22 Aprel 2019 21:54
909
SİYASƏT
A- A+

Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər

Aprelin 15-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələr aparıblar. Prosesdə Rusiyanın xarici işlər naziri də iştirak edib. Danışıqlardan sonra bəyanat yayılıb. Tərəflər bütövlükdə müzakirələri müsbət qiymətləndiriblər. Ekspertlər də müəyyən analizlər əsasında proqnozlar verməyə çalışırlar. Hiss olunur ki, bir sıra hallarda real vəziyyəti deyil, kimlərsə özlərinə sərf edən ssenariləri ortaya atırlar. Əslində, Moskva danışıqları Vyana görüşündə əldə edilən razılıqların məntiqi nəticəsidir. Onları bu kontekstdən çıxarmaq reallığı təhrif etməkdir. Vyanada isə müəyyən məqamlar öz əksini tapmışdı. Məsələn, danışıqlar formatı dəyişməzdir. Moskvada bunu inkar edəcək bir hadisə baş vermədi. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyü vacib prinsip kimi nəzərə alınmalıdır. Moskvada da bu barədə danışılıb. Eyni zamanda, bir sıra humanitar addımların atılması da gündəmdə olub. Bütün bunlar nazirlərin Moskva görüşünün real mənzərəsini yaratmaq baxımından əhəmiyyətlidir. Həmin bağlılıqda bu görüşün geosiyasi təhlili üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Vyanadan sonra: növbəti müzakirələrin ümumi məqamları

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada apardıqları müzakirələrə ekspertlərin böyük maraq göstərməsi təsadüfi deyildi. Gözlənilirdi ki, danışıqlar hansısa məqamlara aydınlıq gətirəcək. Və ya bütövlükdə bu formatda danışıqların davam etdirilməsinin mənasının olub-olmaması dəqiqləşəcək. Bır sıra ekspertlər isə münaqişənin həllinin Rusiyanın əlinə keçdiyini qeyd edirdilər. İstənilən halda, danışıqların özünün baş tutması faktı kifayət qədər əhəmiyyətlidir.

Moskva danışıqlarında Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Yekunda ümumi bir bəyanat yayılıb ki, müzakirələrə müsbət qiymət verilib. Hətta orada vacib qərarlar alındığı da vurğulanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə müzakirələri belə qiymətləndirib: "Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri... arasında əldə edilən razılaşmalar faydalıdır".

Azərbaycan XİN-in başçısı da Moskva görüşünü müsbət qiymətləndirib. Danışıqların faydalı və substantiv keçdiyini ifadə edib. Müzakirələrdə müəyyən dərəcədə irəliləyişin olduğunu vurğulayan Azərbaycan XİN başçısı problem yaradan bir sıra incəliklər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib. O cümlədən Dağlıq Qarabağın gələcək statusu, təhlükəsizlik məsələləri, qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı müzakirələr baş tutub. Bu kontekstdə humanitar məsələlərə də diqqət yetirilib. Jurnalistlərin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması, həbsdə olanlarla yaxınlarının görüşmələri üçün şərait yaradılması kimi məsələlər də müzakirə edilib.

Ancaq tərəflər danışıqların detalları haqqında informasiya verməyiblər. Çünki konfidensiallığın saxlanması barədə öncədən razılıq olub. Erməni tərəfi də təxminən eyni qiymətləndirmə verib. Lakin onlar müəyyən məsələlərdə özlərinə sərf edən variantlardan bəhs edirlər. Erməni ekspertlər indi ikinci dərəcəli məsələlər üzrə razılığın əldə edilə bilməsindən danışırlar. Elə məsələlər ki, onlar birbaşa münaqişənin həllinə aparmır. Məsələn, həbsdə olanların yaxınları ilə görüşlərinin təşkili ümumi humanitar aspektdir. Bu, adi insanlıq əlamətidir və münaqişənin həllinə ciddi təsir etmir. Buna baxmayaraq, bu kimi addımlar qarşılıqlı etimadı artıra bilər.

Buna baxmayaraq, erməni ekspertlər Ermənistanın aktiv surətdə silahlandığını da vurğulayırlar. Onların fikirlərinə görə, Azərbaycanın hansı addımı atacağı bəlli olmaz. İstənilən vaxt situasiya partlaya bilər. Buna görə də Ermənistan rəhbərliyi gözlənilməz varianta hazır olmağa çalışır.

Nəhayət, baş nazir Nikol Paşinyan Moskva danışıqları kontekstində deyib ki, Azərbaycan seçimini etməlidir: ya sülh danışıqları, ya da müharibə. O, Ermənistanın müharibədən qorxmadığını da deyib. Eyni zamanda, Ermənistanın kimsəni müharibə ilə qorxutmadığını söyləyib. Guya Ermənistan həmişə sülhə sadiq olub.

Danışıqlarla bağlı Ermənistan tərəfdə danışılanlar sırasında münaqişənin həllində "Medvedev planı"na qayıdıldığı haqqında fikrin səsləndirilməsi də diqqəti çəkir. 2016-cı ildə Ermənistana səfər edən Dmitri Medvedev demişdi: "Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin".

Azərbaycanın planı: münaqişənin həllinin əsas modeli

Bu, faktiki olaraq, münaqişənin dondurulmasına üstünlük vermək demək idi. İndi isə erməni ekspertlər iddia edirlər ki, 2016-cı ildə D.Medvedev gərginliyi artırmadan danışıqların aparılmasından bəhs etmişdi. Konkret olaraq, Rusiyanın baş naziri münaqişə zonasında texniki təchizat vasitəsilə tərəflərin davranışlarına nəzarət etmək fikrini irəli sürmüşdü. Burada da məqsəd aydındır: işğalı fakt kimi dəyişməz olaraq qəbul edib, hərbi əməliyyatların başlamasını əngəlləmək və Azərbaycanı güzəştlərə məcbur etmək. Lakin həm D.Medvedevin o zaman dediyi, həm də nazirlərin Moskva görüşündə müzakirə olunan məsələlər göstərir ki, erməni ekspertlər özlərinə sərf edən uydurma variantdan yazırlar. Biz, bilərəkdən erməni tərəfinin mövqeyini bir qədər geniş təqdim etməyə çalışdıq. Çünki onlar göstərir ki, İrəvan hələ də konstruktiv mövqeyə gəlməyib və vəziyyəti özünə sərf edən çərçivədə təqdim etməyə cəhd göstərir. Danışıqların real vəziyyəti isə başqa məqamlardan xəbər verir.

Moskva danışıqları Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Vyanada apardığı danışıqların məntiqi davamıdır. Martın 29-da Avstriya paytaxtında keçirilən görüşdə tərəflər xarici işlər nazirlərinin danışıqları davam etdirməsi və dialoqda olmaları barədə konkret razılığa gəliblər. Bu, onların yaydıqları bəyanatda da öz əksini tapıb. Eyni zamanda, həmin bəyanatda humanitar məsələlərə də toxunulur və bu istiqamətdə konkret addımların atılması tövsiyə edilirdi. Bunlardan başqa, Vyanada danışıqların formatının dəyişmədiyi və Ermənistanın prosesi dalana dirəmək cəhdinin iflasa uğradığı da aydın oldu. Çünki həm danışıqlarda, həm də yayılan sənəddə iki dövlətin imzası vardı: Azərbaycan və Ermənistanın. Bu o demək idi ki, Ermənistanın yeni iqtidarının israr etməyə çalışdığı yeni format qəbul olunmayıb. Moskvadakı danışıqlara da məhz bu kontekstdə baxmaq lazımdır.

Əvvəla, söhbət kiminsə təşəbbüsü ələ almasından gedə bilməz. Dövlət başçıları Vyanada görüşür, nazirlər isə Moskvada. Moskva görüşü niyə Kremlin təşəbbüsü ələ alması kimi təqdim edilməlidir? Görünür, hələ də bir sıra dairələr münaqişənin ədalətli həllinə çalışmaqdan çox, hansısa böyük dövlətin marağına qulluq etməyə üstünlük verir. Təəssüf ki, onların sırasında Azərbaycanda olanlar da vardır.

İkincisi, danışıqların nəticələri barədə deyilənlər göstərir ki, başlıca olaraq fikir mübadiləsi davam etdirilib və Ermənistanda yeni hakimiyyətə gələnlərin nəzərinə çatdırılıb ki, münaqişə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasa, həll edilə bilməz. Ermənistan işğalçı qüvvələri zəbt etdikləri Azərbaycan ərazilərindən çəkilməli, yurdlarından didərgin salınmış Azərbaycan vətəndaşları geri qaytarılmalıdırlar. Bütün bunlardan sonra digər məsələlər konkret həllini tapa bilər.

O başqa məsələdir ki, Azərbaycan heç zaman insani, humanitar məsələlərin həllinə etiraz etməyib. Buraya ilk növbədə girovların dəyişdirilməsi daxildir. Ancaq yenə də İrəvan bu məsələni təxirə salmağa çalışır. Bundan əlavə, həbsdə olanların yaxınları ilə görüşlərin təşkilinə Azərbaycanın etirazı yoxdur. Bunlarla yanaşı, erməni jurnalistlərin Bakıya, azərbaycanlı jurnalistlərin isə İrəvana səfərləri qəbul edilə bilər. Çünki belə ünsiyyətdə daha yaxşı aydın olur ki, işğalçı kimdir və real sülh üçün o, hansı addımları atmalıdır. Erməni jurnalistə Bakıda bunu aydınca başa sala bilərlər. Eyni zamanda, İrəvanda azərbaycanlı jurnalist oradakılara eyni həqiqəti bir daha çatdıra bilər.

Bunlar onu göstərir ki, Moskva danışıqlarını müsbət qiymətləndirməklə yanaşı, onu hansısa kənar qüvvənin siyasi uğuru kimi qiymətləndirmək də doğru deyil. Azərbaycan xalqı çox belə manevrləri görüb. Onu aldatmaq mümkün deyildir. Real olanı budur ki, Azərbaycan dövləti və cəmiyyəti bir yumruq kimi birləşib, ərazi bütövlüyünü bərpa etməklə məşğuldur. Burada kiminsə qalib gəlməsi və ya uduzması özlüyündə hədəf deyil. Hədəf torpaqların işğaldan azad edilməsidir. Moskvada aparılan danışıqlar bu yolda uğurlu addımlardan biri olacaqsa, çox yaxşı. Bunu isə zaman göstərəcək.

Newtimes.az

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video