19 May 2019 01:19
22740
Mədəniyyət
A- A+

“Qız qalası” haqqında iki əfsanə


Birinci əfsanə

Bu əfsanəyə görə, vaxtilə Sasani hökmdarı Abşerona hücum edib Bakını mühasirəyə alır. Düşmənin təzyiqi gündən-günə artır. Sasani hökmdarı şəhər əhalisinin dərhal təslim olmasını tələb edir. Əks təqdirdə o, şəhəri dağıdıb yerlə-yeksan edəcəyini bildirir.

Əhali həyəcanla ağsaçlı atəşgah kahinin yanına gəlib ondan qan tökülmədən şəhəri təslim etməyi tələb edir. Bunları görən üzü günəş kimi parıldayan gözəl qız müqəddəs məbədə yaxınlaşıb onunla vidalaşır. Sonra düşmənin iqamətgahına tərəf yollanır. Qızın alovlu siması müqəddəs məbədin şüaları altında parıldayaraq atəşpərəstlərin qəlbini işıqlandırır, onlara xilas olmaq ümidi verir. Atəşpərəstlərin müqəddəs məbədindən gələn qız şəhəri mühasirə edən hökmdarın sarayı qarşısında görünür. Hökmdar qızı görən kimi onun gözəlliyinə heyran olur. Atəş qızı da hökmdara aşiq olur.

Heç bir qüvvə onu bu fikirdən geri döndərə bilmir. Bir tərəfdə eşq və məhəbbət, digər tərəfdə vətənpərvərlik! Biri digərinə qalib gəlməli idi. Ya müqəddəs məbəd qarşısında verdiyi vədə xain çıxmalı, ya sevdiyi hökmdarı öldürməli idi. Ortalıqda uzun müddət sükut hökm sürür. Hökmdar qızla uzun söhbətdən sonra şirin yuxuya gedir. Qıza demək istədiyi: "Səni sevirəm” sözləri onun dodağında quruyub qalır... Səhər açılır...

Atəşpərəstləri müqəddəs oda sitayiş etməyə çağıran neflərin məlahətli sədaları hökmdarın sarayında qalmış qızı yuxudan oyadır. Vətəni təhlükədən xilas etmək haqqında məbəd qarşısında öhdəsinə götürdüyü vəzifə onun yadına düşüb həyəcanlandırır. Xəzərin sahilində yaşayan və ondan kömək gözləyən əhali gözü qarşısında dayanır. Dənizin dalğalarının gurultusuna qoşulan həmvətənlərinin nalələri onun vücudunu sarsıdır. Qız bir an içərisində öz eşqini ayaqları altına alaraq odlu qılıncını yuxuda olan hökmdarın boynuna endirir. Daha sonra odlu qılıncı öz sinəsinə sancır, canını xalqının və vətəninin nicatı uğrunda fəda edir. Qızın qəlbinin dayanması ilə alovlu siması da sönür. Hər tərəfi qaranlıq və sükut bürüyür. Baş kahin və atəşpərəstlər də dua oxumağı dayandırırlar. Birdən şiddətli tufan qopur. Dənizin dalğaları gurultu ilə sahilə toxunaraq uzaqlarda qığılcımlar görünməyə başlayır. O, öz canını vətən yolunda fəda etmiş qızın ruhunun guya bağışlanmasını tələb edirdi.

Əfsanəyə görə, bu qığılcım atəşpərəstləri öz ətrafına toplayıb onların ürəklərini işıqlandırır. Onlar həmin vaxtdan etibarən Xəzərin sahilində yüksələn odlar məbədini həlak olmuş qızın şərəfinə Qız qalası adlandırırlar.


İkinci əfsanə

Qız qalası vaxtilə Xəzərin lap sahilində yerləşirmiş. Onun mavi ləpələri qalanın bünövrəsindəki qayalara toxunurmuş. Hər gün axşam gün batandan sonra bir cavan qız öz sevgilisi ilə görüşmək üçün şəhərdən çıxıb qala divarı yanındakı qaya üzərində dayanarmış. Oğlan Bakı körfəzinin şərq tərəfində yerləşən indiki Zığ ərazisində yaşayırmış. Dənizin dalğaları iki sevgilinin görüşünə mane ola bilmirmiş. Sevgi oğlanın qollarına qüvvət verir, o, sanki quruda addımlayırmış kimi Xəzərin dalğalarını aşaraq özünü hər axşam sahildə dayanan qıza çatdırırmış.

Lakin bir gün oğlan qıza diqqət etdikdə onun o qədər də gözəl olmadığını görür. Buna görə gəncin ürəyinə şübhə qonur, eşqi və sevgisi sönməyə başlayır. O, evinə qayıtmaq istədikdə daha qollarındakı əvvəlki gücü duymur. Bir qədər üzdükdən sonra yorulub, nəhayət, suda boğulur. Qız oğlanın öldüyünü biləndə dəniz sahilindəki hündür qalanın başına çıxır və özünü oradan suya atır. Sonralar həmin qala xalq dilində Qız qalası adlanır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video