11 Iyul 2019 17:38
721
İQTİSADİYYAT
A- A+

Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə iyulun 11-də Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən nazir bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyildir ki, ötəm il Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb.

İqtisadiyyat naziri qeyd edib ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 ABŞ milyard dolları olan layihələrdə podratçı qismində iştirak edib.

İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlığı qeyd edən Ş.Mustafayev Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırıldığını bildirib.

O, Fransa ilə iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığı diqqətə çatdırıb və bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb.

Nazir Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Vurğulayıb ki, "Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74 faizi cari makroiqtisadi vəziyyəti güclü və qənaətbəxş, 90 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki "Azərbaycan investisiya məkanı kimi” sorğusunda isə iştirak etmiş şirkətlərin 75 faizi "Azərbaycana yenidən investisiya qoyardızmı?” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.

Ş.Mustafayev iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, fransalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycandakı biznes mühitinin əlverişliliyini vurğulayıb, "Doing Business 2019” hesabatındakı mövqeyindən məmnunluğunu ifadə edib. Keçirilən biznes forumun əlaqələrin inkişafı üçün səmərəli platforma olduğunu bildirən Jofrua Ru de Beziö ölkəmizin cəlbedici turizm potensialını, bir sıra rəqabətqabiliyyətli məhsulların, xüsusilə yüksək keyfiyyətli şərab istehsalçısı olduğunu vurğulayıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video