13 Iyun 2019 15:54
973
Təhsil
A- A+

Bakı Slavyan Universitetində yay imtahan sessiyasının monitorinqi aparılıb


İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri və təhsil ekspertlərinin iştirakı ilə 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb.

AZƏRTAC xəbər verir ki, mediatur iştirakçıları imtahanların gedişini izləyib, auditoriyalarda kameraların, ağıllı lövhələrin iş prinsipləri ilə tanış olublar. Müşahidəçilər Operativ Qərargahın işi ilə tanış olublar.

BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. O, BSU-da 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının uğurla davam etdiyini deyib. Bildirib ki, Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.

Nurlana Əliyeva vurğulayıb ki, BSU-da artıq 279 fənn üzrə imtahan təşkil olunub. Hazırda universitet üzrə ümumilikdə 55 auditoriyada imtahan keçirilir. Bu imtahanlardan 36-sı əsas binada, 19-u ikinci tədris binasında aparılır.

Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasını izah etdiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə lazımi şərait yaradıldığını, məsləhət saatlarının keçirildiyini deyib. İmtahanlarla bağlı məsələlərin əvvəlcə universitetin elmi şurasında müzakirə olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının "Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələri dərhal elan olunur. BSU-nun saytında yaradılan onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də onları maraqlandıran suallara cavab ala, imtahan qərargahı ilə birbaşa əlaqə yarada bilərlər.

Nurlana Əliyeva universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmini, şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərar qəbul edilməsi üçün Operativ Qərargah və Münaqişə Komissiyası yaradıldığını diqqətə çatdırıb. Rektor deyib ki, yay imtahan sessiyasında BSU-da tələbələr üçün hər il olduğu kimi bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılır. Tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, bir sözlə, obyektivliyə tam zəmanət verilib.

Professor Nurlana Əliyeva bildirib ki, 2019-cu il 24 may tarixli 69 saylı əmrə əsasən yaradılmış Operativ Qərargah 13 nəfərdən ibarətdir. İmtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. İmtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə Komissiyasında baxılır.

Nurlana Əliyeva KİV nümayəndələrinə, həmçinin BSU-da tədrisin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, beynəlxalq əlaqələrini genişləndirən BSU 113 xarici universitetlə əməkdaşlıq edir. Xarici universitetlərlə müəllim-tələbə mübadiləsi, habelə beynəlxalq elmi konfranslar həyata keçirilir, elmi məcmuələr nəşr olunur.

Rektor BSU-nun son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələrdən söz açıb. O, may ayında "MAPRYAL”ın Rəyasət Heyətinin üzvü seçilməsini də bunun bariz nümunəsi kimi dəyərləndirib.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şərait yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlər görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.

Xatırladaq ki, iyunun 1-dən başlanan imtahan sessiyası iyulun 6-a qədər davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video