05 May 2019 01:27
1788
SİYASƏT
A- A+

Elmin böyük təəssübkeşi


Bu ay Azərbaycan xalqının tarixi taleyində müstəsna xidmətləri olan, XX əsr dünya ictimai-siyasi xadimləri içərisində xüsusi mövqeyi və yeri ilə fərqlənən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi, iyun ayında isə respublikamızda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Hazırda bütün xalqımız müasir Azərbaycanın memarı Heydər Əliyevlə bağlı hər iki əlamətdar tarixin təntənəli şəkildə qeyd edilməsinə hazırlaşır.

Heydər Əliyevlə bağlı bu əlamətdar tarixlərin, həmçinin bu dahi şəxsiyyətlə bağlı digər hadisələrin təntənəli şəkildə qeyd edilməsi hər şeydən əvvəl ona görə ümummilli əhəmiyyət daşıyır ki, xalqımız bu dahi şəxsiyyətin böyük siyasi idarəçilik məktəbi olan həyat və fəaliyyətinə hər dəfə yenidən qayıtmaqla onun daha yeni-yeni səhifələrini aşkarlamış olur, onun idarəçilik fəlsəfəsindən, hətta adi həyati situasiyalardakı davranışlarından, müxtəlif hadisələrə münasibətindən hər dəfə nəyisə yenidən öyrənmiş olur. Bu mənada Heydər Əliyevin anadan olmasının 96 illiyi və Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illik yubileyləri bu müdrik şəxsiyyətin dühası ilə ən sadə vətəndaşdan tutmuş ziyalılara, dövlət xadimlərinə qədər hər bir kəs üçün olduqca böyük mənəvi və siyasi-idraki əhəmiyyətə malikdir.

Heydər Əliyevin XX əsr Azərbaycan xalqının tarixi taleyindəki müstəsna xidmətlərini elmi olaraq düzgün dəyərləndirmək üçün ona bütövlükdə həmin tarixi mərhələnin qlobal sosial-siyasi və mədəni-mənəvi prosesləri kontekstində yanaşmaq lazımdır. Məlumdur ki, XX əsr bütövlükdə bəşəriyyətin sosial tərəqqisində olduqca mürəkkəb, keşməkeşli bir dövr kimi xarakterizə olunur. Elmi-texniki tərəqqinin görünməmiş bir sürətlə inkişaf etməsi, bəşəriyyətin tarixində görünməmiş kəskinlikdə ideoloji qütbləşmənin yaranması, iki cahan savaşı, qloballaşma və s. ilə xarakterizə olunan XX əsr tarixə qlobal ziddiyyətlər, təbəddülatlar dövrü kimi daxil olmuşdur.

Ötən əsrdə Azərbaycan xalqının tarixi taleyi də olduqca keşməkeşli, eyni zamanda şərəfli hadisələrlə zəngin olmuşdur. Hər şeydən əvvəl onu fəxarətlə qeyd etmək lazımdır ki, xalqımız XX əsrin əvvəllərində bütün müsəlman dünyasında ilk müasir tipli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa nail olmuşdur. Bu, olduqca əlamətdar bir hadisə idi. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət idarəetmə mədəniyyətinin, müasir tipli elm və təhsil infrastrukturunun, milli-ideoloji düşüncə standartlarının bərqərar olmasında müstəsna rol oynamışdır. Heydər Əliyev sovet idarəçilik məktəbi sistemində yetişmiş olsa da, onun siyasi təfəkkürü öz genezisini tipoloji olaraq məhz cümhuriyyətçilikdən və azərbaycançılıqdan götürmüşdür. Sonrakı illərdə SSRİ-nin tərkibində, olduqca mürəkkəb bir sosial-siyasi şəraitdə milli dövlətçilik ənənələri Heydər Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ona görə də onun bir siyasi xadim və şəxsiyyət kimi dəyərləndirilməsində XX əsr boyu azərbaycançılıq konteksti, hökmən, əsas götürülməlidir.

İstənilən tarixi mərhələni analitik ümumiləşdirmə qabiliyyətinə malik Heydər Əliyev özü XX əsrdə Azərbaycan xalqının tarixi inkişafını belə dəyərləndirirdi: "Xalqımız XX əsrin əvvəllərindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük bir dəyişiklik əmələ gəlmiş, böyük bir ictimai-siyasi proses başlanmışdır. Bunlar hamısı keçdiyimiz dövrün, onun mərhələlərinin bəhrəsi, nəticəsidir”.

Burada Heydər Əliyev Azərbaycan xalqının XX əsrdəki inkişafını sosioloji olaraq modelləşdirməyə nail olmuşdur. Diqqət etsək görərik ki, Heydər Əliyev elmin inkişafı ilə iqtisadi inkişafı eyni kontekstdə qeyd edir. Deməli, o elmin inkişafını hər şeydən əvvəl iqtisadiyyatla və son nəticədə cəmiyyətin sosial-iqtisadi inkişafı ilə bilavasitə əlaqədə təsəvvür edir. Bu yanaşma, bugünkü terminologiya ilə ifadədə "cəmiyyətin innovativ inkişaf modeli” deməkdir. Heydər Əliyevdən nümunə gətirdiyimiz sitatda digər bir məqama da diqqəti cəlb etmək istərdik. Göründüyü kimi, o, cəmiyyətdəki proqressiv ictimai-siyasi prosesləri XX əsr boyu insanların dünyagörüşündə baş verən dəyişikliklərlə əlaqələndirir. Bu isə, bugünkü terminologiya ilə ifadədə "insan kapitalının inkişafı modeli” deməkdir. O, dahiyanə bir uzaqgörənliklə müəyyənləşdirir ki, cəmiyyətin proqressiv inkişafının əsasında məhz xüsusi dünyagörüşə malik, savadlı, təhsilli insan potensialı dayanır. Heydər Əliyev ixtisas sahəsinə görə filosof, sosioloq olmasa da, cəmiyyətin inkişafı üçün innovativ inkişaf tendensiyalarını, insan kapitalının inkişafı modelini böyük uzaqgörənliklə hələ neçə onillər bundan qabaq görmüş və fəaliyyətini də məhz bu istiqamətlərə uyğun olaraq qurmuşdur.

Biz bu məqaləmizdə olduqca çoxspektrli fəaliyyət diapazonuna malik Heydər Əliyevin məhz elmi fəaliyyətlə əlaqələri üzərində xüsusi dayanmaq istərdik. Hesab edirik ki, Heydər Əliyev və elm mövzusuna iki aspektdən yanaşmaq mümkündür:

1. Heydər Əliyevin idarəçilik strategiyasının intellektual əsasları;

2. Heydər Əliyevin idarəçilik strategiyasında intellektual inkişaf.

Bu istiqamətlər bilavasitə bir-biri ilə qarşılıqlı əlaqədədir. Heydər Əliyev çıxışlarından birində qeyd etmişdir ki, "böyük dövlət xadimləri, siyasi idarəçiliklə məşğul olanlar bilavasitə elmi tədqiqatla məşğul olmurlar. Amma onların dövlət əhəmiyyətli məsələləri həll etməsi elmi axtarışdır, elmi tapıntıdır”. Bu sözlərdə olduqca böyük bir həqiqət var. Əsl dövlət xadimlərinin siyasi idarəçiliyi ciddi intellektual əsaslara, zəngin siyasi, geosiyasi, tarixi biliklərə söykənir.

Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyətində və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır.

XX əsrin ikinci yarısının əvvəllərindən XXI əsrin əvvəllərinədək olan bir müddətdə Heydər Əliyevin Azərbaycan elminin inkişafında oynadığı müstəsna rolu, xidmətləri qiymətləndirmək o qədər də sadə deyildir. İlk baxışdan belə görünür ki, Heydər Əliyevin respublikaya rəhbərliyinin həm birinci, həm ikinci mərhələsində onun elmin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri sadalamaqla məsələni bitmiş hesab etmək olar. Lakin bu halda Heydər Əliyevin elm siyasəti bütöv sosial-fəlsəfi mahiyyəti ilə açılmamış qalar. Çünki Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi gündən ömrünün son anınadək elmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasəti məhz dərin bir konseptual əsasa dayanaraq, bəşəriyyətin sosial tərəqqi tendensiyalarını dərindən dərk edərək və Azərbaycanın inkişafını ona uyğunlaşdıraraq həyata keçirirdi. Heydər Əliyevin elm strategiyasının bütün daxili sosial-siyasi və fəlsəfi mahiyyətini anlamaq üçün məhz o konteksti nəzərə almaq lazımdır.

Ötən əsrin 60-cı illərində bilavasitə Heydər Əliyevin təşəbbüsü əsasında SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.Keldış Azərbaycana gəlir və respublikanın rəhbərliyi ilə görüşür. Həmin görüşdən sonra o vaxtlar böyük əhəmiyyət kəsb edən, o dövr üçün superkompüter səviyyəsində olan BGSM hesablama maşını Elmlər Akademiyasına verilir. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər ordusu formalaşmağa başlayır.

Xüsusilə fizika, riyaziyyat, informatika və texnika elmlərinin perspektivini planlaşdırdıqda ümummilli lider Heydər Əliyevin məsləhət bildiyi strategiya, yəni sənayemizin intellektual təminatının perspektivi əsas götürülmüşdür. Nəticədə 70-ci illərdə Azərbaycanda riyaziyyat elmi sürətlə inkişaf etmiş və dünyada tanınan elmi məktəb kimi formalaşmışdır.

Respublikada elektrotexnikanın intensiv inkişafı, mikroelektronika, optoelektronika, cihazqayırma və sənayenin digər sahələrinin yüksəlişi məhz yarımkeçiricilər fizikası sahəsindəki fundamental tədqiqatlar nəticəsində mümkün olmuşdur. Bu dövrdə astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm işlər görülmüşdür.

Çox az adam bilir ki, Azərbaycan alimlərinin SSRİ-nin kosmik və hərbi-sənaye proqramlarında uğurlu iştirakı Heydər Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqətdən irəli gəlirdi. O vaxtlar siyasi dairələrdə, eləcə də Sovet İttifaqında Heydər Əliyev beynəlxalq miqyasda nüfuzlu dövlət xadimi kimi tanınırdı.

Azərbaycanda biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələrinin fundamental əsası məhz keçən əsrin 70-ci illərində qoyulmuşdur. Təbiətə, yaşıllığa, gözəlliyə insan sağlamlığının, fiziki və mənəvi saflığının təminatçısı kimi baxan ümummilli lider Heydər Əliyev daim onun mühafizəsinin qeydinə qalmışdır. Həmin illərdə yaradılmış "Azərbaycanın Qırmızı Kitabı” məhz möhtərəm Heydər Əliyevin sərəncamı əsasında işıq üzü görmüşdür.

Azərbacanda kimya, neft emalı və neft-kimya sənayesinin yüksəlişi məhz 1970-ci illərdə başlamışdır. Görkəmli alim, dünya kimya elminin korifeylərindən sayılan akademik Yusif Məmmədəliyevin Azərbaycanın neft-kimya elminin inkişafındakı səmərəli təcrübəsinin davam etdirilməsini vacib sayan ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublika sənayesinin bu mühüm sahələrinə kapital qoyuluşu artırılmış, ən qabaqcıl texnologiya, yüksək məhsuldarlığı olan katalitik krekinq kompleksi - "Azərneftyanacaq” İstehsalat Birliyi yaradılıb istismara verilmişdir. Ulu öndər Heydər Əliyevin neft-kimya sahəsinin müasirləşdirilməsində də aparıcı rolu olmuşdur. Həmin dövrdə Sumqayıtda sulfanol, xətti alkil-benzol, sulfat turşusu, kaustik soda istehsalatları, məişət kimyası zavodları, güclü EP-300 piroliz qurğusu, polietilen istehsal edən qurğu və s. istismara verilmişdir.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin fəaliyyətində milli kadrların yetişdirilməsi mühüm yer tuturdu. Akademik M.Keldışın Azərbaycana gəlişindən sonra SSRİ EA-nın müvafiq institutlarında respublikamızın istedadlı gəncləri üçün məqsədli aspiranturalara yerlər ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində təcrübə keçmək üçün mütəxəssislər göndərildi, həmin elm sahəsinin mənimsənilməsi, sonradan ölkəmizə transformasiya olunması istiqamətində müəyyən işlər görüldü.

Təbii ki, bütün bu işlər Heydər Əliyevin rəhbərliyi və bilavasitə qayğısı nəticəsində həyata keçirilirdi. Heydər Əliyevin həyata keçirdiyi həmin uzaqgörən siyasət bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi, elmi və hərbi potensialının əsasını təşkil edir. Ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərin yetişdirdiyi kadrlar bu gün də uğurla fəaliyyət göstərirlər.

Ulu öndər Heydər Əliyev 70-80-ci illərdə Azərbaycana rəhbərliyi illərində Azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipidir. Xatırlamaq yerinə düşər ki, ulu öndər o dövrdə rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyə edirdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi. Bundan başqa, dahi öndərimizin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı verməsi də dediklərimizə bariz nümunədir.

Ulu öndər Azərbaycanın elminin, mədəniyyətinin, ədəbiyyatının inkişafını düşünərkən bu sahədə fəaliyyət göstərən insanların əməyinə də böyük qiymət verir, onlara böyük hörmətlə yanaşırdı. Ulu öndər bütövlükdə sovet dövrü Azərbaycanının mədəniyyət xadimlərinin fəaliyyətini yüksək dəyərləndirərək deyirdi: "O illər (yəni-sovet dövrü) mədəniyyətimizdə, ədəbiyyatımızda, elmimizdə böyük şəxsiyyətlər yetişdiribdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev kimi dahi bəstəkarlarımız yeni əsərlər yaratmışlar. Cəfər Cabbarlı kimi dahi yazıçımız Azərbaycan xalqına böyük ədəbi töhfələr vermişdir. Ədəbiyyatımızda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov kimi böyük şəxsiyyətlər yetişmişdir. Alimlərimiz - Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov, bir çox başqa alimlər 1945-ci ildə ilk dəfə Azərbaycanın böyük elmini bir yerə yığıb Elmlər Akademiyası yaratmışlar. Bunların hamısı o çətin, ağır illərin böyük nailiyyətləridir”.

Ötən əsrin 70-80-ci illərində əldə edilən nailiyyətlərə baxmayaraq 1990-cı illərin əvvəlləri vəziyyət tamamilə dəyişdi. Bu dövrdə həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın bütün sahələrini total xaos bürümüşdü. Həmin illərin mürəkkəb şəraitində Azərbaycanda sosial-iqtisadi xaosu şərtləndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:

1. Sovet dövrünə məxsus siyasi-ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi mühitdən yeni sistemlərə transformasiya problemləri;

2. XX əsrdə sürətlə gedən qloballaşma prosesinin yaratdığı problemlər;

3. Azərbaycan üçün mərkəz tərəfindən süni olaraq yaradılmış Dağlıq Qarabağ problemi və onun doğurduğu sosial-iqtisadi problemlər.

O dövrdəki mürəkkəb şərait dövlət quruculuğunu xeyli sayda daxili və xarici amillərdən asılı etdiyinə görə strateji məqamları nəzərə alan siyasi konsepsiyaları olduqca mürəkkəb şərtlər daxilində formalaşdırmaq tələb olunurdu. Əksər hallarda bu mürəkkəblik həmin siyasətin daxili və xarici tərəflərinin harmoniyasını təmin etmək üçün böyük uzaqgörənlik tələb edirdi. Başqa sözlə ifadə etsək, ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən proseslər, transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək zərurətini ortaya qoymuşdur. Müstəqil Azərbaycanın həm ideoloji, həm siyasi, həm də iqtisadi sferalarında mövcud problemlərini müəyyənləşdirmək və həlli yollarını göstərmək isə ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin illərdə Azərbaycan elminin düşdüyü ağır vəziyyət bu funksiyanı yerinə yetirməyə ona imkan vermirdi.

Respublikanın əksər elmtutumlu istehsal müəssisələrinin tamamilə dayanması və ya qismən təsərrüfat fəaliyyəti göstərməsi yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinin istehsal prosesinə cəlb edilməsi sahəsində "elm-istehsal-bazar” əlaqələrinin pozulması ilə nəticələnmişdir. Bir tərəfdən ümumilikdə ölkədə yaranmış maliyyə çətinlikləri ilə əlaqədar olaraq dövlətin elmi-texniki fəaliyyəti maliyyələşdirə bilməməsi, digər tərəfdən çoxmənbəli maliyyə mexanizminin formalaşmaması Azərbaycan elmində yaranmış problemləri daha da dərinləşdirmişdir.

Bundan əlavə, elmi kadrların hazırlanması və istifadəsi, elmi əməyin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi, nəşriyyat fəaliyyətinin pozulması elmi potensialın zəifləməsinə səbəb olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdim ki, həmin illərdə elmin maddi-texniki bazasının gücləndirilməsi üçün bir ədəd də olsun avadanlıq alınmamışdı.

Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə vəziyyəti əsaslı olaraq dəyişməyə nail oldu. Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası da ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu.

Tarix və zaman Heydər Əliyevi dövlətçiliyin və xalqın xilası üçün seçdi. Seçdi ki, o, Azərbaycan dövlətçiliyi tarixində dönüş mərhələlərindən birinə - milli dirçəliş, müstəqil Azərbaycanın quruculuğu prosesinə başçılıq etsin.

Ötən əsrin 90-cı illərinin əvvəllərində bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi Akademiyanı bağlamaq istəyirdilər. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Akademiya, eyni zamanda milli intellektual potensial məhv olmaqdan qurtula bildi.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər müəyyənləşdi. Onun Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə Heydər Əliyevin söylədiklərinin bizcə, heç bir şərhə ehtiyacı yoxdur. "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”. Həmin vaxt deyilmiş bu sözlər elm və təhsilin perspektivini cızdı və Heydər Əliyev doğrudan da vədlərini yerinə yetirib ən çətin şəraitdə yaşayan dövlətdə elm və təhsil islahatlarının başlanğıcını qoydu. O islahatları reallaşdıranlar da elə Heydər Əliyevin 1969-1982-ci illərdə elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində yetişmiş yüksəkixtisaslı elm və təhsil nümayəndələri idi.

1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini bildirib, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdir. Bu tarixi görüşdən başlayaraq Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq Akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, "Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası hazırlandı.

Akademiya alimləri ilə keçirdiyi həmin görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan ulu öndər ədəbiyyat, mədəniyyət tarixinin yazılması zəruriliyi barədə söhbət açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Ulu öndərin tövsiyələri Azərbaycan elminin inkişafı məqsədinə hesablanmış fərman və sərəncamlarla müşayiət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və Akademiyanın bütün işçilərinin əməkhaqları bir neçə dəfə artırılmış, 2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalanmış, böyük öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş geniş müşavirə keçirilmişdir.

Azərbaycan xalqının ümummilli liderinin Milli Elmlər Akademiyasının statusu, Nizamnaməsi və MEA prezidentinin təsdiqi haqqında 4 yanvar 2003-cü il tarixli fərmanı da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Böyük öndərin bu addımı Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasına, dünya ölkələrinin elm sahəsində əldə etmiş olduğu ən mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat institutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə geniş şərait yaratmışdır.

Ümummilli liderin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilati statusunun verilməsi ilə milli müstəqillik mərhələsində Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş, onun səlahiyyətləri artırılmışdır. Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından Akademiya qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Həmin illərdə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan iqtisadi-siyasi sistemin inkişafına nail olunması və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası məqsədilə iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparıldı. Bu islahatların əsas ideyası sənayenin texniki və texnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının yüksəldilməsi yolu ilə ölkənin hərtərəfli, davamlı inkişafının təmin edilməsi idi.

Həm Azərbaycanın inkişafında oynadığı mühüm rol, həm də elmi araşdırmalarla əlaqəsi baxımından Heydər Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın yeni neft strategiyasını xüsusi olaraq qeyd etmək lazımdır. "Əsrin müqaviləsi” adlandırılan neft müqavilələri, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev "Əsrin müqaviləsi”nin imzalandığı mərasimdəki tarixi nitqində Azərbaycanın neft sahəsində çalışan alimlərinin əməyini yüksək qiymətləndirərək onların neft sahəsindəki elmi nailiyyətlərini "böyük elmi kəşflər” kimi dəyərləndirmişdir: "Bu gün bu tarixi gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil və emal edilməsinə başlandığı dövrdən təxminən 150 il sonra mən Azərbaycan neftçilərinin bütün nəsillərinə, respublikamızın neft sahəsində çalışan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin və fəhlələrinin hamısına bu dövrdə təbii sərvətlərimizi çıxarıb xalqımızın rifahının müəyyən qədər yaxşılaşmasına səy göstərdiklərinə görə, fədakar əməklərinə görə, böyük elmi kəşflərinə görə təşəkkürümü bildirirəm və onları indiyə qədər qazandığı nailiyyətlərə görə ürəkdən təbrik edirəm”.

Heydər Əliyevin milli dövlət quruculuğunda elm siyasətindən danışarkən bu dövlətin elmi-ideoloji əsasları üzərində xüsusi dayanmaq istərdim.

Heydər Əliyev bu ideologiyanı "Azərbaycançılıq” kimi formalaşdırmışdır. XIX əsrin ortalarında Azərbaycanın mütəfəkkir şəxsiyyətləri tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər Əliyevin miqyaslı fəaliyyəti nəticəsində nəzəri müstəvidən real sosial müstəviyə keçdi. Hələ ötən əsrin ortalarında, Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq azərbaycançılıq ideyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması, neçə-neçə şair və yazıçının, ziyalının təntənəli yubileylərinin keçirilməsi, əsərlərinin kütləvi nəşri, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması istiqamətində atılan mühüm addımlar Heydər Əliyevin adı ilə bağlıdır.

1990-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına əməli olaraq qayıdış, Füzulinin və "Kitabi-Dədə Qorqud”un yubileyləri, azərbaycanlıların dünya forumu ilə bağlı qərar və sərəncamlar, azərbaycançılıq ideyasını daşıyan elm və sənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması və digər neçə-neçə tədbirlər məhz bu məqsədə xidmət edən əməli addımlar idi.

Azərbaycançılıq dahi rəhbərin aşağıdakı tezisində özünün mükəmməl elmi ifadəsini tapmışdır: "Azərbaycançılıq hər şeydən əvvəl öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir!”

2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir. Hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən "elm-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən siyasət Azərbaycan dövlətinin dünyada baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə adekvat reaksiyası olmaqla yanaşı, həmçinin güclü və müasir dövlət naminə son dərəcə uğurlu bir "elm-iqtisadiyyat birliyi” modelidir. Bu siyasət bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da bir çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın gələcək inkişafı ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı”na keçid, insan kapitalının adekvat inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi kimi prinsiplərin reallaşdırılmasında götürülür ki, bu prinsiplərin də həyata keçirilməsi ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Xüsusən, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasında əlaqələrin müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan mümkün deyildir.

Prezident İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir. O, elan etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Azərbaycan alimləri bu çağırışı özlərinin elmi fəaliyyətlərinin strateji hədəfi kimi qəbul edirlər. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait var. İndi Akademiya bu istiqamətdə köklü islahatlar aparmaqdadır. Konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.

Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir. Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir.

Akif ƏLİZADƏ,

AMEA-nin prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video