11 Iyul 2019 01:15
851
Mədəniyyət
A- A+

“İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı kitabın təqdimatı olub


İyulun 10-da İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə iordaniyalı tarixçi və jurnalist Ömər əl-Armutinin müəllifi olduğu "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan dilinə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə tərcümə olunub.

Kitabın məsləhətçisi Rafiq Əliyev tədbirdə çıxış edərək bildirib ki, bu, Ömər əl-Armutinin ölkəmizlə bağlı ikinci nəşridir. O, Azərbaycan ilə İordaniya arasındakı münasibətlərdən, ölkələrimizin oxşar cəhətlərindən danışıb.

R.Əliyev nəhəng güc sahiblərinin beynəlxalq hüququn normalarına məhəl qoymadığını, nəticədə qanlı müharibələrin, vətəndaş qarşıdurmalarının baş verdiyini söyləyib. O deyib ki, ikili standartlar artıq beynəlxalq münasibətlərdə bir normaya çevrilməkdədir. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının üzvləri bu kimi xoşagəlməz hallarla mübarizəyə töhfə verə bilərlər.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov deyib ki, Azərbaycan İslam dünyasında həmrəyliyin yaradılmasında böyük səylər nümayiş etdirir. Azərbaycan müsəlman ölkələri, o cümlədən İordaniya ilə 25 ildən artıqdır ki, bir çox sahələrdə uğurlu əməkdaşlıq edir. Kitabda da qeyd olunduğu kimi, əsası ümummilli lider Heydər Əliyev və Kral Hüseyn bin Talal tərəfindən qurulmuş Azərbaycan-İordaniya dostluq və əməkdaşlıq əlaqələri bu gün yüksələn xətt üzrə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirirlər.

Bəhruz Həsənov bildirib ki, Ömər əl-Armutinin müəllifi olduğu kitabda onun Azərbaycana olan sevgisi açıq şəkildə görünür. O, ölkəmizə sevgisini poeziya dilində vəsf edib.

Prezident Administrasiyasının məsul əməkdaşı hər iki ölkənin jurnalistləri arasında qurulan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə xidmətlərini qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri və kitabın redaktoru Fazil Abbasov yeni nəşrin önəmindən danışıb. O deyib ki, Ömər Əl-Armutinin dörd il əvvəl işıq üzü görmüş "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabı ötən il Assosiasiya tərəfindən tərcümə edilərək nəşr olunub.

Fazil Abbasov bildirib ki, bu gün İslam dəyərlərinə qarşı aparılan çirkin kampaniyanın qarşısının alınmasında müsəlman ölkələrinin, o cümlədən bu ölkələrin jurnalistlərinin həmrəyliyinə böyük ehtiyac var. Bu gün bu həmrəylik Azərbaycan və İordaniya tərəfindən layiqincə nümayiş etdirilir.

Assosiasiyanın sədri vurğulayıb ki, bu kitabda təkcə müəllifin öz düşüncələri deyil, digər iordaniyalı müəlliflərin, jurnalistlərin fikirləri də öz əksini tapıb.

Nəşrin digər məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, bu kitab Azərbaycan dövlətinə və xalqına olan sevginin nəticəsidir. Bu nəşr vasitəsilə Azərbaycan mədəniyyəti və tarixi İordaniyada geniş təbliğ olunur. Bu işin həyata keçməsində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının mühüm xidmətləri var.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Azərbaycan və İordaniya müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına yol açıb. Ömər əl-Armuti kitablarında Azərbaycanın üzləşdiyi problemlərlə yanaşı, əldə etdiyi nailiyyətləri də iordaniyalılara çatdırır.

Kitabın müəllifi, iordaniyalı tarixçi-yazıçı Ömər əl-Armuti bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabından sonra "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar” adlı yeni nəşri onun Azərbaycana olan sevgisini sübut edir. Yeni kitabda Azərbaycan-İordaniya dostluq və qardaşlıq münasibətlərindən bəhs olunur. O qeyd edib ki, bu kitabları yazmaqda məqsədi ərəb ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verməkdir.

Ömər əl-Armuti vurğulayıb ki, Dağlıq Qarabağda törədilən faciələr İslam dünyasına qarşı hücumların bir hissəsidir. Bu səbəbdən İslam həmrəyliyi daha da möhkəmləndirilməlidir.

Tədbir müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video