17 May 2019 01:09
774
İQTİSADİYYAT
A- A+

Azərbaycanda elektrobus və taxılyığan kombayn istehsal olunacaq


Gəncə Avtomobil Zavodunun fəaliyyəti yeni keyfiyyət mərhələsinə qədəm qoyur


2004-cü ilin dekabrında işə salınan Gəncə Avtomobil Zavodunun tarixində əlamətdar hadisələr çoxdur. Azərbaycanda qeyri-neft sənayesinin inkişafının bariz nümunəsi olan, yerləşdiyi bölgənin sosial-iqtisadi həyatında böyük rol oynayan zavodun fəaliyyəti bütövlükdə ölkə iqtisadiyyatına böyük töhfələr verir.

Bu baxımdan ötən 15 ildə zavodda işə salınan hər bir yeni yığım xətti, istehsal olunan avtomobillərin çeşidlərinin sürətlə artması əlamətdar hadisələr kimi müəssisənin tarixinə yazılıb.

May ayının 14-də isə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin tarixində növbəti mühüm və tarixi hadisə baş verdi. Həmin gün zavodda iki yeni yığım xəttinin açılışı oldu və ilk dəfə olaraq "E-321” markalı elektrobus və "PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxdı. Beləliklə, indiyədək əsasən müxtəlif model traktorlar, "KamAZ” və MAZ markalı avtomobillər istehsal edən zavodda bundan sonra həm də elektrobus və taxılyığan kombayn buraxılacaq.

Bununla bağlı keçirilən mərasimdə Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, sənaye nazirinin müavini Dmitri Korçik, "Qomselmaş” ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev və digər qonaqlar iştirak edib. Mərasimdə Belarusun Baş nazirinin müavini İqor Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb. İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. O, əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inamını ifadə edib.

Xatırladaq ki, fəaliyyətə başladığı ilk illərdə Gəncə Avtomobil Zavodunda Rusiyanın "OKA” və "UAZ”, Çinin "Can Qan” markalı avtomobillərinin müxtəlif modelləri yığılıb. Belarusla genişlənən əlaqələr isə 2006-cı ildən zavodun fəaliyyətində yeni mərhələ açıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı bu ölkənin traktor və avtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi. Bu razılığa əsasən Gəncə zavodu həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağladı. Bundan sonra Gəncə Avtomobil Zavodunda yeni texnoloji yığım xətləri quraşdırıldı. Yeni sex müasir avadanlıqlar və texnika ilə təchiz olundu. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında "Belarus 80.1”, "Belarus 82.1”, "Belarus 1221”, "Belarus 1025”, "Belarus 892” və "Belarus 80X” modeldə traktorların istehsalına başlanıldı. Həmin ilin aprel ayından isə MAZ avtomobillərinin yığımı təşkil olundu.

2018-ci il aprelin 2-də müəssisədə 10 mininci traktor istehsal edildi. Bununla əlaqədar keçirilən tədbirdə Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Minsk traktor və avtomobil zavodlarının baş direktorları iştirak ediblər. Qonaqlar zavodun fəaliyyətini yüksək qiymətləndirib, texniki və kadr potensialında perspektivlərdən söz açıblar.

Zavodda ilk dəfə olaraq elektrobus və taxılyığan kombaynın konveyerdən çıxması münasibətilə keçirilən mərasimdə indiyədək görülmüş işlər barədə danışan "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, bu günədək müəssisədə ümumilikdə 11 modeldə 10549 traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9825-i dövlət sifarişi əsasında "Aqrolizinq” ASC-yə, 724-ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda 478 texnika istehsal olunub. Bunlardan 469-u müxtəlif model traktorlar, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "KamAZ” markalı avtomobil, 2-si MAZ markalı avtobus, 5-i özüboşaldan traktor qoşqusudur. 2019-cu ilin aprel ayının sonuna qədər "Gəncə Avtomobil Zavodu” İB-də 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Aprelin 30-dək müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub. Bu müddətədək "Gəncə Avtomobil Zavodu” İB-də, ümumilikdə, 208 ədəd "KamAZ” markalı yük avtomobili və 411 ədəd "URAL” avtomobili istehsal edilib.

2019-cu ildə Gəncə Avtomobil Zavodunun fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin baş verəcəyi gözlənilən idi. Bunu hələ yanvar ayında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun və Milli Məclisin deputatı, Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfərləri və keçirdikləri görüşlər də təsdiq edirdi. Həmin səfər zamanı Belarus müəssisələrində istehsal olunan nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikalarının Azərbaycanda birgə istehsalı barədə müzakirələr aparılıb, səmərəli görüşlər keçirilib.

Müzakirə olunan məsələlərdən biri də birgə elektrik avtobuslarının və taxılyığan kombaynların istehsalı olub. "Belkommunmaş” ASC-nin məhsulu olan elektrik avtobuslarının və "Qomselmaş” ASC-nin buraxdığı taxılyığan kombaynların birgə istehsalı Belarus nümayəndələri ilə görüşdə ətraflı müzakirə olunub. Qeyd edilib ki, Gəncə Avtomobil Zavodu investisiya layihələrinin reallaşdırılması üçün əlverişli regiondur. O cümlədən elektrik avtobuslarının və taxılyığan kombaynların da Gəncədə istehsalı həyata keçirilə bilər. Xatırladaq ki, "Qomselmaş” ASC-nin istehsal etdiyi kombaynlar Azərbaycanın kənd təsərrüfatı sahələrində uğurla tətbiq edilib.

Budur, artıq Gəncə Avtomobil Zavodunda elektrik avtobuslarının və taxılyığan kombaynların istehsalı başlayır. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Taxılbiçənin uzunluğu 4-5 metr arası dəyişir. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın fırlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr/saatdır. "Gəncə Avtomobil Zavodu” İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.

Xanlar Fətiyevin sözlərinə görə, Gəncə Avtomobil Zavodunun işə salınması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı yürütdüyü siyasətin bariz nümunəsidir. Fəaliyyətə başladığı ötən 15 ildə zavodun fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, ayrı-ayrı vaxtlarda bu müəssisənin işçilərini "Tərəqqi” medalı, "Əməkdar mühəndis” fəxri adı ilə təltif edib. Bu mənada ötən 15 ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən müəssisə Azərbaycan avtomobil sənayesinin flaqmanlarından birinə çevrilib. Ən əsası isə bu zavod Azərbaycanda sənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu bəhrəsidir.

Eyni zamanda Gəncə Avtomobil Zavodu sənaye sahəsində Belarus-Azərbaycan uğurlu əməkdaşlığının real təsdiqidir. Məhz Prezident İlham Əliyevin səyi ilə Belarus müəssisələri ilə faydalı və səmərəli əməkdaşlıq əlaqələri yaradılaraq inkişaf etdirilir. Artıq 13 ildir bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Bu ildən elektrik avtobuslarının və taxılyığan kombaynların istehsalına başlanılması isə Belarus müəssisələri ilə əməkdaşlığın yüksələn xətlə davam etdiyini göstərir.

Bu gün Gəncə Avtomobil Zavodu həqiqətən özünün inkişaf dövrünü yaşayır. Daim dövlətimizin və onun rəhbərinin diqqət və qayğısını hiss edən kollektiv istehsal sahələrini genişləndirməklə həm ölkəmizin maşın və mexanizmlərə olan ehtiyacını ödəyir, həm də yeni iş yerləri açmaqla əhalinin məşğulluğunu təmin edir. Ən əsası, Gəncə Avtomobil Zavodu müasir, keyfiyyətli və sərfəli nəqliyyat, kənd təsərrüfatı və yük avtomobilləri ilə bundan sonra həm daxili tələbatı uğurla ödəyəcək, həm də ixracata böyük töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video