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Həqiqətən də, dünya mədəniyyətini zənginləşdirən, onu daha maraqlı edən məhz xalqların mədəni sərvətləri, çoxəsrlik adət-ənənələridir.

***

Ulu Öndərin zəngin dövlətçilik təlimi müasir çağırışlara cavab verən modern düşüncələr sistemidir. Bu sistemdə cəmiyyət həyatının bütün sahələri, o cümlədən mədəniyyətə münasibət aparıcı mövqeyə malikdir. Heydər Əliyevin zəngin irsi gənc nəsillər üçün örnəkdir. Bu irsin ölkəmizdə və dünyada təbliği sahəsində mühüm işlər görülür. Ümummilli Liderin ideallarının hər bir istiqaməti tədqiq və təbliğ edilməlidir. Son illər bu qiymətli mirasın öyrənilməsinə həsr olunan müxtəlif nəşrlər işıq üzü görür, ekran əsərləri ərsəyə gəlir. Hər il ölkəmizin təmsil olunduğu nüfuzlu beynəlxalq kitab sərgilərində, mədəniyyət günləri və bu qəbildən digər tədbirlərdə Heydər Əliyevin örnək fəaliyyətinə həsr olunmuş çeşidli nəşrlərin də nümayişi təşkil edilir.

Onu da məmnunluqla qeyd edək ki, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif məqamlarına işıq tutan qiymətli bir nəşr - "Azərbaycan” qəzetinin iki cilddə çap etdirdiyi "Heydər Əliyev mənim həyatımda” kitabı (2005, 2013) Mədəniyyət Nazirliyinin dəstəyi ilə yenidən çap olunacaqdır. İlkin mərhələdə ikicildlik təkmilləşdirilərək Azərbaycan və rus dillərində işıq üzü görəcək, sonra ərəb və ingilis dillərinə tərcümə edilərək çapı həyata keçiriləcəkdir. Bu kitab Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində konkret şəxslərə göstərdiyi xeyirxahlıqları, yardımları, çoxsaylı insanların həyatında oynadığı müstəsna rolu əks etdirir. Sadə, zəhmətkeş insanların, əmək qəhrəmanlarının, elm adamlarının ictimai və siyasi xadimlərin xatirələri əsasında hazırlanan bu məqalələr toplusunda alicənablıq və mərhəmət mücəssəməsi olan Heydər Əliyev şəxsiyyətinin ucalığı, ali insani keyfiyyətləri real faktların dili ilə oxuculara təqdim edilir.

Bu gün Azərbaycan Ulu Öndərin möhkəm təməllər üzərində bərqərar olan, xalqımızın və dövlətimizin etibarlı gələcəyini təmin edən vahid siyasi xətt üzərində inkişaf etməkdədir. Prezident İlham Əliyev Ümummilli Liderin müdrik siyasətini, o cümlədən mədəniyyət himayədarlığını layiqincə davam etdirir. Həm dövlət başçısı, həm də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Ulu Öndərin ideyalarının həqiqi təminatçılarıdır. Heydər Əliyev yolunun bu sadiq davamçıları Azərbaycanın inkişafı naminə böyük fədakarlıq göstərirlər. Xalqımız Ulu Öndərin ölçüyəgəlməz Azərbaycan sevgisinin möhtəşəm bəhrələrini bundan sonra da hər zaman görəcəkdir.

Əbülfəs QARAYEV,

Azərbaycan Respublikasının Mədəniyyət naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video