16 May 2019 02:06
743
İQTİSADİYYAT
A- A+

İslahatlar Daş Salahlının simasını başdan-başa dəyişib


2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız növbəti dəfə ölkəyə rəhbərliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə etibar etdi. Bundan sonra da islahatlar uğurla davam etdirildi, iqtisadi, siyasi, mədəni və digər sahələrdə çox mühüm nailiyyətlər qazanıldı.

İnkişaf regionlarda da özünü göstərir. Ən ucqar kəndlərə çəkilən asfalt yollar, qaz, su və enerji təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrdə infrastrukturun yenilənməsi insanların həyatına rahatlıq gətirir. Bunu Qazax rayonunun ən böyük kəndlərindən olan Daş Salahlının timsalında da görmək olar.

Bu kəndin 10 min 600 nəfər əhalisi, 3 min 32 təsərrüfatı var. Kənd icra nümayəndəsi Səbuhi Əliyevlə söhbət zamanı dedi ki, son 15 ildə kənddə infrastruktur tamamilə yenilənib. 2012-ci ildə sakinlər təbii yanacaqla təmin edilib. Əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə 2,6 kilometr uzunluğunda yeni xətt çəkilib. Rabitə xidmətinin səviyyəsini yüksəltmək üçün telefon xətti şəbəkəsi genişləndirilib. Elektrik enerjisi ilə dayanıqlı təminat üçün 32 transformator yenilənib. Kənddə 3 uşaq bağçası, 2 məktəb, mədəniyyət evi, kitabxana fəaliyyət göstərir. Məktəb binaları və uşaq bağçaları əsaslı şəkildə təmir olunmuşdur. 7 artezian və bir kanal əhalinin ehtiyaclarını tam ödəyir.

Daş Salahlı planlı salınan kəndlərdəndir. Burada 8 küçə var və küçələrə yazıçı və şairlərimizin adları verilib. Bu yaxınlarda bir neçə küçədə elektrik dayaqları quraşdırılıb, daxili yollarda piyadaların və maşınların rahat hərəkəti üçün təmir işləri aparılıb.

Dağlıq Qarabağ müharibəsində Daş Salahlı kəndi 21 şəhid verib. Kənd sakinləri torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igidlərin xatirəsini əbədiləşdirmək üçün memorial abidə ucaltmışlar. Abidənin ətrafında ayda bir dəfə iməcilik keçirilir. Burada keçirilən tədbirlərdə məktəblilər ədəbi-bədii kompozisiyalar göstərir, şəhidlik zirvəsinə ucalan mərd oğullarımıza həsr olunmuş şeirlər səsləndirirlər.

Kənd əhalisinin məşğulluğunun təmin edilməsində də elə bir problem yoxdur. Burada "Mətanət-A” şirkətinin, "Gilan” MMC-nin filialları, həmçinin "Azrosprominvest” gil müəssisəsi fəaliyyət göstərir.

Daş Salahlı kəndi turizm üçün də əlverişli şəraitə malikdir. Buradakı məşhur "Damcılı” bulağı ərazisində son illər turistlərin qəbulu üçün geniş imkanlar yaradılmışdır. Hər il minlərlə yerli və xarici turist "Damcılı”da, eləcə də "Qarabulaq” istirahət məkanlarında dincəlir.

Hazırda kəndin yol infrastrukturunda yenidənqurma işləri aparılır. İlin əvvəlindən uzunluğu 16 kilometr olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır. Yolun Ürkməzli-Dəmirçilər hissəsində tikinti işləri artıq yekunlaşmışdır. Yol çəkilişi başa çatdırıldıqdan sonra 5 yerdə avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatının inkişafı istiqamətində başlanan islahatlar da uğurla həyata keçirilir. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələrə layiqincə əməl edən kənd sakinləri son illər nəzərəçarpacaq uğurlar qazanmışlar. Başqa sözlə, əkin sahələri genişləndirilmiş, artan əkin sahələrinin 405 hektarında taxıl, 242,5 hektarında digər kənd təsərrüfatı məhsulları yetişdirilmiş, taxıl sahələrində məhsuldarlıq orta hesabla hər hektarda 36,7 sentnerə çatdırılmışdır.

Kənddə iqtisadi cəhətdən gəlirli olan baramaçılığa da maraq artmış, keçən il 470 kiloqram məhsul təhvil verilmişdir. Tütünçülüyün inkişaf etdirilməsi də kənd sakinlərinin gəlirlərini xeyli artırmışdır. Keçən il 2 hektar tütün əkilmiş, sahələrdən 3491 kiloqram məhsul yığılaraq Şəki İpək Kombinatına təhvil verilmişdir. Cari ildə 4 hektar sahədə tütün əkmək qərara alınmışdır.

Bir sözlə, Qazax rayonunun ən böyük kəndlərindən olan Daş Salahlıda həyata keçirilən islahatlar nəticəsində açılan yeni iş yerləri kənd sakinlərinin məşğulluğunu təmin etməklə yanaşı, onların güzəranını yaxşılaşdırır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video