14 Iyun 2019 00:38
1198
Qanunlar
A- A+

“İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1; 2016, № 6, maddə 1009) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.4-cü və 1.0.5-ci maddələrə "vətəndaş cəmiyyəti institutlarının” sözlərindən əvvəl "hüquqi şəxslər və” sözləri əlavə edilsin;

1.2. 7.1.10-cu maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.1.11-ci maddə əlavə edilsin:

"7.1.11. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) ilə bağlı ictimai dinləmə təşkil etmək, habelə ictimai ekoloji ekspertizanı "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək və onun nəticələri barədə aidiyyəti üzrə məlumat vermək.”;

1.3. 12-ci maddəyə "vətəndaş cəmiyyəti institutları” sözlərindən əvvəl "hüquqi şəxslər,” sözləri əlavə edilsin;

1.4. 15.1-ci və 15.2-ci maddələrə "Vətəndaş cəmiyyəti institutları” sözlərindən sonra "və hüquqi şəxslər” sözləri əlavə edilsin.

Maddə 2. "Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464) aşağıdakı məzmunda 5.3-5.6-cı maddələr əlavə edilsin:

"5.3. Dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli və ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi zamanı "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

5.4. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

5.5. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

5.6. Bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin sistemlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

Maddə 3. "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606; 2017, № 12 (I kitab), maddə 2208; 2018, № 3, maddə 402, № 10, maddə 1964) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 13.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.1.2. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;”;

3.2. 20.4.3-cü maddəyə "ekspertizasını” sözündən sonra "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.

Maddə 4. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 633; 2019, № 1, maddə 30) aşağıdakı məzmunda 3.4-3.7-ci maddələr əlavə edilsin:

"3.4. Bu maddədə nəzərdə tutulan tikinti və infrastruktur obyektləri və onlara oxşar obyektlərin layihələndirilməsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə aid olduqda bu obyektlərə dair ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

3.5. Bu Qanunun 3.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

3.6. Bu Qanunun 3.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

3.7. Bu Qanunun 3.4-cü maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video