Alternative content

02:06 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dialoq və həmrəylik siyasəti
Dialoq və həmrəylik siyasəti
ANA SƏHİFƏ / SİYASƏT
01:13 11.07.2019


Azərbaycanın sivil dövlət-din münasibətlərinə görə dünyanın əksər ölkələri üçün örnək olması həm də milli mətbuatımızın fədakar əməyinin, maarifçilik əqidəsinə, milli məsləkə sadiqliyinin nəticəsidir


Milli mətbuatımızın əsasının qoyulduğu 1875-ci ildən üzübəri Azərbaycan mətbuatının dinə münasibəti kifayət qədər aydın və birmənalı olub. Əlbəttə, mətbuat tariximizdə bir o qədər nəzərə çarpmayan müəyyən xırda istisnalar rastımıza çıxa bilər, amma geniş mənada götürdükdə Azərbaycan mətbuatı heç zaman dini radikalizmə yuvarlanmayıb. Eləcə də dövlət quruluşunda qeyri-dinyəviliyin təbliğini özünün ardıcıl fəaliyyət xətti kimi götürməyib.

Tarixin müəyyən dönəmlərində əlverişli vəziyyətlərdən yararlanmağa çalışaraq ortaya çıxmağa çalışan radikal dini baxışlı qrupların cəmiyyətdə özünə dayaqlar tapıb irəli gedə bilməməsinin əsas səbəblərindən biri də, təbii ki, mətbuatın, xalqın işıqlı insanlarının bu ziyanlı təmayülə dəstək verməməsi olub. Bu gün Azərbaycanın sivil dövlət-din münasibətlərinə görə dünyanın əksər ölkələri, xüsusilə müsəlman ölkələri üçün parlaq örnək olması da milli mətbuatımızın fədakar əməyinin, maarifçilik əqidəsinə, milli məsləkə sadiqliyinin nəticəsidir.

Azərbaycan mətbuatı XX əsrin əvvəllərində də, sovet dövründə də, müstəqillik illərində də, hətta ayrı-ayrı firqə maraqlarını əks etdirsə belə, bir ümumi məsələdə daim həmrəylik göstərib, müştərək istiqamətdən kənara çıxmayıb. Bu, xalqın maarifləndirilməsi, mütərəqqi dəyərlərin, müasir inkişafın təbliği xəttidir. Böyük fikir adamı Həsən bəy Zərdabinin 1875-ci ilin 22 iyulunda "Əkinçi” qəzeti ilə düşüncələrdə səpdiyi toxumların bu cəhətdən də xeyli sağlam olduğunu və cəmiyyətimiz üçün faydalı bəhrələr verdiyini söyləyə bilərik.

Sovet dövründə bizlərə uzun illər materialist filosof, az qala ateist kimi təqdim edilmiş Zərdabi, eləcə də Mirzə Cəlil, Sabir kimi dühalarımız qətiyyən İslam dininə qarşı deyildilər. Onlar millətin inkişafında milli-dini dəyərlərə, əslində, böyük önəm verirdilər. Amma cəmiyyətin yeniləşməsi, inkişaf etməsi üçün Qərb mədəniyyətindən də yardımçı vasitə kimi istifadəni vacib sayırdılar. Bu düşüncə adamları İslam dininə deyil, xürafata, dinə yanlış münasibətin geniş meydan açdığı cəhalətə, nadanlığa, cəmiyyəti axsadıb inkişafdan saxlayan radikal dini baxışlara qarşı idilər.

Görkəmli alman mütəfəkkiri Vamberin "İslam” kitabı ilə yaxından tanış olan Zərdabi onun Şərq və Qərb cəmiyyətləri ilə bağlı fikirlərini "Əkinçi”də dərc etdirmişdi. Hələ XIX əsrin sonlarında belə mövzularda müzakirə ənənələrinin, demək olar ki, yayılmadığı, bu ənənəni yarada, dinə düzgün münasibət formalaşdıra biləcək təhsilli insanların sayının kifayət qədər az olduğu toplumda "əsl İslam hansıdır?” sualına cavab tapmağı özünə borc bilmişdi. Vamberin məlum kitabından "Əkinçi”də dərc olunan fikirlər, din və cəmiyyət, din və tərəqqi, din və siyasət və s. məsələlərin, Şərqlə və Qərb arasında bu günə qədər davam edən inkişaf fərqlərinin, nəhayət əsl İslamın düzgün dərkindən ötrü oxucular üçün bir növ aydınlaşma məqamı idi.

Bütün cəhətləri ilə din bir mənəviyyat hadisəsidir. Tarixin heç bir dövründə müxtəlif mədəniyyət vasitələrinin heç biri insanların ruhani dünyasına din qədər dərindən nüfuz edə bilməyib. Elmi-texniki tərəqqinin gücü, geniş areallarda yayılmış siyasi ideologiyalar, sərt qadağalar dini dəyərləri insanların düşüncəsindən sıxışdırıb kənara çıxara bilməyib. İnanc əsrlər boyu insanlar üçün həm də bir milli dəyər faktoruna çevrilib. Milli-mənəvi dəyərlərin ayrılmaz tərkib hissəsi olub. Bir çox milli kodları, mental düşüncələri, adətləri, cəmiyyət həyatının müxtəlif sahələri üzrə formalaşmış tarixi ənənələri özündə ehtiva edib. Bu proseslərin uğurlu gedişində şübhəsiz ki, Azərbaycan mətbuatının əlahiddə xidmətləri, düzgün yanaşması olub.

Bu gün Azərbaycan dövlətinin dinlə bağlı həyata keçirdiyi siyasətin ana xətti də dini bir dəyərlər toplusu kimi qorumaq, öyrənmək və onun üstünlüklərindən cəmiyyətin inkişafı, insanların mənəvi-əxlaqi tərbiyəsi, milli vəhdətimiz üçün bəhrələnməkdir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi xətdir. Azərbaycan dövləti ölkəmizin ərazisində tarixən mövcud olmuş bütün dinlərə böyük önəm verir. Dini mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının vicdan azadlığının təminatçısı rolunda çıxış edir, respublikamızda fəaliyyət göstərən dini icmaların fəaliyyətinə şərait yaradır. Dövlət islam dininin əsas simvollarından olan məscidlərimiz kimi Azərbaycandakı kilsələrin, sinaqoqların tikintisi, təmiri, abadlığı qayğısına da qalır. Azərbaycan KİV-də bu proseslər barədə mütəmadi araşdırmalar, şərhlər, reportajlar hazırlanır, ictimaiyyət yetərincə dolğun məlumatlandırılır.

İslam dini bizim üçün ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan da müsəlman ölkəsidir, islam dünyasının əhəmiyyətli bir parçasıdır. İslam dini cəmiyyətimiz üçün sadəcə dini inanc, rituallar deyil, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi milli özünəməxsusluğumuzu qoruyan gücdür. Dövlət bayrağımızdakı üç rəngin - mavi türkçülüyün, qırmızı müasirliyin və yaşıl islamın ideya müəlliflərindən olan Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsində göstərirdi ki, islam dinini bizə ərəblər gətirsə də, xalq olaraq milli özünəməxsusluğumuzun qorunmasında bu dinin çox böyük rolu olub. Əsrlər ərzində məhz bu dinin qoruyucu gücü sayəsində başqa böyük xalqların içində əriyib itməmişik. Qloballaşan dünyamızda milli özünəməxsusluğumuzun qorunması və inkişafı üçün islami dəyərlərin gücü yenə əsas istinad mənbələrimizdəndir. Ona görə də bu gün Azərbaycan dövləti dini dəyərlərimizə nəinki sahib çıxır, həm də müasir dünyada islama düzgün münasibətin formalaşması üçün intellektual məkan, düşüncə mərkəzi rolunu oynayır.

Bu gün Azərbaycan dövləti həyata keçirdiyi uğurlu din siyasəti ilə bir çox ölkələrə örnək ola biləcək mükəmməl bir model formalaşdırır. Bu model iki əsas istiqamətə söykənir. Bunlardan birincisi dinlər və böyük mənada mədəniyyətlər arasında dialoqun qurulması, digəri isə islam dünyasının öz daxilində də həmrəyliyin əldə edilməsidir. Azərbaycan mətbuatı bu mühüm proseslərin əsas təbliğatçı, təşviqatçısı kimi sağlam mövqe nümayiş etdirir, həyata keçirilən siyasətin mahiyyətini düzgün olaraq ictimaiyyətə çatdırır.

Dinlər və mədəniyyətlərarası dialoq üçün Azərbaycanın son onilliklərdə həyata keçirdiyi ardıcıl təşəbbüslər, 2008-ci ildə bu məqsədlə irəli sürülən və öz uğurları ilə artıq beynəlxalq bir platformaya çevrilən "Bakı prosesi” çərçivəsində görülmüş işlər yeni minilliyimiz üçün məsələnin son dərəcə aktuallığından gəlir.

ABŞ alimi Samuel Hantinqtonun hələ ötən əsrin 90-cı illərindən "Sivilizasiyaların toqquşması” adı altında irəli sürdüyü proqnozlar, əfsus ki, bu gün özünü doğrultmaqdadır. Bu toqquşma, əsasən, Şərq və Qərb sivilizasiyaları, bir qədər də konkretləşdirsək, İslam və xristian dünyası arasında özünü göstərir. Bu da təsadüfi deyil. Çünki islam və xristianlıq ayrı-ayrılıqda Şərq və Qərbin çoxcəhətli dəyərlərini ən ümumiləşmiş formada ifadə edən, çoxlu sayda xalqların tarixi keçmişini, dünyagörüşünü, həyat tərzini ortaq bağlarda birləşdirən fərqli sivilizasiyalar kimi çıxış edir. Bu toqquşma ən müxtəlif formalarda təzahür edir. Elm, texnologiyalar, iqtisadi inkişaf kimi informasiya, təbliğat savaşı fəndlərində də xeyli irəli getmiş Qərb islam dünyasının mövqelərini sarsıtmaqdan ötrü ən ağlagəlməz üsullara əl atır. İslam dininə qarşı məqsədli təxribatlar həyata keçirilir. Mahiyyətcə sülh, sevgi, mərhəmət, ədalət, elm və irfan dini olan İslamın terror, zorakılıq, nadanlıq obrazı formalaşdırılır. Ayrı-ayrı ölkələrdə islam pərdəsi altında törədilən qanlı terror əməlləri ilə bir tərəfdən islam dini məqsədli şəkildə gözdən salınır, digər tərəfdən də bu dinin daşıyıcılarının həyatı təhlükə altına salınır. Müxtəlif yerlərdə tez-tez məscidlərdə, kütləvi ibadət məkanlarında İslam ümmətinə qarşı terror aktları törədilir. Yüzlərlə günahsız insan həyatından məhrum olur.

Ona görə də bu gün dini dəyərlərə münasibət və bu münasibətlər zəminində ortaya çıxan çoxsaylı problemlərin həlli yollarının axtarılması, bəlkə tarixdə heç zaman olmadığı qədər mühüm aktuallıq qazanmışdır. Bu məsələlər sevindirici haldır ki, Azərbaycan mətbuatının ən çox müraciət etdiyi mövzulardandır. Mütəmadi olaraq bu barədə şərhlər, araşdırmalar çap olunur, dünyada bu zəmində baş verən hadisələr, ən əsası isə Azərbaycanın bu prosesdə tutduğu ədalətli və barışdırıcı mövqe təfsilatı ilə yerli və beynəlxalq ictimaiyyətə çatdırılr.

Qədim dövrlərdən çoxmillətli ölkə kimi zəngin tolerantlıq ənənələrinə malik olması, dünyəvi və dini dəyərlər arasındakı tənasübü dəqiq şəkildə qoruya bilməsi, təhsilli, savadlı insanların rolunun, mövqeyinin aparıcı olduğu cəmiyyətimizdəki yüksək rasional düşüncə tərzi, eyni zamanda Prezident İlham Əliyevin bütün bu üstünlükləri ehtiva edən dövlət siyasətinin uğurları sayəsində bu gün Azərbaycan mədəniyyətlərarası dialoq ideyasının real fəaliyyət mərkəzinə çevrilib. Hər il ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, mədəniyyət tədbirləri, Qərb və İslam dünyasının aparıcı təmsilçilərinin bir araya gətirilməsi, multikulturalizm ideyalarının təşviqinə yönələn addımlar bu ali məqsədə xidmət edir.

Bu missiyanın həyata keçirilməsində, məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi var. Onun çox nadir hal kimi eyni vaxtda həm Qərb dünyasına aid UNESKO-nun, həm də islam dünyasının mövqeyini əks etdirən İSESKO-nun xoşməramlı səfiri statusunu daşıması, Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq sahəsində öz nəcib məqsədinə doğru tarixi nailiyyətlərinin simvolu sayıla bilər.

Azərbaycan bu gün, həmçinin müsəlman dünyasının öz daxilində İslam həmrəyliyi ideyasının aparıcı qüvvəsi kimi çıxış edir. Bu ideya da tarixi reallıqların diktəsidir. İlk növbədə, mədəniyyətlərarası dialoqda, obrazlı desək, çəkici eyni zindana vurmaq, islamın mütərəqqi ideyaları ətrafında bir araya gələrək vahid dəyər formalaşdırmaq üçün müsəlman ölkələri arasında vəhdət təmin olunmalıdır. Qeyd edək ki, bu gün və əslində tarixən də İslam dünyasına qarşı həyata keçirilən əsas təxribat istiqamətlərindən biri müsəlman ölkələri arasında təfriqə salınması, onların üz-üzə qoyulması, bir-biri ilə münaqişələrə sürüklənməsi və beləliklə vahid amallardan iraq düşməsidir. Şübhəsiz ki, hadisələrin gərginləşməsində xarici mətbuatın müstəsna rolu olur. Onların qərəzli, təhrifə yol verən yanaşmaları bu yönümdə mövcud olan onsuz da gərgin münasibətləri daha da mürəkkəbləşdirir. Lakin Azərbaycan mətbuatı bu zərərli tendensiyadan uzaq olmaqla yanaşı, öz timsalında barışdırıcı, düzgün mövqe sərgiləyir.

Bu gün islam hücuma məruz qalan tərəfdir. İslami dəyərlərin müasir dünyamızda qüdrətli hamiyə, ona sahib çıxıb zamanın çağırışlarına uyğun inkişaf etdirəcək, gələcəyə daşıyacaq yetkin cəmiyyətlərə ehtiyacı var. Son onilliklərdə islami dəyərlərin müxtəlif qərəzli kampaniyalardan qorunması, bu dəyərlərin dünyaya öz ilahi mahiyyətində təqdim edilməsi ilk növbədə İslam həmrəyliyindən, müsəlman ölkələrinin islam inancı və ümumbəşəri ideyalar ətrafında bir araya gətirilməsindən keçir.

"Çalışmalıyıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar” - Prezident İlham Əliyevin bu fikirləri onun missiyasının əsas məramlarıdır və islam dünyasına bu müraciətin indiyə qədər bənzər məzmunda səslənmiş başqa çağırışlardan ən böyük fərqi bu niyyətdəki səmimiyyətdir. Sevindiricidir ki, Azərbaycan mətbuatı Prezident İlham Əliyevin siyasətini tam mahiyyəti ilə anlayır və onun təbliğində böyük fədakarlıqlar göstərir.

İslam həmrəyliyi amalına xidmət Azərbaycan və onun mətbuatı üçün şüar, siyasi maraq elementi, yaxud iqtisadi mənfəət hədəfi deyil, tarixi taledir. Azərbaycan bu taleni XXI əsrdən də çox-çox əvvəl, xalqımızın ilk maarifçilərinin fikir tarixi səhnəsində göründükləri vaxtlardan yaşamağa başlayıb. XIX əsrin ikinci yarısından etibarən başlayan, ötən əsrin əvvəllərində daha geniş miqyas alan milli maarifçilik dalğasının həyata keçirilməsində və uğur qazanmasında isə mətbuat düşüncə adamlarımızın ən qüdrətli silahı idi.

Fərəh doğuran haldır ki, Azərbaycan mətbuatı, jurnalistlərimiz bu missiyanı müasir dövrümüzdə də uğurla davam etdirirlər. Dövlətimizin əsaslandığı dünyəvilik prinsiplərinin, din və dövlət münasibətlərinin, mədəniyyətlərarası dialoq və islam həmrəyliyi ideyalarının izahında fəal rol oynayırlar. Qələm sahiblərimizin, ziyalılarımızın radikal dini meyillərə qarşı mətbuatda hər zaman kəskin vətəndaş mövqeyindən çıxış etmələri, öz vicdanlarının səsi ilə məsələlərin mahiyyətini geniş xalq kütlələrinə çatdırmaları, insanlar arasında maarifləndirmə işləri aparmaları cəmiyyət olaraq böyük uğurumuzdur. Bütün bunlar həm də jurnalistika fəaliyyətinin qayəsini təşkil edir. Azərbaycan jurnalistikası bu zəmində formalaşıb. Maarifçilik, cəhalətə, xürafata qarşı mübarizə, cəmiyyətə düzgün yol göstərmə bu sənətin mayasındadır.

Azərbaycan dövlətinin həyata keçirdiyi din siyasətinin gerçəkləşməsində mühüm rol oynayan, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsini təmin edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də məhsuldar, səmərəli fəaliyyəti, eləcə də Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun reallaşdırdığı layihələrlə bu işə dəstək verir. Komitənin jurnalistlər üçün təşkil etdiyi tədbirlər, seminar və treninqlər, müsabiqələr mətbuat nümayəndələrinin fərdi inkişafına, peşəkarlığının artırılmasına, maarifləndirmə fəaliyyətinə böyük dəstəkdir.

Jurnalistlərimizin indi buna çox ehtiyacı var. Onların böyük vətəndaş təəssübkeşliyi ilə qələmə aldıqları yazıların, hazırladıqları televiziya, radio materiallarının bir qismində çatışmayan cəhət məhz peşəkarlıq olur. Bu da təsadüfi deyil. Çünki din, eləcə də din və dövlət münasibətləri kifayət qədər mürəkkəb, zəngin biliklər tələb edən sahədir. Azərbaycan jurnalistikası uzun illər ərzində obyektiv səbəblərdən bu sahədə peşəkarlıq ənənələrinə malik olmayıb. İndi isə bu ənənələrin formalaşması mediamızda dini mövzularla bağlı peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət göstərəcək, cəmiyyətimizin maariflənməsinə böyük töhfə verəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 İyul Milli Mətbuat Günü münasibətilə "Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM