24 Aprel 2019 00:45
487
SİYASƏT
A- A+

Qondarma “erməni soyqırımı” və ya saxta göz yaşı


Qondarma "erməni soyqırımı”, qırğınlar və ya elə onların təbirincə desək, "böyük cinayət” Birinci Dünya müharibəsi ərəfəsində Türkiyənin Anadolu vilayətində yaşayan ermənilərin guya məhv edildiyini irəli sürən iddiadır. Hətta dünyanın bəzi ölkələri onu soyqırımı kimi qəbul edib. Bu qərarlar tarixə əsaslanmadan, bəzi siyasi faktorların, xüsusilə də ikili standartların təsiri ilə qəbul olunur.

"Soyqırımı” ifadəsi 1965-ci ildən gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Ermənilər ilk "soyqırımı” qərarının qəbuluna Uruqvayda nail olublar. 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. Təəssüf doğuranı odur ki, bu sırada müsəlman ölkəsi olan Livan da var, belə ki, oradan gəlmiş muzdlu saqqallılar daşnaklarla birlikdə Qarabağda, xüsusən də Xocalıda törədilən qətliam və soyqırımıda iştirak ediblər.

Ermənilərin türkləri soyqırımına məruz qoyması faktları aşkarlandıqca isə bəzi dövlətlərdə vaxtilə qəbul edilmiş "erməni soyqırımı” qərarları ləğv edilməyə başlanıb. Bu sırada ilk addım atan isə Ukrayna olub. Xarkov vilayətinin İzyum Şəhər Şurası 2009-cu ildə qondarma "erməni soyqırımı”nın tanınması haqqında qəbul etdiyi qərarı bir il sonra ləğv edib.


Qanlı cinayətlərin sübutları...


Azərbaycan və Türk dünyasının tarixi ərazilərinə iddiasını heç vaxt gizlətməyən erməni daşnak ideoloqları saxta soyqırımı adı ilə yüz ildən çoxdur ki, bəşəriyyətə meydan oxuyurlar. Təəccüb və təəssüf doğuranı odur ki, özlərini dünyanın söz sahibləri hesab edənlər də "erməni soyqırımı”nın saxtalığını bilə-bilə bu "oyun”dan istifadə etməyə çalışırlar. Amma dünya bilməlidir ki, ermənilər daim türklərə qarşı amansız olmuş, soyqırımı cinayəti törətmişlər. Elə götürək Azərbaycanda törətdikləri qanlı hadisələri.

Azərbaycanlıları özlərinə düşmən hesab edən ermənilər daim yerli əhaliyə qarşı amansız olmuşlar. Onların qanlı cinayətlərinin sübutları son illər daha çox üzə çıxmaqdadır. Çünki zaman-zaman gizli saxlanan arxiv materialları ilə yanaşı, torpaq altında qalan izlər də az deyil.

Belə dəlil-sübutlardan biri də Qubada üzə çıxarılan kütləvi qırğın qəbiristanlığı idi ki, bu gün Soyqrımı Memorial Kompleksi olaraq ziyarət ünvanına çevrilib və dünyada tanınır. Kompleksin ərazisindəki məzarlıq 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda başlanılan geniş tədqiqat işləri 2008-ci ildə yekunlaşıb. Məlum olanı budur ki, 1918-ci ildə ermənilər yerli dinc əhaliyə amansızcasına divan tutaraq, törətdiyi soyqırımı qurbanlarının cəsədlərinin kütləvi şəkildə çay kənarında üstünü örtərək gizlədiblər.

30 dekabr 2009-cu il tarixində Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.


Qudyalçayın sağ sahilində...


2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Aşkar olunmuş məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılmasına və abadlıq işlərinin başlanmasına start verildi.

Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin 494 kvadratmetrində araşdırmalar aparıldı, 20 kvadratmetr sahə isə beynəlxalq tədqiqatçılar üçün saxlanıldı.

Qudyalçayın sağ sahilində tapılan iki quyuda üst-üstə qalaqlanan insan sümükləri aşkar edildi. Quyular bir-birindən 2 metr aralı olub. Cəsədlərin əksəriyyəti uşaq və qadınlara aiddir. Daha dəhşətlisi odur ki, skeletlər bütöv deyil, bu da onu göstərir ki, onlar vəhşicəsinə öldürüldükdən sonra şaqqalanaraq quyulara atılıblar. Qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunub. Sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarıb. Burada yalnız azərbaycanlılar deyil, ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndəsinin qətlə yetirilərək basdırıldığı üzə çıxarılıb.

2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə açılan Quba Soyqırımı Memorial Kompleksi on minlərlə insanın ziyarət yerinə çevrilib. Bu gün respublikamızda keçirilən elə bir tədbir yoxdur ki, onun iştirakçıları kompleksi, tarixi sənəd və faktlar əsasında yaradılan zəngin muzeyi ziyarət etməmiş olsun.


Soyqırımı qurbanlarının xatirəsinə matəm sükutu...


Bura gələn qonaqların diqqətini insanların başına gətirilən qətliama yönəltmək üçün lazımi tədbirlər görülüb. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında mühüm rol oynayır.

Kompleksi ziyarət edənlər təqdim olunan faktlardan öyrənir ki, Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, şəhər talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

Abidə-kompleks üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya - giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir.

Yeri gəlmişkən, abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər nümayiş etdirilir.

Ekspozisiya arxiv sənədləri ilə çox zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərarı və komissiyanın sənədləri, eləcə də 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında sərəncamı təqdim olunur.

Göstərilir ki, müxtəlif qəzalarda baş vermiş soyqırımları zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş azərbaycanlıların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb. Muzeydə ayrı-ayrı qəzaların tarixi faciəsi müxtəlif bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb.

Heydər Əliyev Fondu tərəfindən 1918-ci ildə Azərbaycan qəzalarında törədilmiş soyqırımını əks etdirən 16 adda, üç dildə buklet, 4 adda, üç dildə kitab da nəşr edilib.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video