14 Iyun 2019 14:51
538
SİYASƏT
A- A+

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının iştirakçıları Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının iştirakçılarından bir qrupu 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub və gələcəyin zabitləri ilə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə UNEC-in professor, müəllim və tələbələrindən ibarət qrup 2004-cü il iyunun 25-də təntənəli açılışı olmuş ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına güllər düzüb, Ulu Öndərin xatirəsinə yaradılmış İdeoloji mərkəzin ekspozisiyası, eləcə də məktəbin maddi-texniki, təlim-tədris bazası ilə yaxından tanış olublar. Müəllimlərin, zabitlərin təcrübəsi və peşəkarlığı, kursantların fəallığı, ümumiyyətlə, son illərdə ordu quruculuğunun digər sahələrində olduğu kimi, hərbi təhsil sistemində aparılan islahatların uğurlu nəticələri də ilk tanışlıqdan qonaqlarda xoş təəssürat oyadıb.

Aksiyasının əlaqələndiricisi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, xalqımızın Ümummilli Lideri hərbi peşəyə həmişə xüsusi önəm verər və bu istiqamətdə bəlkə də çoxlarının xəyalına belə gəlməyən, analoqu olmayan neçə-neçə fundamental layihəni reallaşdırardı.

Ötən əsrin 70-ci illərinin əvvəllərində - sovet rejiminin sərt məngənəsində indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməlinin qoyulması və bu hərbi təmayüllü təhsil ocağından pərvazlanan yüzlərlə, minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın demək olar ki, bütün xüsusi təyinatlı təhsil müəssisələrinə göndərilməsi, oranı müvəffəqiyyətlə bitirərək müxtəlif qoşun növlərində peşəkar zabit kimi xidmət etməsi tarixi hadisədir. Sovet rejiminin etirazlarına, bu məktəbin bağlanılması üçün apardığı məkrli düşmənçilik siyasətinə sinə gərərək müdrik və qətiyyətli liderimiz Heydər Əliyev bu təhsil ocağını doğma övladı kimi böyüdərək 30 yaşına çatdırmış və yubileyini ümumxalq bayramı kimi qeyd etmişdir.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, Ermənistanın torpaq iddiaları ilə ölkəmizə təcavüzündən sonra hiss etdik ki, həqiqətən, Heydər Əliyevin yaratmış olduğu bu məktəb olmasaydı, bugünkü güclü və qüdrətli Azərbaycan Ordusu haqqında fikir yürütmək çətin olardı. Məhz Heydər Əliyev Azərbaycanın sabahlarını düşünərək bu məktəbi yaratmaqla gələcək ordumuz üçün peşəkar zabit kadrlarının yetişdirilməsi qayğısına qalmışdı. Bununla yanaşı, Heydər Əliyev Azərbaycanda fəaliyyət göstərən Bakı Ümumqoşun Komandirləri və Hərbi Dənizçilik Məktəblərinə azərbaycanlı gənclərin daha çox qəbul edilməsinin də təşəbbüskarı və təşkilatçısıdır.

Polkovnik A.Qurbani nəzərə çatdırıb ki, 26 il öncə xalqın xahişi və tələbi ilə respublika hakimiyyətinə yenidən qayıdan Heydər Əliyev Azərbaycan Ordusunun peşəkar kadrlara olan tələbatını mükəmməl təmin etmək üçün çox ciddi addımlar atmışdır. 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrimiz üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, hərbi iş sahəsində elmi tədqiqatların aparılması və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etmək məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, Naxçıvan Muxtar Respublikasında yeniyetmələrin hərbi təhsil alması üçün ən əlverişli şərait yaratmaq məqsədilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması (bu filialın bazasında Prezident İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey yaradılıb və Ulu Öndərin adı ilk dəfə burada əbədiləşdirilib) Azərbaycana rəhbərliyinin bütün dövrlərində hərbi təhsilə xüsusi diqqət yetirən Ümummilli Liderimizin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindəndir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sisteminin yaradılmasının banisidir və Azərbaycan Ali Hərbi Məktəbinə Ulu Öndərimizin adının verilməsi məntiqidir. Heydər Əliyev dəfələrlə bu ali hərbi məktəbdə olub, müəllim, zabit, kursantlarla görüşərək tövsiyə və tapşırıqlarını verib, hərbi təhsilin inkişafına daim diqqət və qayğı göstərib.

Ulu öndərə görə, hərbi təhsil almaq, Silahlı Qüvvələrdə xidmət etmək istəyən hər bir şəxs sağlam mənəviyyata malik olmalıdır. Sağlam mənəviyyat isə Azərbaycanın müstəqilliyinə sədaqət, Azərbaycan dövlətinə sədaqət, Azərbaycan xalqının bu gününə və gələcəyinə sədaqət, müstəqilliyimizə sədaqətdən ibarətdir.

Əsaslı surətdə təmir edilmiş klubda keçirilən görüş isə həm məktəb kollektivinin, həm də UNEC-çilərin böyük marağına səbəb olub. Aksiya iştirakçıları qürur hissi keçiriblər ki, Azərbaycanımızda dünya ordularının xüsusi təyinatlı təhsil müəssisələri ilə rəqabət apara biləcək belə bir hərbi təhsil ocağı var. Zabitlər, kursantlar isə fəxr ediblər ki, onlara mənəvi dəstək olan və xidmətlərini yüksək qiymətləndirən UNEC-in vətənpərvər professor, müəllim və tələbələri vardır.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Universitetin iqtisadi məsələlər üzrə prorektoru, hüquq elmləri namizədi, Qarabağ müharibəsinin iştirakçısı, dosent Mikayıl Zeynalov rektor professor Ədalət Muradovun və 20 min nəfərlik UNEC kollektivinin adından gələcək zabitləri, onların müəllim və komandirlərini salamlayıb.

İqtisadi İslahatlar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Rövşən Quliyev məktəbi ziyarət etdikdən sonra Azərbaycan Ordusunun sabahının bu günündən daha qüdrətli olacağına inamının daha da artdığını qeyd edib.

Beynəlxalq Magistratura Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Fariz Əhmədov qardaş Türkiyədə 7 illik təhsil illərini yada salaraq, orada hərbi təhsil sahəsindəki uğurları xatırlayaraq Azərbaycan Ordusunda da müstəqillik illərində bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndirib.

Rus İqtisad Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov təhsil sistemində hərbi təhsilin xüsusi çəkisi olduğu barədə danışaraq zabitlik yolunu seçən gənclərə hərbin çətin və şərəfli yollarında büdrəməməyi, bütün sınaqlardan uğurla çıxmağı arzulayıb. Dosent M.Bərxudarov kursantlara müraciətlə deyib: "Bilirəm, siz hərb elmini dərindən öyrənirsiniz. Unutmayın ki, elm həm zinət, həm də düşmənlərimizə qarşı kəsərli bir silahdır. Elmlə silahlanan gələcək zabit bütün döyüşlərdən qalibiyyətlə çıxacaq. Onu da yaddan çıxarmayın ki, hərbi təhsil görməmiş, hərb elminin incəliklərinə yiyələnməmiş adamları müharibəyə göndərmək quyuya atmaq deməkdir. Hərb elminə dərindən yiyələnin. Döyüşlər keçmiş zabitlərin təcrübəsindən bəhrələnin”.

UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova dəfələrlə cəbhə bölgələrinə səfər etdiyini, sözün həqiqi mənasında, Azərbaycan əsgər və zabitlərinin döyüş və mənəvi-psixoloji hazırlıqlarının, vətənpərvərlik hisslərinin çox yüksək səviyyədə olduğuna heyran qaldığını etiraf edib. O, bugünkü kursantların da Heydər Əliyev ideyalarına, vəsiyyətlərinə həmişə sadiq qalaraq peşəkar hərbçi kadr kimi formalaşacaqlarına şübhə etmədiyini diqqətə çatdırıb.

Dosent Təranə Kərimovanın Ulu Öndərimizdən gətirdiyi bir sitat bütün tədbir iştirakçıları tərəfindən uzun sürən sürəkli alqışlarla qarşılanıb: "Dünyada çox peşələr var. Hər bir ölkədə, o cümlədən müstəqil Azərbaycanda da. Amma bütün peşələrdən xalq üçün, millət üçün, hər bir vətəndaş üçün, dövlət üçün ən vacib, ən dəyərli peşə milləti, xalqı, torpağı qorumaq peşəsidir, yəni, hərbi peşədir. Siz özünüzü bu işə sərf etməyi qərara almısınız. Mən sizin bu qərarınızı dəstəkləyirəm və Azərbaycan gənclərini dəvət edirəm ki, onların daha çoxu bu peşəni seçsinlər, çünki bu yol şərəfli yoldur, ən şərəfli peşədir”.

Qardaş Ahısqa türklərindən olan Türk dünyası fakültəsinin dekan müavini, iqtisad elmləri namizədi, dosent Yusif Əliyev Azərbaycan xalqına və dövlətinə Ahısqa türklərinə ən müdhiş zamanlarda qucaq açdığına görə dərin minnətdarlığını bildirib. Azərbaycan Ordusunun bu ölkədə yaşayan bütün xalqların doğma ordusu olduğunu vurğulayaraq, Ahısqa türklərinin də Azərbaycan Ordusunda Vətənə sədaqətlə xidmət etdiklərini, hətta əmisi oğlu Əlinin Qarabağ uğrunda şəhidlik zirvəsinə ucaldığını, İsgəndər Aznaurovun Azərbaycanın Milli Qəhrəmanı səviyyəsinə yüksəldiyini fəxarət hissi ilə dilə gətirərək deyib: "Nə vaxt bir şəhid xəbəri eşidiriksə, onda hər bir Ahısqa türkünün ocağına da yanğı düşür. Hər hansı bir əsgərə güllə dəyirsə, o bizim də qəlbimizə dəyir. Biz qanı bir, canı bir, dini bir, dili bir qardaşlarıq. Düşmənlərimiz sevinməsinlər ki, torpaqlarımızın bir hissəsini işğal ediblər. Onlar nə qədər gec deyil, dərk etməlidirlər ki, Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyəcəklər. Rədd olub Azərbaycan torpaqlarından çıxıb getməlidirlər. Yoxsa onları tarix heç vaxt bağışlamayacaq”.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, "Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Nazim Cəbrayılovun həyat yoldaşı, UNEC nəşriyyatının əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Rahilə Cəbrayılova Vətən təhlükədə olanda zabitlik yolunu seçən, Ağdam rayonu uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərərək tabeçiliyində olan döyüşçülərlə birlikdə düşmənə canlı qüvvə və texnika sarıdan xeyli itki verən və qeyri-bərabər döyüşdə mühasirə təhlükəsi yaranarkən son qumbarasını sinəsinə sıxaraq özünü düşmənin hərbi texnikasının altına atıb onu partladan və hələ də cənazəsi qaytarılmayan həyat yoldaşını xatırlayıb və Azərbaycan zabitinin həyat yoldaşı, şəhid ailəsi olduğu üçün fəxr etdiyini bildirib.

Rahilə Cəbrayılova ərinin xatirəsinə həsr etdiyi "Ölməzliyə abidə” adlı kitabını məktəbin kitabxanasına hədiyyə edib.

UNEC-in tələbələrindən Mətləb Məmmədov, Elvin Hüseynov, İbrahim Əhmədov, Elgün Zeynalzadə və İbrahim Əlvanoğlu elə bu görüşdən sonra kursantlara qoşulub. Qarabağ uğrunda döyüşlərə atılmağa hazır olduqlarını bəyan ediblər.

Məktəb rəisinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat üzrə müavini polkovnik Emin Səfərov UNEC-in kollektivinə bu vətənpərvərlik təşəbbüsünə görə minnətdarlıq edib.

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin ansamblı geniş və rəngarəng konsert proqramı ilə çıxış edib.

Görüş "Əmr et, Ali Baş Komandan, biz döyüşə hazırıq!” adlı ədəbi-musiqili kompozisiya ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video