10 Iyul 2019 00:26
1021
Mədəniyyət
A- A+

Görkəmli pedaqoq, ictimai-siyasi xadim


Elə insanlar var ki, onlar yalnız yüksək intellekti, istedadı, müdrikliyi və əməksevərliyi sayəsində ucalır və böyük hörmət sahibi olurlar. Halallığı, düzlüyü özlərinə yol yoldaşı seçən bu insanlar heç vaxt haram tikə yeməzlər, həyatlarının mənasını öz peşələri ilə xalqa xidmətdə görərlər. Zaman keçdikcə ömrü kitablaşan, dastanlaşan, şəxsiyyəti ictimailəşən belə insanların müasiri olmağından, onlarla bir yerdə, bir amal uğrunda çalışmaqdan qürur duyur, iftixar hissi keçirirsən. Belə insanların həyat yolu çoxlarına nümunədir - örnəkdir. Onların ömür yolundan çoxları dərs götürüb özünə yol seçir, həyatlarını halallıq və düzlük üzərində qurmağa çalışır.

Belə insanlardan biri də Zahid İbrahim oğlu Qaralovdur. Hər şeydən əvvəl, səbr və təmkin yolçusu, sadəlik və xeyirxahlıq mücəssəməsi - bunlar onda cəmləşmişdi. Attığı bütün addımlarda haqq-ədaləti göz bəbəyi kimi qoruyan, milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi gözünün üstündə saxlayan, yüksək intellektli Azərbaycan ziyalısı, görkəmli ictimai-siyasi xadim idi. Ömrünün xeyli hissəsini elmə, təhsilə, dövlətçiliyə və cəmiyyət üçün faydalı olan işlərə həsr edən fədakar insan Zahid Qaralov deyəndə istər-istəməz gözümüz önünə sadəlik, düzlük, mərdlik, cəsarət və böyüklük obrazları gəlir və bu obrazlar onun keçdiyi şərəfli həyat yolunu müəyyən edir.

Həyat kredosunu Zahid Qaralov özü belə ifadə edirdi: "Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam, keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.

Zahid Qaralov keçdiyi zəngin və şərəfli həyat yolunun bütün dövrlərində ölkəmizin milli maraqlarını və milli dəyərlərini hər şeydən üstün tutaraq istər elmi-pedaqoji, istər qanunvericilik, istərsə də ictimai-siyasi sahədəki fəaliyyətində öz həyat salnaməsinin parlaq səhifələrini yaratmışdır. Həmişə prinsipiallıq, əzmkarlıq nümayiş etdirərək sədaqətlə dövlətimizə, millətimizə xidmət etmiş və xalqımız tərəfindən böyük hörmət və rəğbət hissi ilə qarşılanmışdır. Gənc yaşlarından əmək fəaliyyətinə başlayaraq doğulduğu Borçalı mahalının Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində müəllim, məktəb direktorluğundan Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda direktor, respublikamızın maarif nazirinin müavini, YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvü, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı və parlamentin Regional məsələlər daimi komissiyasının sədri vəzifələrinədək yüksəlmişdir.

O, tutduğu vəzifədən asılı olmayaraq, üzərinə düşən bütün işləri yüksək peşəkarlıqla, layiqincə yerinə yetirərək göstərilən etimadı daima doğrultmuş, dövlətimizin və xalqımızın etibarını qazanmışdır. O, fədakar pedaqoq, elm xadimi və millət vəkili kimi daima Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi üçün çalışmış, milli maraqları hər şeydən üstün tutmuşdur.

Azərbaycan pedaqogika elminin inkişafına mühüm töhfələr verən Zahid Qaralov təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınır. O, 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, müvafiq elmi dərəcələr almış və professor elmi adına layiq görülmüşdür. 200-dən çox elmi məqalənin və 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. 170-ə yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük xidmətləri vardır. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə edib. Görkəmli alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Azərbaycan Respublikasının əməkdar müəllimi kimi yüksək ada layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında "Pedaqoji və psixoloji elmlər üzrə ekspert komissiyası”na uzun illər sədrlik etmişdir.

Müstəqilliyimizin ilk illərində ölkəmizin ən çətin və ən ağır dövründə baş verən ictimai-siyasi proseslərdə Zahid Qaralovun daha yaxından və fəal iştirak edərək göstərdiyi xidmətləri və nümunəvi vətəndaşlıq keyfiyyətlərini qeyd etmək lazımdır. 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayına qədər bir-birini tez-tez əvəzləyən itirilmiş imkanlar, itkilər və hakimiyyəti qanunsuz, zorla ələ keçirən səriştəsiz, səmərəsiz idarəçiliyə malik olan və milli maraqları arxa plana keçirən biabırçı hakimiyyətlər dövrü ölkədə elə bir vəziyyət yaratmışdı ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq iqtidarında deyildi, hətta məhv olmaq, parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir dövrdə Zahid Qaralov bir qrup ziyalılarla - "Partiyamızın qızıl fondu” adlandırılan "91-lər”lə bərabər yeganə qurtuluş yolunu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, yeni siyasi partiya yaradılaraq xalqın onun ətrafında birləşməsində görür və xalqımızın 91 nəfər qeyrətli ziyalısının imzaladığı o tarixi müraciəti Heydər Əliyevə ünvanlandırırlar.

Regional məsələlər daimi komissiyasına sədrliyi dövründə Z.Qaralov müstəqillik dövrü üçün tamamilə yeni institut sayılan bələdiyyələrin nəinki qanunvericilik bazasının yaradılması, eləcə də bu yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli təşkili və idarəedilməsi sisteminin qurulmasında əhəmiyyətli rol oynamış və onun bu sahədə faydalı ideyaları bu gün də aktuallığını saxlamaqdadır.

Zahid Qaralovun ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin siyasi sisteminin sütunu hesab olunan Yeni Azərbaycan Partiyasının yaradılmasında fədakarlıq göstərməsi, Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransında fəal iştirakı, İdarə Heyətinin və Siyasi Şuranın üzvü seçilməsi idi. Zahid Qaralov YAP Səbail rayon təşkilatının yaradıcılarından biri kimi uzun illər (1993-2015-ci illər) yüksək peşəkarlığı, siyasi mədəniyyəti, bacarığı, təşkilatçılıq qabiliyyəti ilə rayon təşkilatına uğurla rəhbərlik etmişdir.

Mənim Zahid müəllimlə birgə fəaliyyətim 2000-ci illərə təsadüf edir. O vaxt Azərbaycan Dövlət İqtisad Universitetində YAP Səbail rayon təşkilatının ilk ərazi təşkilatı fəaliyyət göstərirdi. Zahid müəllim universitetimizdə keçirilən müxtəlif tədbirlərdə dəfələrlə olmuş və geniş məzmunlu məruzələrlə tələbə-müəllim kollektivi qarşısında çıxışlar etmişdir. Sonrakı illərdə Milli Məclisdə Elm və təhsil komitəsində "Təhsil haqqında” və "Elm haqqında” Azərbaycan Respublikasının Qanunu layihələrinin hazırlanması zamanı Zahid müəllimlə sıx və məhsuldar əməkdaşlığımızı davam etdirmişik və geniş fikir mübadiləsi aparmışıq. Onun məktəbəqədər və xüsusilə ümumi orta təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması və idarə edilməsi istiqamətində təqdim etdiyi təkliflər və tövsiyələr sözügedən qanunun müvafiq müddəalarında öz əksini tapmışdır. Onunla əməkdaşlığımızı və söhbətlərimizi indi də xatırlayaraq böyük əminliklə deyə bilərəm ki, Zahid Qaralov vətənini, dövlətini, xalqını sevən və onlara son dərəcə bağlı olan əqidəli və sədaqətli bir ictimai-siyasi xadim, daim düzgünlüyün və haqqın tərəfində yer alan ədalətli və vicdanlı bir insan, müxtəlif səpkili problemləri hər zaman diqqət mərkəzində saxlayan, bu problemlərdən çıxış yolları axtarmağa və xalqı maarifləndirməyə çalışan ziyalı, yaradıcı bir alim, istənilən vaxt əməkdaşlığa, dialoqa açıq olan və digər müsbət keyfiyyətləri özündə cəmləşdirən bütöv bir şəxsiyyət idi.

Zahid Qaralovun çoxşaxəli fəaliyyəti yalnız elm və təhsillə bağlı olmayıb. Onun bu gün də aktuallığını saxlayan ümumbəşəri problemlərin həllinə həsr edilmiş konseptual fikirləri və fəlsəfi düşüncələri müəllifi olduğu çoxsaylı monoqrafiyalarında öz əksini tapmış və gənc nəslin yetişdirilməsində pedaqoqlarımız üçün yol xəritəsinə çevrilmişdir.

Zahid Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti xalqımız, dövlətimiz qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif edilmişdir.

Zahid Qaralov görkəmli alim, ictimai-siyasi xadim, nümunəvi və qayğıkeş ailə başçısı, elinə-obasına bağlı təəssübkeş bir insan kimi daima qəlbimizdə yaşayacaqdır.

Şəmsəddin HACIYEV,

Milli Məclisin deputatı,

YAP Səbail rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video