14 Iyun 2019 14:13
1020
Elm və texnika
A- A+

Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızın tarixində yeni bir dövr başlandı


Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Heydər Əliyev tarixə Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. O, dünyanın bütün başqa dahi şəxsiyyətlərindən fərqli olaraq iki müxtəlif ictimai-siyasi sistemdə yaşayıb və hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilib.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib ki, 1990-1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində "olum, ya ölüm” mübarizəsi dövrü idi. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının Qurtuluş mübarizəsi başlandı. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsini davam etdirdi.

1992-ci ildə xalqımızın dahi oğlu Heydər Əliyevə qarşı təqiblər və zorakılıqlar kampaniyası keçirilərkən, partiya üzvləri pərən-pərən salınarkən bir ziyalı kimi mən də haqqın müdafiəsinə qalxmış, konkret əməli addımlar atmış və mətbuatda öz mövqeyimi belə bir başlıqla açıq bildirmişdim: "Əgər Yeni Azərbaycan Partiyası elan etdiyi yolla gedərsə, onun tezliklə ən kütləvi partiya olacağına şübhəm yoxdur!” Bu gün mən dərin iftixar hissi keçirirəm ki, üzvü olduğum Yeni Azərbaycan Partiyası elan etdiyi yolla getdi, ötən dövr ərzində xalqımızın taleyüklü problemlərinin həllində misilsiz rol oynadı, nəhayət, müasir Azərbaycan cəmiyyətinin aparıcı və istiqamətverici qüvvəsinə çevrildi.

90-cı illərin əvvəlində Zaqatalada, bütün Şəki bölgəsində, o cümlədən doğulduğum Baş Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə, ölkəmizin şimal bölgəsində Azərbaycan dövlətçiliyindən söhbət düşəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: "Tale Heydər Əliyevi yaşatsın, ona cansağlığı versin, bizi o xilas edəcəkdir”. Mən bütün bunların şəxsən şahidiyəm.

O zamanın sərt tarixi həqiqəti belə idi: 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girov götürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. 90-cı illərin əvvəlində Azərbaycanı "prezidentləri qaçıb aradan çıxan dövlət” kimi tanıyırdılar. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.

"Bax bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı”, - deyə akademik vurğulayıb.

Y.Mahmudov qeyd edib ki, dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim "olum, ya ölüm” məsələmizdir. Ulu Öndərin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!..

...1992-ci ilin mayında Xalq Cəbhəsinin rəhbərliyi Bakıda hakimiyyəti ələ keçirdi. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Xalq Cəbhəsi hökuməti də böyük siyasətçi Heydər Əliyevi dövlətin idarə olunmasına yaxın buraxmadı, onun zəngin təcrübəsindən istifadə etmədi. Əksinə, onu Naxçıvana rəhbərlikdən kənar etmək üçün silahlı cəhd də göstərirdi. Lakin Naxçıvan əhalisi sevimli rəhbəri müdafiə etdi, onu Vətənimizin daha ağır günləri üçün qoruyub saxladı. 1993-cü ilin iyun günlərində müstəqil Azərbaycan dövlətinin məhv olmaq təhlükəsi yarandıqda xalqımız qəti hərəkət edərək dövlətimizin idarə olunmasını müdrik siyasətçi Heydər Əliyevə etibar etdi. Beləliklə, ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladı. Onun Azərbaycanın rəhbərliyinə qayıdışı 1993-cü il iyunun 15-də oldu. Həmin gün o, Azərbaycan Respublikası Parlamentinin Sədri seçildi. Bir neçə aydan sonra isə Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti oldu.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyə qayıdan kimi, dərhal, bir neçə son dərəcə müdrik və cəsarətli tədbir gördü. Yurdumuzda vətəndaş müharibəsi qorxusunu aradan qaldırdı. Xalqımız rahat nəfəs aldı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb müstəqil dövlətimizi yox etmək planları pozuldu. Ulu Öndərin bir sözü belə böyük bir problemin həlli üçün kifayət idi. Biz "Talış-Muğan Respublikası” ilə bağlı hadisələrdə bunu gördük. Bir bəyanat kifayət etdi ki, xalq həmin prosesin qarşısını alsın.

Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli, müdrik, uzaqgörən dövlət xadiminin əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı – 1993-cü ilin 15 iyun günü tariximizə Qurtuluş günü kimi daxil oldu.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdan kimi dahi bir strateq olaraq ermənilərin və onların bütün dünyadakı havadarlarının gücünü, ölkəmizin azad yaşamasını istəməyən böyük dövlətlərin planlarını, Azərbaycanımızın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi. Dərindən ölçüb-biçdi. Götür-qoy etdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu.

Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Bu isə xarici dövlətləri, sahibkarları, firmaları, şirkətləri ölkəmizə maliyyə vəsaiti, maya qoymağa həvəsləndirdi. Əvvəllər Azərbaycanda əmin-amanlığın olmayacağından ehtiyat edərək bura vəsait qoymaq istəməyən xarici sahibkarlar, şirkətlər, firmalar ölkəmizə axışmağa başladılar. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Bunun ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi.

Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan qələbə ilə çıxdı. Böyük azərbaycanlı Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan ölüm-dirim burulğanından çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Bununla 1993-cü ildə müdrik xalqımız ayağa qalxaraq, yekdilliklə və qəti şəkildə anarxiyaya, hərc-mərcliyə, ölkəni vətəndaş müharibəsinə, parçalanmağa doğru sürükləyənlərə "YOX!” dedi. Öz taleyini, Prezident sükanını Heydər Əliyevə etibar etdi. Millətimizin müdrik seçimi Azərbaycan xalqını, müstəqil dövlətimizi xilas etdi.

Azərbaycan xalqı on ildən sonra 2003-cü ildə ikinci dəfə yenidən daha bir ağır sınaq qarşısında qaldı. Ulu Öndərin xəstəliyindən istifadə edən radikal müxalifət, onların xaricdəki havadarları "bəlkə də qaytardılar” xülyası ilə yenidən fəallaşdılar. Xalq yenə seçim qarşısında qaldı və yenə də 1993-cü ildə olduğu kimi ayağa qalxaraq yekdilliklə və qətiyyətlə ölkəni anarxiya və hərc-mərclik dövrünə qaytarmaq istəyənlərə "YOX!” dedi. Millətimiz bu dəfə ölkənin ali rəhbərliyini İlham Əliyevə etibar etdi. Bununla xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə qəti şəkildə və birdəfəlik hakimiyyəti zorakılıqla ələ keçirmək düşüncəsinə son qoydu və bugünkü uğurlarımızın əsası qoyuldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video