23 Aprel 2019 00:26
680
DÜNYA
A- A+

Pasxa qana boyandı


Şri-Lankada törədilmiş terror aktları dünyanı şoka saldı


Şri-Lankanın katolik kilsələrində və bir neçə hotelində baş vermiş səkkiz partlayış nəticəsində 290 nəfər həlak olmuş, 500 nəfərə yaxın adam yaralanmışdır. Ölənlər arasında azı 35 əcnəbi, o cümlədən Böyük Britaniya, Yaponiya, Türkiyə, ABŞ, Niderland, Çin və Portuqaliya vətəndaşları da var. Polis partlayışların təşkilində şübhəli bilinən 24 nəfəri saxlamışdır.

Terror aktları srağagün katoliklərin Pasxa günündə törədilmişdir. Əvvəlcə üç hoteldə və iki kilsədə partlayışlar barədə məlumat daxil olmuşdur. Ən çox qurban paytaxt Kolomboda qeydə alınmışdır. Şəhərdə beşulduzlu "Shangri-La”, "Cinnamon Grand” və "Kingsbury” hotelləri və bir kilsə hücuma məruz qalmışdır. Battikaloa və Neqombo şəhərlərindəki kilsələrdə onlarca adam həlak olmuşdur. Yeddinci partlayış Kolombonun yaxınlığındakı Dehilava-Maunt-Laviniya şəhərindəki mehmanxanada, səkkizinci isə Dematoqoda şəhərindəki yaşayış kompleksində baş vermişdir. Daha bir partlayıcı qurğu Şri-Lankanın əsas beynəlxalq hava limanının - "Bandaranaike”nin yaxınlığında tapılmışdır.

Bundan sonra hakimiyyət orqanları aeroportda təhlükəsizlik tədbirlərini gücləndirmişdir. Ölkədə komendant saatı elan edilmiş, müvəqqəti olaraq sosial şəbəkələr və mesencerlər, o cümlədən WhatsApp, Viber və Facebook bağlanmışdır.

Partlayışlara görə məsuliyyəti yerli "Milli tövhid camaatı” radikal islamçı qruplaşması üzərinə götürmüşdür. Ölkənin müdafiə naziri Ruvan Viyevardene bildirmişdir ki, yaxın vaxtlarda bütün günahkarlar həbs olunacaq. O əlavə etmişdir ki, cinayətkarların şəxsiyyəti artıq müəyyənləşdirilmişdir.

Yerli KİV xəbər verir ki, paytaxtdakı "Cinnamon Grand” hotelində "İsveç masası”na növbədə özünü partlatmış terrorçu həmin mehmanxanada Məhəmməd Əzzam Məhəmməd kimi qeydiyyata düşmüşdür.

"Frans Press” agentliyinin xəbərinə görə, partlayışlardan bir neçə gün əvvəl Şri-Lanka polisinin başçısı xarici kəşfiyyata istinadən "Milli tövhid camaatı”nın Pasxa günü iri katolik kilsələrə mümkün hücumu barədə hüquq mühafizə orqanlarını xəbərdar etmişdir. Bu qruplaşma ötən il Şri-Lankada budda heykəllərini dağıdaraq bir neçə vandalizm aktı törətmişdir.

Bundan əvvəl hökumət İŞİD ekstremistlərinin Suriyada darmadağın edildikdən sonra adaya qayıtması ilə əlaqədar təhlükədən danışırdı. Məsələn, bu ilin yanvarında kəndlərin birində təlim düşərgəsi aşkar olunmuşdur. Düşərgədə İŞİD-in üzvləri terror aktlarına hazırlaşır, Anuradhapura şəhərində qədim budda abidələrini partlatmağı planlaşdırırdılar.

2012-ci il siyahıyaalınmasına görə, Şri-Lanka əhalisinin 70 faizini buddaçılar, 12,6 faizini hindular, 9,7 faizini müsəlmanlar, 7,6 faizini xristianlar təşkil edir. Yerli NCEASL xristian qeyri-hökumət təşkilatının məlumatına görə, keçən il xristianların sıxışdırılması ilə bağlı 86 hadisə qeydə alınmışdır. Cari ilin əvvəllərindən isə daha 26 hal baş vermişdir. Eyni zamanda ekspertlər belə bir məqama diqqət yetirirlər ki, məhz xristianlar ölkədə sosial inteqrasiya rolunu oynayırlar: katoliklər həm sinqallar (əhalinin 74,8 faizi), həm də tamillər (11,2 faiz) arasında var.

Şri-Lankada hökumət qüvvələri ilə "Tamil İlama azadlığı pələngləri” hərəkatı arasında vətəndaş müharibəsi 26 il davam etmiş və 2009-cu ildə bitmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video