24 Aprel 2019 00:43
1329
Səhiyyə
A- A+

Zaqatala sakinləri tibbi müayinədən razıdırlar


Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qələbəlikdir. Növbəlilik əsasında hər kəs sağlamlığı ilə bağlı onu narahat edən problemini aradan qaldırmaq üçün həkimlərin qəbulundadır.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev bildirdi ki, fevralın 12-dən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızda əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb. Zaqatala rayonunda da pulsuz tibbi müayinələrin aparılması intensiv şəkildə davam etdirilir.

Ümumilikdə rayonda yaşayan 128 min 720 nəfər əhalinin 17 yaşdan yuxarı 77 min 542 nəfəri müayinədən keçməlidir. Bununla əlaqədar rayon üzrə 1 səyyar briqada, Diaqnostika Mərkəzi, rayon Mərkəzi Xəstəxanasının konsaltativ poliklinika şöbəsində həkim briqadaları tərəfindən proses uğurla aparılır. Briqadaların tərkibində yüksək səviyyəli mütəxəssislər var. Səyyar briqada əsasən ən ucqar kəndlərdə, xüsusən də fiziki imkanları məhdud olan insanlara xidmət göstərmək üçün təşkil edilib.

İndiyədək rayon üzrə ümumilikdə 60 min nəfərdən çox sakin tibbi müayinədən keçirilib. Onlardan 4784 nəfərə ambulator müalicə, 91 nəfərə isə stasionar müalicə təşkil olunub. Müəyyən hallarda müalicəsi yerli şəraitdə mümkün olmayan xəstələr paytaxtın nüfuzlu tibb müəssisələrinə göndərilib. Sakinlər nəzərdə tutulan zaman müddətində tibbi müayinədən keçiriləcək. Müşahidə olunan xəstəliklər arasında ürək-damar və əsəb xəstəlikləri daha çoxdur.

Tibbi müayinələrin keçirilməsi zamanı sakinlərin rahatlığının təmin olunması üçün Suvagil, Əliabad və Danaçı kənd sahə xəstəxanaları da prosesə cəlb olunub.

Müayinə olunan xəstələrə yaxınlaşırıq. Şaban Kastayev Danaçı kəndindəndir. Uzun illərdir ki, şəkərli diabet xəstəsidir. Dediyinə görə, daimi həkim nəzarətində olması öz təsirini göstərir. Qoyulan düzgün diaqnoz, aparılan profilaktik tədbirlər uzun müddət xəstəliyin sabit qalmasına və daha da yaxşılaşmasına müsbət təsir göstərir.

RMX-nin endokrinoloq həkimi Ülkər Qazıyeva da söhbətə qoşulur. Deyir ki, ümumilikdə rayonda qeydiyyatda 750 nəfər şəkərli diabet xəstəsi var. Onların da hamısı vaxtında müayinə olunur, zəruri aparat və dərmanlarla təmin edilir.

Abduləziz Nusəlov isə Yuxarı Tala kəndindəndir. O, ürək-damar problemi olduğu üçün müayinəyə gəlib. Abduləziz kişi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirdi.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video