15 May 2019 01:03
1511
SİYASƏT
A- A+

Yeni inkişaf istiqamətləri müəyyənləşir


İlham Əliyevin Brüssel səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinə müsbət töhfəsini verdi


Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda müstəqil xarici siyasət xətti yürüdən Azərbaycan bütün regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə uyğun ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

Beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini çəkən Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf etməkdədir. Bu qurumla münasibətlərin sağlam təməl əsasında inkişafının nəticəsidir ki, ölkəmiz hazırda Aİ-nin bir çox proqramlarında fəal iştirak edir və onun mühüm tərəfdaşı kimi qəbul olunur.

Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi bu quruma üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb.

Respublikamız hələ 1996-cı ildən bu təşkilatla tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən "Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyətdədir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları mövcuddur.

2018-ci ilin iyul aynın 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında paraflanan "Tərəfdaşlıq prioritetləri”nin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını bir daha müəyyənləşdirdi. "Tərəfdaşlıq prioritetləri” 2018-2020-ci illəri əhatə edir və bərabərhüquqlu, qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir. Bu sənəd Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verdi.

May ayının 13-də Prezident İlham Əliyevin Belçikaya işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüş, Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyi zamanı dövlət başçısının söylədiyi fikirlər əlaqələrin inkişafına təkan verməklə yanaşı, yeni imzalanacaq sazişlə bağlı aparılan danışıqlara müsbət töhfəsini verdi.

Prezident bir daha qətiyyətli mövqeyini ortaya qoyaraq Azərbaycan həqiqətlərini açıqladı. Dövlət başçısı Azərbaycanın "Şərq Tərəfdaşlığı” Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu deyərək vurğuladı ki, ölkəmiz Avropa İttifaqına üzv dövlətlərlə də sıx əlaqələrə malikdir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Bu gün Avropa İttifaqı xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin təşkilat Azərbaycanda ən böyük investordur. Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.

Keçirilən görüşlər zamanı İlham Əliyev bir daha xatırlatdı ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Düşünülmüş və məqsədyönlü siyasəti ilə dünyanın siyasi liderləri arasında böyük nüfuz qazanmış İlham Əliyev bir daha Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini söylədi.

Bu gün həqiqətən də Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkədir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Ölkəmiz "Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi”nin reallaşdırılmasında mühüm rol oynayır. Bu isə o deməkdir ki, Azərbaycan Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdən sonra siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlərin də yeni inkişaf istiqamətləri müəyyənləşəcək.

Azərbaycanın qurumla münasibətini, əlaqələrini dəyərləndirən Donald Tusk isə dedi ki, respublikamız Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır və Azərbaycanın regiondakı rolu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Çünki mövcud münasibətlər hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Göründüyü kimi, Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.

Əlavə edək ki, Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə də bu məsələlər müzakirə mövzusu olub. Xarici işlər naziri Elmar Məmmədyarov toplantıda Azərbaycan-Avropa İttifaqı münasibətləri və hazırkı durumu dəyərləndirərkən Azərbaycanın təşkilatla yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətyönümlü danışıqlar vasitəsilə qarşılıqlı münasibətlərdə uğur əldə etməkdə maraqlı olduğunu deyərək "Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması ilə yanaşı, tərəflərin təhlükəsizlik və nəqliyyat sahəsi ilə bağlı dialoqlara başladığını bildirib.

Nazir Azərbaycanın mövqeyini bəyan edərək diqqəti ona çəkib ki, Avropa İttifaqı və onun üzvləri daxil olmaqla, Şərq Tərəfdaşlığında iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir.

Bir sözlə, Avropa İttifaqı ilə mühüm sazişin imzalanması ərəfəsində Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan daha da möhkəmləndirmiş oldu. Bir daha bəlli oldu ki, Avropa İttifaqı da yeni sazişin imzalanmasında maraqlıdır və bu sənədin imzalanması ilə ikitərəfli münasibətləri bir çox sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video