Alternative content

05:57 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şərəfin rəmzi
Şərəfin rəmzi
ANA SƏHİFƏ / SİYASƏT
01:25 11.07.2019


İnsanın zamana münasibəti çox qəribədir. Nə qədər ki, körpəsən bugünündən mümkün qədər tez uzaqlaşıb böyüməyə can atırsan, gələcəyə toxunmağı arzulayırsan.

Bir qədər yaşa dolandan sonra ömrünün indiki xoşbəxt anlarını necəsə saxlamaq, zamanı o anlarda dayandırmaq istəyirsən.

Yaşlandıqca isə insan tez-tez keçmişə boylanıb, xatirələrə dalır. Ötən günləri bir də tarix kimi nəzərdən keçirir. Və bu keçmişə səyahətlər çox vaxt da bir insanın ömürlüyündən kənar adlayaraq qərinələrin, əsrlərin o biri tərəflərinə qədər gedib çıxır…

Yazıçılığınsa üstünlüyü bundadır ki, vaxtın sərhədlərini aşıb keçən bu zaman yolçuluğunda keçmişdən bu günə, bu gündənsə gələcəyə doğru nələrsə daşıyıb gətirə bilirsən...

Məhz indi fərqindəyəm ki, son on ildə qələmə aldıqlarımın çoxu tarixi mövzulardır. Bu mövzuda yazdıqlarım barədə oxuculardan müsbət rəylər eşidirəm. Hiss edirəm ki, yazdıqlarım onların xoşuna gəlir.

Və bunu qeyd etməklə əsla təvazökarlıqdan uzaqlaşdığımı sanmıram. Çünki tarixi mövzularda yazdıqlarımın oxucular tərəfindən bəyənilməsi, onların canına yatması yalnız öz hünərim, yazıçı istedadımın gücü deyil. Bu, həm də o əsərlərdə qoyulan mövzuların aktuallığından irəli gəlir, insanların tarixi mövzulara marağından qaynaqlanır. Oxucular belə mövzularda əsərləri həqiqətən istəyirlər. Rastlarına çıxan bu cür kitabları oxumağı vacib və faydalı bilirlər.

Bu, təbiidir. Adam yaşa dolduqca anlamağa başlayır ki, o öz həyatında təkbaşına deyil, ömrünü zamandan, məkandan, keçmişdən, bu gündən, gələcəkdən təcrid olunmuş şəkildə yaşamır. Sürdüyü ömür hansısa böyük bir mədəniyyətin, tarixin kiçik parçasıdır, onun davamıdır. İnsan yaşın bu məqamında dünyaya gəldiyi məkanı, aid olduğu etnosun özünəməxsusluqlarını, əcdadlarının yaşadıqlarını daha aydın dərk etməyə cəhd göstərir.

Tarixi mövzularda əsərlər bu təsəvvürlərin genişlənməsinə yardımçı olur. Ona görə də oxucular, xüsusilə yetkin yaşlı oxucular tarixi mövzulara böyük maraq göstərirlər.

Bir də burada daha bir məqam var: Tarix axı həm də ibrət dərsləridir...

İnsan tarixi ciddi şəkildə öyrəndikcə, onun pərdəarxası məqamlarına nəzər saldıqca, bu dərslərdən daha yaxşı nəticə çıxarmaq, gələcəyə hazırlıqlı şəkildə daxil olmaq istəyir. Və ən əsası, tarixi öyrənən, onun doğrularından, yanlışlarından nəticə çıxarmağı bacaran kəs gələcək qarşısındakı məsuliyyətini də dərindən anlamağa başlayır elə bil...

Keçmişlə tez-tez dialoqa keçir, onu sorğulayır, olub-keçənləri sərf-nəzər edib saysız-hesabsız suallara cavab tapmağa çalışırıq: Biz kimik, tarixin, inkişafın bitib-tükənməyən yollarında haradan haralara qədər gələ bilmişik, nələr qazanmışıq, nələr itirmişik, yanlışlarımız, uğurlarımız nələr olub, bundan sonrakı yolumuz hayanadır?!

***

Hələ orta məktəbdə ikən dərsliklərimizdəki tarixi faktları, saysız-hesabsız illəri, günləri, rəqəmləri yadda saxlamağın çətinliyi barədə müəllimimizə gileylənərkən bizə məsləhət görərdi ki, onları yadda saxlamaqdan daha çox hiss etməyə cəhd göstərək. Olub-keçənləri bir anlıq gözlərimiz önündə canlandıraq, özümüzü də o mənzərənin içində axtaraq. Onda tarixi faktlar heç vaxt hafizəmizdən silinməyəcək.

Kaş ki, bunu şagirdliyimdən bəri edə bilsəydim...

İndi sevimli tarix müəllimimizin, əslində, nə qədər haqlı olduğunu, tarixi hiss etməyin, adama necə maraqlı gəldiyini anlayıram.

Tarixi mövzularda romanlar üzərində işləyərkən günüm tarixçilərimizin müxtəlif dövrlərlə bağlı qələmə aldıqları kitablarla, bu kitabların səhifələrində əks olunmuş məxəzlərlə baş-başa keçir. Bədii təxəyyülün gücü ilə cilalamağa başladığım bu faktları qələmə aldıqca, bəzən özüm də fərqinə varmadan onlara daxil oluram, o tarixi fakt və hadisələrin oxucusundan çox iştirakçısına çevrilirəm.

Və o romanları yaza-yaza, məxəzlərdən o faktları toplaya-toplaya müxtəlif suallar düşüncələrimə rahatlıq vermir. Fikirləşirəm ki, məsələn, Ağqoyunlu dövlətinin ən güclü hökmdarı Uzun Həsən 1473-cü ilin 11 avqustunda indiki Malatya şəhəri yaxınlığında Osmanlı ordusuna qarşı apardığı Otluqbeli, yaxud Tərcan döyüşü zamanı artilleriya silahlarına malik olsaydı və bunun hesabına döyüşdən qalib çıxsaydı, görən, nələr baş verərdi?!

Yaxud canı, qanı, dili, dini bir insanların qurduqları bu dövlətlər - Ağqoyunlu və Osmanlı döyüş meydanında bir-birinə qənim kəsilmək əvəzinə, indiki Azərbaycan və Türkiyənin doğmalığı ilə bir-birinə söykək olsaydılar, tarixin sonrakı gərdişi necə dəyişərdi?!

Onları zəiflədib sıradan çıxarmaqdan ötrü bir-birinə qırdıran orta əsrlər Avropasının məkrinə uyub döyüşməkdənsə, bu iki qardaş dövlət ümumi maraqlar ətrafında, ümumi düşmənlərə qarşı birləşsəydi, görəsən dünya tarixi necə dəyişərdi?!

Yaxud qızılbaşların 1493-cü ilin Ərdəbilində, Rəştində, Lahicanında, Gilanında Eybə Sultanın silahlı dəstələrindən qorumaq üçün bəzən səbətdə gizlətdikləri 5 yaşlı oğlan düşür yadıma...

Cəmi bir neçə ildən sonra tarixdəki böyük qürur yerimizə, vahid Azərbaycan dövlətinin banisinə, Səfəvilərin ən böyük hökmdarına çevriləcək şah babamız - Şah İsmayıl Xətai...

Görəsən Eybə Sultanın silahlıları həmin anlarda o 5 yaşlı uşağı tapıb qardaşı Sultan Əli kimi qətlə yetirsəydilər, tarixdə Səfəvilər dövləti adlı belə bir möhtəşəmlik yaranacaqdımı?!

Məxəzlər ətrafında düşüncələrim tarixi taleyimizdəki ən həlledici anlardan keçdikcə suallarım da davam edir. Bəzən həyəcanlanıram, o anların, qarşıya qoyulan niyyətlərin arzularımdakı kimi həyata keçməməsinə təəssüflənirəm, bir anlıq tarixi o anında durdurub yanlışların düzəldilməsini istəyirəm.

Hərbi nailiyyətlərinə görə tarixçilərin bəzən Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər ləqəbi ilə tanıtdıqları daha bir şahımızı düşünürəm - Nadir şahı...

Düşünürəm ki, Səfəvilərin müxtəlif döyüşlərdəki məğlubiyyətindən və ərazi itkilərindən sonra uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudlarını inzibati qaydada öz idarəçiliyinə alaraq, Səfəvilər dövlətinin sərhədlərini, demək olar ki, tamamilə bərpa edə bilən bu qüdrətli sərkərdə, onun davamçıları belə bir nailiyyəti əsrlərcə qoruya bilsəydilər...

Görkəmli akademik, böyük ictimai xadim Ramiz Mehdiyevin "Tarixi idrakın elmiliyi problemlərinə dair” kitabının 60-cı səhifəsində oxuyuruq: "Şah İsmayıl güclü imperiya yaradaraq Azərbaycan torpaqlarını birləşdirdi”.

Yaxud xalqın ən işıqlı insanlarının, böyük kişilərinin qurub-yaratdıqları Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra süquta uğramasaydı, mövcudluğunu, fəaliyyətini davam etsəydi, qarşıya qoyduğu hədəflərə çatsaydı...

***

Xəyal qanadlarında əsrlərdən-əsrlərə adladıqca qəlbimdəki təəssüf hissini daha da gücləndirən düşüncələrim yalnız XX əsrin 60-cı illərinin sonlarına doğru böyük bir təsəlli ilə rastlaşır...

Əsrlərin üzərindən bulud kimi asılmış təəssüf, məyusluq mənzərələrinin arasından şığıyıb gələn narahat düşüncələrim 1969-cu ilin konkret bir günündə qərar tutur, rahatlıq tapır...

1969-cu ilin 14 iyul günü...

Xəzərin zümrüd qoynuna sığınmış Bakı yay mövsümünə xas günəşli, isti, bağ, dəniz, istirahət əhvali-ruhiyyəli adi günlərindən birini yaşayır. İnsanların çoxu bu gündən etibarən Azərbaycanda yeni bir tarixin başlanmasından, milli dövlətçilik tariximizdə möhtəşəm bir başlanğıcın yaşanmasından bəlkə də xəbərsizdir...

Tarixsə içəridə - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunun keçirildiyi zalda yazılır. O möhtəşəm an burada yaşanır...

1969-cu il 14 iyul tarixli plenum Azərbaycan üçün miqyası onilliklər, əminəm ki, elə əsrlərə sığacaq mühüm bir qərar verir. O günə qədər xüsusi xidmət orqanlarında keçmiş peşəkar karyerasına görə geniş

auditoriyanın o qədər də yaxşı tanımadığı 46 yaşlı Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilir...

***

O dövrün şərtləri daxilində götürsək, sovet partnomenklaturası üçün bu, bəlkə də sıradan bir qərardır. Qərar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu adından verilsə də, namizəd təbii ki, mərkəz tərəfindən irəli sürülüb. SSRİ rəhbərliyi böyük ehtimalla Azərbaycan rəhbərliyinə bir deyil, bir neçə potensial namizəd sırasında məhz Heydər Əliyev adı üzərində dayanıb, plenumda onun seçilməsini tövsiyə edib.

İndi düşünürəm ki, mərkəzin tövsiyəsindəki, plenumun yekun qərarındakı bu ad Heydər Əliyev deyil, hansısa Əhməd Əhmədov, yaxud Məmməd Məmmədov da ola bilərdi.

Əgər həmin gün bu vəzifəyə Heydər Əliyev seçilməsəydi, onda Azərbaycanın taleyi necə olacaqdı?!

Bizi o illərdə və ondan sonrakı dönəmlərdə nələr gözləyəcəkdi?!

Heydər Əliyevin yüksək dövlət vəzifələrindən kənarlaşdırıldığı ötən əsrin 1987-ci illə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan rəhbərliyinə qayıtdığı 1993-cü il arasındakı cəmi 6 illik müddətdə başımıza gələnləri, vətənin dörd bir yanında o illərdə yaşadığımız faciələrin qəmli hekayətlərini danışan Şəhidlər xiyabanlarını, mərmər başdaşlarından boylanan şəhidlərimizin hüznlü çöhrələrini, itirilən torpaqlarımızı, yerlə-yeksan olmuş iqtisadiyyatımızı, pozulan düzənimizi yada salsaq, sovet Azərbaycanının Heydər Əliyevsiz yaşanacaq illərində də günümüzün xoş keçməyəcəyini fəhm etmək o qədər çətin deyil...

***

İnsan həyatın hər anında qanunauyğunluq axtarıb tapmaq istəyir. Əslində isə həyatda çox şeylər adi təsadüflər üzərində qurulub. Adi bir təsadüf, seçim, bəzən böyük bir xalqın taleyini müəyyənləşdirir. Onu ya uzun illərdən bəri can atdığı rifahına qovuşdurur, ya da məhv edir.

Amma orası da var ki, bir çox təsadüflər də müəyyən qanunauyğunluqlar əsasında ortaya çıxır. O təsadüfləri dövr, şərait, yaranmış zərurətin özü formalaşdırır. Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi 1969-cu il də belə bir dövr idi. Azərbaycan cəmiyyəti keçmiş ittifaqın sərhədləri daxilində, sovet quruluşunun məhdudiyyətləri çərçivəsində də olsa, müəyyən dəyişikliklər gözləntisində idi.

Ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərindən özünü göstərən müəyyən mülayimləşmə meyilləri ilə bu dəyişiklik havası ədəbiyyatdan, musiqidən, filmlərdən insanların üzünə vururdu. Cəmiyyətsə daha böyük dəyişikliklər arzusunda idi. Zaman, reallıqlar, həyat şərtləri dəyişirdi, insanlar yaşadıqları dövrün inkişaf sürəti ilə ayaqlaşmağa, öncül xalqlar sırasında öz yerlərini tutmağa can atırdılar. Amma 60-cı illərin sonlarına qədər zəngin təbii sərvətlərinə rəğmən keçmiş ittifaq respublikaları arasında ən axırıncı yerlərdən birini tutan, böyük sənayeləşmə potensialına baxmayaraq aqrar ölkə statusundan çıxa bilməyən bir Azərbaycan vardı. Heydər Əliyevin rəhbərliyinə qədərki bu Azərbaycanda əhalinin əksəriyyəti çox kasıb idi. Xüsusilə kənd yerlərində səhərdən-axşama qədər tarlalarda tər tökən insanlar yarıac-yarıtox yaşayırdılar.

İdarəçilik sistemində kommunist ideologiyasının irəli sürdüyü bərabərlik, dürüstlük, qanunlara hörmət prinsipi ilə bir araya sığmayan mənfi meyillər getdikcə güclənirdi. Məqam sahibləri qanunlardan çox rahatlıqla yayına, mövcud imkanlardan şəxsi mənfəətləri naminə istifadə edə bilirdilər, cəmiyyətdə ədalət prinsipləri pozulurdu.

Elmi-texniki inqilab dövründə, insan oğlunun Aya qədəm basdığı vaxtda millətin, dövlətin gələcəyi üçün elm, təhsil qapılarını xalqın üzünə açmaq tarixi bir zərurət ikən ali və orta təhsil müəssisələrinə qəbulda getdikcə güclənən korrupsiya meyilləri bütün qapıları orta məktəbdə əxz etdiyi biliklərdən başqa güvənc yeri olmayan kasıb-kusub balalarının üzünə bağlayırdı. Bunun müqabilində imkanlı övladları kifayət qədər bilik, qabiliyyət səviyyəsinə malik olmadan nələrinsə müqabilində nüfuzlu ixtisaslara yiyələnib strateji mövqelərə sahiblənirdilər. Və öz faydasızlıqları, ətalətləri ilə cəmiyyətin ümumi inkişafını əngəlləyirdilər.

Azərbaycan insanı daha səmərəli, məhsuldar şəkildə çalışmaq, layiq olduğu həyatı qurmağa can atırdı. Özündə belə bir potensialı görürdü. Amma bundan ötrü insanlara belə bir səmərəli iş mühitini yaradan, zəhmətlərinin müqabilində arzuladıqları həyat səviyyəsini, rifahı onlar üçün təmin edən, xalqın potensialını üzə çıxarıb, ümumi inkişafa yönəltməyi bacaran rəhbərə ehtiyac vardı.

O illərdə, xüsusən mərkəzi şəhərlərimizdə sovet quruluşu ruhunda yeni bir nəsil yetişirdi. Milli köklərlə əlaqə tədricən zəifləyirdi. Kosmopolitizm əhvalı milli özünüdərk duyğusunu sıxışdırmağa başlayırdı. Bu prosesə mane olmağa çalışan, öz əsərlərində, ictimai çıxışlarında tariximizə, soy-kökümüzə üz tutan, milli şüurun oyanışına can atan vətənsevər ziyalılarımız təzyiqlərlə üz-üzə qalırdılar. Onlara sahib çıxan, Azərbaycanın gələcəyi üçün strateji düşünməyi bacaran, milli hədəflərə çatmaq üçün bütün mövcud imkanlardan istifadə etməyə qabil olan milli liderə ehtiyac vardı.

***

Məsələyə bu səmtdən baxsaq, bəli, Heydər Əliyevin həmin gün Azərbaycan KP MK-nın birinci katibi seçilməsi həm də dövrün, şəraitin, xalqın sosial sifarişlərinin formalaşdırdığı bir qanunauyğunluq idi.

Bu mənada 14 iyul 1969-cu il tarixli plenumda Moskvanın təqdim etdiyi gənc namizədə - Heydər Əlirza oğlu Əliyevə səs verənlər bununla, bəlkə heç özləri də fərqində olmadan, mərkəzin tapşırığına yox, Azərbaycan dövlətinin əbədi qüdrətini təmin edən tarixi missiyaya xeyir-dua verdilər...

Bu missiyanı həyata keçirəcək Liderin və onun rəhbərliyi ilə Azərbaycanın gələcəyə doğru yolunu açdılar...

***

"Sonuncu fateh” və artıq bitirmək üzrə olduğum "İki şah, iki sultan” romanlarımda Azərbaycanın milli dövlətçilik tarixinin zirvəsində qərar tutan şəxsiyyətlərimizdən yazmışam. Bu romanları bir liderlər silsiləsi kimi düşünmüşəm. Ömür vəfa etsə, hələ davamı olacaq.

"İki şah, iki sultan” roman-trilogiyadır: birinci kitab "Qazi Bürhanəddin səltənətinin süqutu”na, ikinci kitab Uzun Həsən və anasına, qoca Şərqin ilk diplomat qadını Sara Xatuna həsr olunub. Bu silsilədən "Çaldırana gedən yol” adlı üçüncü romanım Şah İsmayıl Xətaidən bəhs edir.

"Sonuncu fateh” romanımın qəhrəmanı isə Orta Şərqin və Asiyanın sonuncu fatehi sayılan, türk cahangiri Nadir şah Əfşardır.

Annotasiyadan da göründüyü kimi, bu əsərlərdə klassik poeziyamızın da qürur yerlərindən olan, bir-birindən gözəl tuyuqlar müəllifi Qazi Bürhanəddindən başlamış, ta Nadir şaha qədər qədim dövlətçilik tariximizi geniş şəkildə canlandırmağa çalışmışam.

O kitabları yaza-yaza aylarla bu böyük şəxsiyyətlərin, sərkərdələrin, nəhəng dövlət adamlarının keşməkeşli taleyi ilə baş-başa qaldım. Onların irsi üzərində bərqərar edilmiş bir dövlətin vətəndaşı olaraq hər gün qürur duydum bu adlarla...

Və bu insanlar haqqında oxuduqca, öyrəndikcə, onların müqəddəs ruhu ilə dialoqa girdikcə məni kövrəldən yox - bəlkə yaşlanmışam ondandır - hətta hönkür-hönkür ağladan məqamlar da çox oldu...

Bu qeydlərdə məqsədimsə yaradıcılığıma diqqət yönəltməkdən daha çox tarix boyu nə qədər böyük hökmdarlarımızın, qüdrətli liderlərimizin olduğunu oxucularımıza xatırlatmaqdır.

Xalqın dövlətçilik tarixi, ənənələri həmişə bir tac kimi gəlib mənə... Həqiqətən bir xalqın formalaşdırdığı dövlətçilik ənənələri onun başını ucaldan, tarixdə boyunu başqalarından daha hündür göstərən, sözünü ötkün, qılıncını kəskin edən tacdır.

Və bu silsilədə əgər Azərbaycanın milli dövlətçilik tacının qiymətli füruzəsi Uzun Həsəndirsə, ona rövnəq verən zümrüdü Şah İsmayıl Xətaidirsə, yaqutu Nadir şahdırsa, bu tacın tən ortasındakı ən parlaq almazı da məhz Heydər Əliyevidir...

***

"Kaş 1987-1993-cü illərdə də ölkənin rəhbəri o olaydı. Onda başımıza bu qədər işlər gəlməyəcəkdi...”

Heydər Əliyev o dövlət adamıdır ki, tərəfdarları bir qırağa, hətta ona qarşı müxalif mövqedə dayanan insanların yazılarında öz gözlərimlə belə etiraflar oxumuşam.

Və bəlkə də həyatımda ilk dəfə o insanların mövqelərini bölüşmüşəm. Həqiqətən, əgər 1987-1993-cü illərdə də Azərbaycanın rəhbəri təsadüfi insanlar yox, Heydər Əliyev olsaydı, o qədər qurbanlar verməyəcəkdik.

Başımıza o qədər müsibətlər gəlməyəcəkdi. Müharibədə hərəsi bir evin, bir elin, bir obanın dayağı olan lay divar oğullarımızı itirməyəcəkdik. Torpaqlarımızın 20 faizi işğal olunmayacaqdı. Bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşməyəcəkdi. Aylarımız, illərimiz də yox, tam onillərimiz bu qədər problemin həllinə itirilməyəcəkdi. Bütün gücümüzlə, imkanlarımızla yalnız inkişafa yönələcəkdik və hətta bu qədər çətin şərtlər altında belə dövlətimizin intibah yollarında qazandığı tarixi nailiyyətlər indikindən çox olacaqdı.

Amma bunların hamısı oldu. Cəmi bir neçə illik Heydər Əliyevsizlik dövrü yetdi ki, bunların hamısı qəlb ağrısı kimi taleyimizə yazılsın. Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra isə yaralarımız yavaş-yavaş qaysaq bağladı, günbəgün özümüzə gəlib bəlalardan, faciələrdən, ümidsizliklərdən, ağrı-acılardan addım-addım uzaqlaşdıq. Gələcəyə doğru aydın bir yola çıxdıq və bu yolda layiq olduğumuz uğurları birər-birər əldə etdik.

Anladıq ki, istiqlal, demokratik inkişaf başqa xalqlar kimi, bizim də haqqımızdır...

Gördük ki, biz də hüquqi dövlət qura, vətəndaş cəmiyyəti formalaşdıra bilərikmişik...

Fərq etdik ki, nicatımız cəmiyyətdə qanunun aliliyinin, haqqın-ədalətin təmin edilməsində, azad bazar iqtisadiyyatı prinsiplərinin oturuşmasında, qlobal dünyadan mütərəqqi meyillərin əxz olunmasında, amma bununla bahəm milli-mənəvi dəyərlərimizin, tarixən malik olduğumuz tolerantlıq, dünyəvilik kimi bəşəri ənənələrimizin qorunmasındadır.

Onu da duyduq ki, bütün bunlara yetişməyimiz öz liderimizi düzgün seçməyimizdən, onun vətənə, xalqa sonsuz sevgisindən, dövlətçilik ideyalarına sadiqliyindən, gələcəyə aydın baxışından, fəhmindən, qətiyyətindən və təbii ki, özümüzün də xalq olaraq ona dəstəyimizdən asılıdır.

Bu əminliyi, bu güvəni, bu ruhu bizə məhz Heydər Əliyev verdi...

Bu əminlikdən, bu güvəndən, bu ruhdan qaynaqlanan tarixi nailiyyətlərimizi bizə Heydər Əliyev qazandırdı...

Bütün bunları Azərbaycan üçün təmin edən Lider məhz O oldu!..

***

İndi mənim bu sözümü kim təkzib edə bilər ki, Heydər Əliyevsizlik bizim məşəqqətimiz, Heydər Əliyevlə, bu böyük dövlət adamının ölməz ideyaları ilə birgəliyimizsə qurtuluşumuzdur.

Əsrlər əvvəl Uzun Həsən müxtəlif vilayətlərə bölünmüş, param-parça halda bəlli bir coğrafiyanın sinəsinə səpələnmiş əraziləri Ağqoyunlu dövləti adı altında necə birləşdirdisə, Şah İsmayıl Xətai müxtəlif tayfa birliklərini Səfəvilər dövlətində necə bir araya gətirdisə, Nadir şah yavaş-yavaş bir-birindən ayrı düşmüş tarixi torpaqlarımızı yenidən bir dövlətdə toparladısa, bu dövlətin gələcəyi ilə bağlı aydın strateji baxışlar irəli sürdüsə, Heydər Əliyev də ölkənin müxtəlif bölgələrində boy göstərən, Azərbaycanı qurdlar süfrəsindəki dadlı təam kimi parça-parça etmək istəyənləri, böyük bir respublikada özünə xırda-xırda şəhər-dövlətlər qurmağa can atanları zərərsizləşdirib, yenidən Azərbaycan qurdu...

Adını çəkdiyimiz kitabın 65-ci səhifəsində hörmətli akademik Ramiz Mehdiyev yazır: "Məgər Heydər Əliyevin və Şah İsmayıl Səfəvinin Azərbaycan qarşısında bu və digər xidmətləri onları oxşar tarixi şəxsiyyətlər, həqiqi vətənpərvərlər, öz dövrünün siyasi dühaları hesab etmək üçün bizə mənəvi haqq vermirmi? Onlar müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda yorulmadan mübarizə aparır, iqtisadi tərəqqinin, elmin, mədəniyyətin, Azərbaycan dilinin və s. qeydinə qalırdılar”.

Xəyalən tarixin lentini geri fırladıb, bir anlıq düşünürəm: o anlarda Heydər Əliyev kimi liderimiz olmasaydı, zamanın üzərinə qoyduğu zindan kimi ağır missiyanı o, yerinə yetirə bilməsəydi, nələr baş verəcəkdi. Həyatımızda nələr yaşayacaqdıq. Hansı keşməkeşlərə, mərhumiyyətlərə sinə gərəcəkdik?!

Arpa çörəyi tapmayacaqdıq?! Tapacaqdıq.

Bir parça çörəyimiz yəqin olacaqdı yenə. Heç bir xalq son nümayəndəsinə qədər acından qırılıb qurtarmır ki... Bizə də bir parça çörək verən, qarnımızı doyuran tapılacaqdı. Amma o çörək heç vaxt canımıza sinməyəcəkdi daha... Bir parça çörəyimizi ondan sonra bir də heç vaxt könül xoşluğu ilə yeyə bilməyəcəkdik, boğazımızdan keçməyəcəkdi...

Çünki cənubdan şimala, şərqdən qərbə baltalanıb qol-bud edilmiş, parça-parça doğranmış torpaqlar daha bir yerdə vahid bir dövlət - Azərbaycan olmayacaqdı...

Azərbaycan öz taleyini olsa-olsa Bakıdan başlanıb, məsələn, Kürdəmirdə bitən balaca bir federal subyekt kimi sürdürəcəkdi...

Bakı neftini, yeraltı, yerüstü sərvətlərimizi yenə yadlar yağmalayıb özümüzə yad dillərdə hökm edəcəkdilər...

Bu torpaqlarda övladlarımızın gələcək taleyini görə bilməyəcəkdik daha...

Azərbaycanda ən yüksək vəzifə də uzaq başı mərkəzin fərmayişlərini yerinə yetirən bələdiyyə başçısı olacaqdı...

***

Adətən deyirlər ki, tarix təkrar olunmur. Yaxud eyni çaya iki dəfə girmək mümkün deyil. Özüm də tarixi romanlarım üzərində işləyərkən bu postulatı həmişə diqqətdə saxlamağa çalışmışam. Amma məsələyə fərqli baxış bucaqlarından yanaşanda görürəm ki, əslində, yanılmışam, tarix elə həmişə təkrar olunur. Və 1969-cu ilin 14 iyulunda Heydər Əliyev kimi qüdrətli bir dövlət adamının hakimiyyət rəhbərliyinə gəlişi, xalqın önünə düşməsi, əslində, tarixin təkrarlanması və Azərbaycan qarşısındakı yanlışlarını düzəltməsi idi.

Bir qədər əvvəl Onu Azərbaycanın dövlətçilik tacında ən parlaq almaza bənzətdim. Və bu məqamda qətiyyən mübaliğəyə varmadım. Heydər Əliyev tarixi öz qüdrətli sələfləri Uzun Həsənin, Şah İsmayıl Xətainin, Nadir şahın, Cümhuriyyət qurucularımızın baş tutmamış arzularında qaldığı yerdən davam etdirdi. Tarixin yanlışlarını aradan qaldırdı...

Adını çəkdiyim böyük sərkərdələrin, müasir dillə desək, liderlərin hər biri çox mükəmməl dövlət qurub-yaratmışdılar. Amma yaratdıqları bu dövlətlərin uğurlu davamçıları olmamışdı. Qurduqları dövlətlər özlərinin cismani yoxluğundan sonra tədricən zəifləyib sıradan çıxmışdı.

Heydər Əliyev ideyaları isə milli dövlətçilik tacımızda ona görə ən parlaq almaz kimi bərq vurur ki, onun formalaşdırdığı dövlətçilik irsi, azərbaycançılıq düşüncəsi Ulu Öndərin cismani yoxluğunda da yaşayır və müstəqil Azərbaycan dövlətini yaşadır.

***

Bir çox tarixçilərimiz, siyasət adamlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə əsasən Ulu Öndər Heydər Əliyevin varisi kimi yanaşırlar. Mənsə İlham Əliyev şəxsiyyətinə yalnız Heydər Əliyevin milli dövlətçilik irsinin varisi kimi baxmağı o qədər də doğru olmayan yanaşma hesab edirəm.

Bəli, İlham Əliyevin tarixi missiyası Heydər Əliyev ideyalarının davamından başlanır, bu doğrudur. Amma 2003-cü ildən müəllifi olduğu milli dövlətçilik nailiyyətləri ilə bu gün İlham Əliyev özü də Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah, Heydər Əliyev kimi şəxsiyyətlərimizin ardınca tariximizin qüdrət salnaməsinin növbəti istinadgahıdır...

Əcdadlardan gələn arzular İlham Əliyev şəxsiyyətində başa varıb...

Heydər Əliyevin ömür vəfa edib axıra çatdıra bilmədiyi strateji vəzifələr İlham Əliyevin fəaliyyətində tamamlanıb...

Və İlham Əliyev əcdadların o arzuları, Heydər Əliyevin gələcəyə aydın baxışı işığında tarixin ən qüdrətli Azərbaycanını yarada bilib...

***

Bunun özü də maraqlı bir qanunauyğunluqdur: tarixdəki hər bir böyük cahangirin arxasında güclü bir Xanım durur. Məsələn, düşünürəm ki, əgər Sara Xatunun diplomatik missiyası olmasaydı, Uzun Həsənin fəaliyyəti, ümumən Ağqoyunlular dövlətinin taleyi o qədər uğurlu alınmayacaqdı.

Azərbaycan qadınının yerinə yetirdiyi bu missiyanın əsrlərin bu üzündə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın şəxsiyyətində də davam etdiyini görürük. Zərifə xanım da öz mənəvi dəstəyi, ömür-gün yoldaşına həyan olması ilə Heydər Əliyevin həyatında çox mühüm rol oynamışdı, onun əldə etdiyi uğurlarda böyük rolu vardı. "Görkəmli insanların həyatı” silsiləsindən akademik Zərifə xanım Əliyeva şəxsiyyəti haqqında yazdığım kitabda bu barədə maraqlı təfərrüatlara varmışam. Zərifə xanım Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyildi, həm də vətənpərvər məsləhətçisi, ziyalı silahdaşı idi.

Bu gün də cənab İlham Əliyevin taleyində və çağdaş tariximizdə daha bir Azərbaycan xanımının - ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fövqəl rolunu necə görüb, qiymətləndirməmək olar?!

Açıq etiraf edək ki, Mehriban xanımın tarixi xidmətləri, yürüdülən dövlət siyasətinə, cəmiyyətimizə, dövlətçilik irsimizə bu qədər faydaları olmasaydı, Azərbaycan Prezidentinin bu gün qurduğu Azərbaycan bəlkə də tarixin ən qüdrətli Azərbaycanı olmayacaqdı...

Çünki tarixin ən qüdrətli Azərbaycanı bu gün parlaq uğur hekayəsi yazılan və bütün dünyanın diqqətini çəkən Azərbaycandır, Şərqlə Qərbin ortaq ünsiyyət yerinə, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoq məkanına çevrilmiş Vətəndir. Dünyaya ali dəyərlər aşılayan düşüncə mərkəzidir.

Bu gün Mehriban xanım Əliyeva gördüyü işlərlə, təlqin etdiyi prinsiplərlə yeni minilliyin Azərbaycanının, yeni minilliyin azərbaycanlısının, yeni minilliyin Azərbaycan dövlət xadiminin əsas xüsusiyyətlərini formalaşdırır. Bu, adillikdir, insanlara sevgi, mərhəmət bəsləməkdir, onların həyatını yaxşılaşdırmaq üçün çalışmaqdır, milli və ümumbəşəri dəyərlərə sadiqlikdir, bu dəyərlərə sahib çıxıb qorumaqdır.

Mehriban xanımın gördüyü işlər, yüksək fədakarlıq hissi ilə yerinə yetirdiyi layihələr həm Heydər Əliyev şəxsiyyətinə dərin rəğbətin ifadəsidir, həm İlham Əliyevə dəstəkdir, həm də Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə töhfədir.

Əgər bu gün dünyanın hesablaşdığı dövlətin Prezidenti, Birinci vitse-prezidenti bir şəhid anasının qarşısında baş əyirsə, deməli, o dövlət güclüdür...

Xalqı qarşısında baş əyən, xalqa xidməti şərəf bilən liderlərin qurduqları dövlətlər həmişə güclü olub. İlham Əliyev də, Mehriban xanım Əliyeva da buna görə güclüdürlər...

Azərbaycan buna görə qüdrətlidir...

Çünki bu dövlətin rəhbərləri xalqdan yanadırlar, xalqın yanındadırlar...

***

1969-cu ilin 14 iyulundan düz 50 il keçir, artıq - bir əsrin tən yarısı...

Bu 50 il bir qələm adamı, mühəndis, alim, siyasi partiya təmsilçisi, millət vəkili, nəhayət, hər zaman fəal ömür yaşamağa çalışmış adi vətəndaş kimi özümün də yaxından iştirak etdiyim çox maraqlı tarixi dövrdür...

Xoşbəxtəm ki, bu illərdə yaşamışam. Bu vətəndə doğulmuşam, bu dövlətin vətəndaşıyam. Nə yaxşı ki, əcdadlarım da, övladlarım da bu vətəndə dünyaya gəliblər, nəsil şəcərəm bu torpaqlarda yazılıb, yazılır...

Nə yaxşı ki, Əcdadlarım cəngavər oğuz türkləri ailəsinə mənsubdur...

Nə yaxşı ki, daxilimdə bu vətənin tarixinə, şəxsiyyətlərinə böyük maraq var, bu marağı tarixi romanlara çevirməyə Tanrı güc, enerji, azdan-çoxdan da yaradıcı qabiliyyət verib. "İki şah, iki sultan” trilogiyasını artıq yekunlaşdırmaq üzrəyəm, amma yazdıqlarımı, demək olar ki, hər gün təkrar-təkrar bir də sərf-nəzər edirəm...

2019-un iyulunda əyləşib 600 il, yəni tam 6 əsr əvvələ baxmaq çox rahatdır, amma bunun böyük məsuliyyəti də var axı...

Oxucuya təqdim etdiyin bədii faktların, istər-istəməz onlarda rəy yaradacaq gücdə olduğunu anlayırsan. Əslində hər bir yazıçının məqsədi də elə qələmə aldığı fakt, hadisə, obrazlar haqqında oxucuda müəyyən bir təsəvvür formalaşdırmaqdır.

Düşünürəm ki, görəsən bir əsr bundan sonrakı salnaməçi sələfim dövrümüzdən nə yazacaq?!

İndiki günlərimiz haqqında oxucularda yaratmaq istədiyi rəyin məzmunu nələrdən ibarət olacaq?!

Bunu çox düşünürəm. Düzdür, indi texnologiyalar az qala hər gün bizi heyrətləndirməkdə davam edir. Deyirlər ki, gələcəkdə hətta tarixi də robotlar yazacaq. Amma istər insan, istərsə də süni intellekt yazsın, fərq etməz... Təki hər şey düz yazılsın... Olduğu kimi...

1969-cu ildən Azərbaycan həyatında başlanan tarixi irsi görməmək mümkün deyil…

Bildiyim odur ki, bir əsr, iki əsr, lap min il sonra da Azərbaycan tarixinin minillik qüdrət salnamələrini tədqiq edənlər bu silsilədə Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah, Heydər Əliyev və İlham Əliyev dövrlərini Azərbaycan tarixinin ən qüdrətli, qürur doğuran dönəmləri kimi öyrənəcəklər...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

YAP Xətai rayon təşkilatının sədri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM