24 Aprel 2019 19:46
570
SİYASƏT
A- A+

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə görüş keçirilib


Aprelin 24-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvlərinin Dağlıq Qarabağdan olan gənclərlə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədr müavini və əlaqələndiricisi Asif Cahangirovun moderatoru olduğu görüş "Qondarma "erməni soyqırımı”: Əsassız iddialar və tarixi faktlar” mövzusuna həsr edilib.

İctimai Birliyin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev qurumun son aylardakı fəaliyyəti ilə bağlı gənclərə məlumat verib. O qeyd edib ki, İctimai Birlik son dövrlərdə beynəlxalq istiqamətdə fəaliyyətini genişləndirib. Onun sözlərinə görə, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələrini inkişaf etdirməkdə məqsəd erməni lobbisinin dünyada apardığı yalan təbliğatının qarşısını almaqdır. Bununla bağlı beynəlxalq təşkilatların nümayəndələri və ölkəmizdə akkreditə olunmuş diplomatlarla görüşlər keçirilir, eyni zamanda, dünyanın aparıcı KİV-lərinə müsahibələr verilir.

T.Gəncəliyev vurğulayıb ki, gənclər sosial şəbəkələrdə fəal olmaqla, erməni təbliğat maşınına qarşı mübarizəyə öz töhfələrini verə bilərlər. "İndi dünyada insanların özlərinin çəkdikləri videoçarxlar, audio yazılarlar daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram", - deyə icma rəhbəri qeyd edib. O bildirib ki, öz torpaqlarından məcburi köçürülmüş insanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən sonra doğma yurdlarına geri qayıtmaq istəyirlər. Bu münaqişədə zərərçəkən olmağımıza baxmayaraq, beynəlxalq təşkilatlara ermənilərə nifrət etmədiyimizi bildirir, ermənilərlə birlikdə yaşamağa hazır olduğumuzu söyləyirik.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, gənclərlə görüşün məhz bu tarixə salınmasının məqsədi "qondarma "erməni soyqırımı” məsələsinin saxta olduğunu gənclərin diqqətinə çatdırmaqdır. Professorun sözlərinə görə, tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər.

E.Əhmədov vurğulayıb ki, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verib. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə "Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə, 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün "Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi bürosunun iclasının gündəliyinə daxil edilib. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə edilirdi. Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta "erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və anti-türk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. İcma sədrinin müavini qeyd edib ki, 2015-cü il martın 12-də Avropa Parlamenti "Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma "erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət etmişdi.

Daha sonra Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində yürütdüyü uğurlu xarici siyasətdən danışıb, gənclərə öz tövsiyələrini veriblər.

Sonra İdarə Heyətinin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən bəhs edən süjet nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video