15 May 2019 00:37
1273
Mədəniyyət
A- A+

Ailəmizin günü


Ailə nədir?

İki şəxsin həyatını birləşdirdikdən sonra uşaq sahibi olub onu böyütdüyü bir evmi?

Qadının təmizlik, yemək bişirmək, paltar yumaqla keçirdiyi, kişinin isə axşama qədər işləyib pul qazanaraq gətirməsi vacib olan kiçik bir dünyamı?

Təbii ki, belə deyil və olmamalıdır...

Əslində ailə hansısa sözlərlə ifadə ediləcək bir məfhum da deyil. Ailə hislər üzərində qurulan bir bağ olduğu üçün onu sözlə ifadə etmək, hansısa modelə uyğunlaşdırmaq, çərçivələr cızmaq mümkün deyil...

Ailə olmaq birlikdə gülüb, birlikdə ağlamaq...

Acılı-şirinli günləri birlikdə paylaşaraq həyatda güclü qala bilmək...

Kiçicik bir ana sonsuz xoşbəxtlik sığdırmaq...

Mən və səni birləşdirib "biz”i yaratmaqdır...


Azərbaycanda 2 milyondan çox ailə var


15 may dünyada Beynəlxalq Ailə Günüdür. BMT Baş Assambleyasının 1993-cü il qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən keçirilir. Bu günün təsisində məqsəd dünya miqyasında bütün insanların diqqətini ailələrə və onların problemlərinin həllinə yönəltməkdir. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub.

Ailə cəmiyyətin ən kiçik modelidir, amma elə onun ən vacib təməl dirəyidir. Möhkəm ailə bağları olan ailələrdə böyüyən uşaqlar cəmiyyətin ən sağlam və layiqli vətəndaşları olurlar. Hər zaman ölkəmizdə də ailə dəyərləri üstün tutulub, tarixən formalaşaraq hazırkı günümüzə qədər ötürülən bu milli dəyərlər müasir həyatda da yüksək qiymətləndirilir.

Statistik göstəricilərə əsasən, hazırda Azərbaycanda 2.103.568 ailə mövcuddur.

"Ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Ailə institutunun inkişafı istiqamətində fərman və sərəncamlar imzalanıb, proqramlar həyata keçirilir. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə xeyli işlər görülür” deyən Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirir ki, Azərbaycan dövlətinin diqqətində olan məsələlərdən biri də ailə institutunun möhkəmləndirilməsidir. Ölkəmizdə olan ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyır. Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu, bizim milli adət-ənənəyə çevrilmişdir. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.


"Aparılan siyasət ailələrin sosial təminatının yaxşılaşdırılmasına yönəlib”


Aqiyə Naxçıvanlı söyləyir ki, müstəqil Konstitusiyamızın müəllifi Heydər Əliyev bu ali sənəddə ailənin mahiyyətini, ailə üzvlərinin hər birinin vəzifələrini xüsusi maddələrdə müəyyən edib. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı mülki hüquqları da təsbit olunub.

Ailə üzvlərinin, xüsusilə də ana və uşaqların sağlamlığının mühafizəsi istiqamətində önəmli addımlar atılır: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət ailə siyasəti uğurla həyata keçirilir. Prezidentin sərəncamı ilə ana və uşaqların sağlamlığının yaxşılaşdırırlmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı təsdiq olunub. Hazırda ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilir. Gənc ailələrə güzəştli ipoteka krediti verilir. Qanunvericilik bazasında Ailə Məcəlləsinə, həmçinin gənclər siyasəti, təhsil, sosial təminat haqqında qanunlara və Prezidentin digər fərman və sərəncamlarına uyğun olaraq aparılan siyasət ailələrin sosial təminatının yaxşılaşdırılmasına yönəlib. Elə son dövrdə Prezidentin həyata keçirdiyi sosial siyasət nəticəsində minlərlə ailəyə, xüsusilə də aztəminatlı ailələrə böyük güzəştlər verilib. Məvaciblərin, pensiyaların, çoxuşaqlı ailələrə verilən uşaq pullarının artırılması ailələrin sosial-maddi inkişafına böyük təsir edəcək. Bir sözlə, bu gün dövlət tərəfindən ailələrin xoşbəxt olması üçün bütün şərait yaradılıb”.


Dağılan tifaqlar...


Amma o da faktdır ki, müasir dövrdə ailə dəyərlərinə və onun qorunmasına yanaşma tamamilə fərqlidir. Təkcə ötən il ölkəmizdə 14.857 ailə boşanıb. Təbii ki, bu ailə dəyərlərinə böyük əhəmiyyət verən Azərbaycan cəmiyyəti üçün mənfi göstəricidir.

Səbəb isə müxtəlif amillərlə izah edilir. Məsələn, yaşlı nəslin nümayəndələri daha çox bunu müasir zamanla əlaqələndirir, ailədə yaşlı, ağsaqqal, ağbirçək sözünü dinləməməyin nəticəsi hesab edirlər.

Gənclər isə, əksinə, ailə yaşamlarına kənar müdaxilələrin çox olmasından gileylənirlər. Yəni bu məsələdə yekdil bir fikrə gəlinməyib...

Aqiyə Naxçıvanlı bildirir ki, ailə ənənələri ən qiymətli xəzinə kimi əsrdən-əsrə, nəsildən-nəslə ötürülüb, xalqımız hər zaman onu göz bəbəyi kimi qoruyub yaşadıb. Ailə hər bir fərdin gələcəyə uzanan yolda dayağı, ümidi, güvənc yeri olmalıdır. Ailə qarşılıqlı mənəvi, hüquqi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. İnsanın kamilləşməsində, onun şəxsiyyətə çevrilməsində ailənin rolu hər zaman öz əhəmiyyətini saxlayır: "Təəssüf ki, ailələrin dağılması, bütövlüyünün pozulması əsasən cəmiyyətdə mövcud olan neqativ halların ailələrə daxil olması səbəbindəndir. İnformasiya-kommunikasiya texnologiyaları əsrində, qloballaşan dünyada yaşayırıq. Şübhəsiz, bu qloballaşma həyatımıza yalnız müsbət yox, mənfi xüsusiyyətlər də daxil edir. Bununla da biliyi, savadı, dünyagörüşü az olan insanlar həmin mənfi təsirin altına düşür. Bu səbəbdən də hər birimizin əsas vəzifəsi ailələri qorumaqdır. Onların dağılmaması üçün kömək etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin də rolu böyük olmalıdır. Bizim əsas dəyərimiz ailələrimizdir. Təəssüf ki, son zamanlar bəzi gənclərimiz ailə quranda hər şeyi düşünüb daşınmır, tələskənliyə yol verirlər. Xüsusilə də onların ailələri tanış olmalı, bir-birlərini yaxşı tanımalıdırlar. Bəzən elə valideynlərin özləri ailələrin dağılmasına səbəb olur. Onların şəxsi ambisiyaları, istəkləri, baxışları buna yol açır”.

Komitə sədri vurğulayır ki, əvvəllər eşidəndə hansısa bir ailə boşanıb, o, sensasiya hesab olunurdu. Amma indi dövr tam fərqlidir, bəzən ailələr əhəmiyyətsiz məsələyə görə dağılır. Bir də elə ailə var ki, ailə başçısı pis vərdişlərin aludəçisidir və burada biz gözləməməliyik ki, kimsə kiməsə şiddət göstərsin, fiziki zorakılıq etsin, bu cür ailələrin mövcud olması məsləhət deyil. Amma statistika göstərir ki, bir çox ailələr vacib səbəb olmadan boşanırlar: "Azərbaycanda hər zaman uzunömürlü ailələr olub və indi də var. Əvvəl ailə qurulanda yaşlılar tövsiyələrini verir, gənclərə bir-birinə hörmət etmələrini, çətinliklərə birgə sinə gərməyi, dözümlü olmağı, güzəştə getməyi məsləhət verirdilər. Bu xüsusiyyətlər ailənin möhkəm olması üçün vacibdir. İndi bizim bəzi gənclərdə həmin səbr, güzəşt yoxdur, başa düşmək istəmirlər, hər biri öz ambisiyasını yeritmək istəyir. Bu məsələlər ailələrdə tərbiyə edilməlidir. Düşünürəm ki, hər bir ailə öz milli dəyərlərinə söykənsə, babadan, nənədən gələn adətlərini örnək götürsə, daha möhkəm olar”.


Günahsızlar...


Boşanmaya gətirib çıxaran səbəblərdən asılı olmayaraq, dağılan ailələrin altında əzilənlərdən birincisi uşaqlar olur...

Aqiyə Naxçıvanlı da söyləyir ki, boşanmalar ən çox uşaqlara zərbə vurur, onlara ömür boyu yaşayacaqları travmalar verir: "Uzun-uzadı məhkəmə proseslərində rast gəlirik ki, uşağı hərə öz tərəfinə çəkmək istəyir. Düşünmürlər ki, bununla uşağın psixologiyasına sarsıntı verirlər. Bəzən görürsən ki, bəlkə də həmin valideynləri uşağın taleyindən çox şəxsi eqoizmləri maraqlandırır. Burada hansısa prinsiplər, aliment, mal-mülk məsələləri daha öndədir, buna görə də sadəcə uşaqdan istifadə edirlər.

Düşünürəm ki, yeni ailə quran gənclər arasında mütləq nikah müqaviləsi olmalıdır. Belə olarsa hər iki tərəf üzərinə düşən məsuliyyəti bilər və uşaqlar da ortada qalmaz. Son zamanlar bizə alimentin ödənilməməsi ilə bağlı həddindən çox müraciətlər gəlir. Bu həm də məhkəmə icraçılarının laqeydliyindən irəli gəlir. Deyirlər ki, kimisə tapmadıq, ölkədə yoxdur və s. Düşünürəm ki, alimenti ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulmalıdır. Həmçinin alimentdən iki dəfə artıq cərimə tətbiq olunarsa, bu, həmin şəxslərin məsuliyyətini artırar”.


Xoşbəxt ailə qurmağın tərifi...


Aparılan araşdırmalara əsasən demək olar ki, evliliklərin ilk 5 ili ən kritik dövrdür. Çünki iki fərqli insanın qısa zaman ərzində bir-birini olduğu kimi qəbul etməsi asan deyil.

Artıq zaman da o zaman deyil ki, ailənin müqəddəratını el ağsaqqalları yığışıb həll etsin və həm də o zaman deyil ki, gənclər doğru sandıqları yolla əks istiqamətə üz tutsunlar.

Bu günün ailəsinin gələcək xoşbəxtliyi ailə quracaq cütlüklərin sevgisindən, ailənin əsl mahiyyətinə varmalarından keçir...

Ailənin var olması üçün əsas şərt sevgi və güvəndir. Bunlara əsaslanmayan münasibətdən xoşbəxt ailə yaratmaq mümkün deyil.

Fiziki, yaxud da psixoloji şiddət istifadə edilməyən ailə şəraitində ailə üzvləri özlərini daha dəyərli hiss edir, həmin ailələrdə böyüyən uşaqlar da daha xoşbəxt olurlar.

Bəzən yeni ailə quranlar elə düşünürlər ki, evləndikdən sonra həyatlarında hər şey nağıl dünyasına çevriləcək, heç bir problemləri olmayacaq, yalnız şənlənəcək, deyib güləcəklər. Bunun əksi ilə rastlaşdıqda isə xəyal qırıqlığına uğrayır, dərhal bu evliliyə son vermək barədə düşünürlər...

Amma evlilik də yaşanan həyatın mühüm parçasıdır və o ayrı dünya deyil...

Ağrı-acının, sevincin, kədərin iç-içə yaşandığı bir dünya...

Əslində xoşbəxt ailə qurmağın tərifi o qədər sadədir ki...

Nə qədər çox işiniz olsa da, bir süfrə arxasında yığışmaqdır ailə olmaq...

Və əgər bunu bacarmırsınızsa, demək heç ailə deyilsiniz...


Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video