14 Iyul 2019 00:29
1955
Səhiyyə
A- A+

Boğuluram, xilas edin!


Yayda istirahət üçün insanların ən çox üz tutduğu ünvanlardan biri də dənizdir. Hər kəs fürsətdən istifadə edərək dəniz, qum və günəşin sağlamlığa və mənəvi dincəlməyə birbaşa təsirindən faydalanmağa çalışır. Amma təəssüf ki, hər mövsüm dənizdə boğulma halları ilə də qarşılaşırıq. Bəs suda boğulan insana necə kömək etmək olar?

Bu barədə Fövqəladə Hallar Nazirliyinin maarifləndirici məlumatında bildirilir ki, vaxtında, düzgün ilk yardım göstərməklə suda boğulanları xilas etmək mümkündür. Suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkmişlərin 90 faizini, 6-7 dəqiqə sonra isə 1-3 faizini xilas etmək mümkündür.

Suda boğulan insanın xilası əsasən peşəkar xilasedicilərin öhdəsindən gəldiyi işdir. Boğulan insanın sudan xilas edilməsi özlüyündə xilasedici üçün də çox təhlükəli prosesdir. Suda boğulan insan panika içində əl-qol atır, ətrafında olandan tutmağa çalışır. Qanda adrenalinin səviyyəsinin yüksəlməsi onun düşüncəsini dumanlandırdığı üçün deyilən heç bir sözə reaksiya vermir. Xilasetmənin müddətinin çox böyük əhəmiyyəti var. Belə ki, qan dövranının 5 dəqiqədən çox pozulması zərərçəkmişin beyninin oksigen aclığından zədələnməsinə səbəb olur. Xilasedici bu cür risklərdən qorunmaq üçün çırpınan zərərçəkmişə doğru kəndir və ya istənilən üzən əşya atmalıdır.


Boğulan şəxsin əllərindən xilas olun...


Əgər zərərçəkmiş huşunu və ya gücünü itiribsə bunları etmək lazımdır:

- Sahildən zərərçəkmişə doğru maksimum yaxınlaşın.

- Suya atlanıb boğulan insana doğru üzün.

- Əgər zərərçəkmiş batıbsa, suyun altına dalın, onu görməyə çalışın. Görünüş dairəsi zəifdirsə, əllərinizlə axtarın.

- Onu arxası üstə çevirin.

- Əgər boğulan şəxsin reflektor hərəkətləri ilə əlaqədar çətinlik yaransa, mümkün qədər tez onun əllərindən xilas olun.

- Əgər onun əllərindən çıxa bilmirsinizsə, dərindən nəfəs alıb suya dalın. Zərərçəkmiş yeni bir dayaq axtaran zaman azad ola bilərsiniz.

Batan şəxsə arxa tərəfdən yaxınlaşıb, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır.


Rəngli boğulmalar


Sahildə ilk tibbi yardımın göstərilmə ardıcıllığı boğulmanın növündən asılıdır. Bu, iki cür olur: batan insan göy rəngdə və yaxud ağ rəngdə olur. Göy rəngdə boğulma növündə boğulan insan suda dərhal batmır, suyun üzərində qalmağa çalışır. Bu zaman nəfəs alarkən çox miqdarda su udur ki, bunun nəticəsində mədə dolur və buradan da ağciyərlərə keçir. Bu zaman hava çatışmazlığından bədən göyərməyə başlayır.

Bədəni ağaran adam isə suya düşən zaman həyatı üçün heç bir mübarizə aparmır və dərhal suyun dibinə gedir. Bu, əsasən qayıq çevrilən vaxt baş verir və insan da bu zaman panikanın təsiri altında suyun dibinə gedir. Soyuq su ilə təmas zamanı tənəffüs və ürəyin gözlənilmədən dayanması baş verə bilər. Bu zaman su ağciyərlərə düşmür.

Boğulan adamın bədəni göy rəngə çalırsa, təcili olaraq suyu onun tənəffüs yollarından çıxartmaq lazımdır. Bunun üçün bir dizinizi qatlayıb zərərçəkmişi diziniz üstə elə qoymalısınız ki, onun döş qəfəsinin aşağı hissəsi dizinizə söykənsin, baş və bədənin yuxarı hissəsi aşağıya doğru sallansın. Sonra isə bir əlinizlə onun ağzını açıb, o biri əlinizlə kürəyinə vurmalısınız. Bədənindən suyu çıxartdıqdan sonra onu kürəyi üstə çevirib düz yerdə uzatmaq lazımdır. Bint və ya əl dəsmalı ilə zərərçəkmişin ağız nahiyəsinin ətrafını qumdan təmizləyin. Reanimasiya tədbirlərini tətbiq edin, süni nəfəs verin, ürəyin qapalı masajını edin.

Boğulan insanın bədəni ağ rəngdə olduqda isə dərhal reanimasıya əməllərinə keçmək lazımdır. Soyuqdəyməyə qarşı profilaktik tədbir kimi isə yaş paltarı çıxartmaq, zərərçəkmişi isti paltarlara bükmək, isti su vermək lazımdır. Hər iki halda mütləq xəstəxanaya müraciət edilməlidir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video