15 May 2019 00:53
605
İQTİSADİYYAT
A- A+

Çəkilən zəhmət əvəzsiz qalmır


İndi təbiətin elə çağıdır ki, kənd sakinləri günün çox hissəsini əkin sahələrində keçirirlər. Onlar bol məhsulun bünövrəsini qoyur, əvvəlki ilin uğurlarını yeniləmək üçün əllərindən gələni əsirgəmirlər.

Şəmkir rayonunda da belədir. Onlar da bol məhsul əldə etmək üçün var qüvvələri ilə işləyirlər. Rayon icra hakimiyyətində söhbətimiz isə son illər qazanılan uğurlarla bağlı oldu. Dedilər ki, III Dövlət Proqramı uğurla həyata keçirildi. Bütün sahələrdə böyük nailiyyətlər qazanıldı. Keçən il rayonda 611 milyon 559 min manatlıq, əvvəlki illə müqayisədə 1,9 faiz çox məhsul istehsal edildi. İl ərzində 4204 yeni iş yeri açıldı. Onun da 1609-u daimidir. Sahibkarlar tərəfindən ümumi dəyəri 108 milyon 601 min manat olan 254 layihəyə 53 milyon 131 min manat dəyərində investisiya qoyuldu.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı ilə yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına da diqqət yetirilir. Buna "Şəmkir Aqroparkı”nı misal göstərmək olar. Parkın fəaliyyəti genişləndirilmiş, 48 hektar sahədə meyvə bağı salınmış, 180 hektar sahədə müxtəlif növ bitkilər əkilmişdir.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında il ərzində 156 xalça toxunmuşdur. Hazırda müəssisədə 81 toxucu və 12 inzibati təsərrüfatçı çalışır. Şəmkir şəhərində istifadəyə verilmiş və gündəlik istehsal gücü 50 ton olan "Platek House” MMC-nin "Nəfis çörək” zavodunda keçən il 6840 ton çörək bişirilmişdir.

Mehrili kəndi ərazisində "Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə başlanılmışdır. Bu müəssisədə 250 nəfərin işlə təmin edilməsi nəzərdə tutulmuşdur. İnvestor Zeynal Əliyevin tikdirdiyi, tutumu 10 min ton olan buğda anbarının və sutkalıq istehsal gücü 200 ton olan un fabrikinin inşası başa çatdırılmışdır.

Aqrar sahəyə diqqətin artırılması sayəsində hər il rayonda torpaq sahibləri uğurlu göstəricilərə nail olurlar. Əkin sahələrini ildən-ilə artıran fermerlər keçən il 16824 hektar sahədə taxıl yetişdirmiş, 336 hektar sahədə meyvə və giləmeyvə bağı salmışlar. 556 hektar üzüm bağından 22 min 594 ton məhsul yığılmışdır.

Rayonda baramaçılıq da inkişaf edir. Barama istehsalını artırmaq və bu sahədə qarşıya çıxan problemləri vaxtında həll etmək məqsədilə rayon icra hakimiyyətində qərargah yaradılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində keçən il 12 min 691 kiloqram barama istehsal edilmişdir.

Məlum olduğu kimi, respublikamızda fəaliyyət göstərən istixanaların çoxu Şəmkir rayonundadır. Hazırda rayondakı istixanaların ümumi ərazisi 1022 hektardan çoxdur. Bu sahədə zəngin təcrübə toplayan təsərrüfat sahibləri ildən-ilə istixanaların sahəsini genişləndirirlər. Mövcud istixanalarda 116 min 943 ton pomidor, 23 min 215 ton xiyar və digər məhsullar yetişdirilmişdir. Yetişdirilən məhsulun 70 faizindən çoxu Rusiya Federasiyasına ixrac olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Şəmkirdə 3 və 5 saylı körpələr evi-uşaq bağçasının, Kür qəsəbəsi, Keçili, Qaracəmirli və Dəllər-Cırdaxan kənd körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, Şəmkir şəhərində qəzalı vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının yerində yeni binanın tikintisi başa çatdırılmışdır.

Rayonda avtomobil yollarının yenidən qurulması da davam edir. Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 kilometr hissəsi yenidən tikilərək istifadəyə verilib. Bu il isə uzunluğu 32,9 kilometr olan Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolunun yenidən qurulmasını başa çatdırmaq nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, qazanılan uğurlar şəmkirliləri arxayınlaşdırmır, ölkədə aparılan genişmiqyaslı işlərə öz töhfələrini vermək əzmi ilə çalışırlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video