20 Aprel 2019 00:36
578
İQTİSADİYYAT
A- A+

İstehsal da artır, ixracın çeşidi də


Prezident İlham Əliyevin Füzuli rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi qayğı və diqqət sakinlərdə yüksək əhvali-ruhiyyə yaratmış və onlar qarşıya qoyulan vəzifələri uğurla icra edirlər.

Ölkə rəhbəri rayondakı dinamik inkişafdan, tərəqqi və yüksəlişdən məmnun qalaraq demişdir: "Biz burada düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir”.

Dövlətin maddi dəstəyi sayəsində rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan füzulili məcburi köçkünlərin doğma yurda qayıdışını təmin etmək üçün 17 yeni qəsəbə salınmış, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilmiş, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı əvvəlki iki proqramda olduğu kimi, III Dövlət Proqramında da Füzuli rayonu üzrə nəzərdə tutulan bütün işlər yüksək səviyyədə icra edilmişdir. Rayonda cins heyvandarlıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, toxumçuluq, iri taxılçılıq təsərrüfatları yaradılmış, aqrar sektorun inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilmiş, yeni yollar çəkilmiş, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su təminatı yaxşılaşdırılmış, geniş ərazidə meliorasiya-irriqasiya işləri görülmüş, torpaqların suvarma suyuna tələbatını təmin etmək üçün 72 subartezian quyusu qazılmış, abadlıq-quruculuq işləri davam etdirilmişdir.

Uğurlu illər sırasında 2018-ci ilin nəticələri xüsusilə fərəhlidir. Taxılçılıq sahəsində qazanılan nailiyyətlər təqdirəlayiqdir. Artıq yeddinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır. Keçən il 108217 ton taxıl istehsal edən "sarı kəhrəba” ustaları bu il də zəmilərdən bol məhsul gözləyirlər.

Dövlət başçısının respublikada ərzaq bolluğunun yaradılması, ölkə əhalisinin taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək məqsədilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırıqları da uğurla yerinə yetirilir. Kənd təsərrüfatının inkişafı ilə bağlı Starateji Yol Xəritəsinə uyğun olaraq rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı, 500 hektar sahədə isə toxumçuluq təsərrüfatı yaradılmışdır. Aqroparkın istifadəsinə verilmiş 2.700 hektar sahədə isə müxtəlif kənd təsərrüfatı məhsulları əkilib-becərilir.

Taxılçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin inkişafına da böyük önəm verilir. Ənənəvi sahələr olaraq pambıqçılığın və baramaçılığın dirçəldilməsi üçün zəruri tədbirlər görülür. Keçən il rayonun təsərrüfatlarında 2.220 tondan çox "ağ qızıl” istehsal olunmuşdur. Bu il isə hədəf azı 2.500 ton pambıq istehsal etməkdir. Hazırda təsərrüfatlarda çiyid səpini yüksək aqrotexniki qaydalar əsasında davam etdirilir.

Rayonda gəlirli sahə olan baramaçılığa da maraq böyükdür. Ötən il 37.5 ton barama istehsal edən kümçülərin qayğılı günləri başlayır. Təxminən bir ay ərzində çəkilən zəhmətin qarşılığında kümçülərin keçənilki qazancı 340 min manat olmuşdur. Rayonda barama istehsalını daha da artırmaq üçün etibarlı yem bazası var. Baramaçılığın inkişafında təcrübəli kümçülərin rolu böyük əhəmiyyət kəsb edir. Onlardan biri - Böyük Bəhmənli kənd sakini Ağgül Bağırova barama istehsalında əldə etdiyi yüksək nəticəyə görə Prezidentin sərəncamı ilə 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilmişdir.

Göstərilən qayğı və diqqətin, yaradılan əlverişli şəraitin nəticəsidir ki, bölgədə sahibkarlıq sürətlə inkişaf edir, "Azərxalça” ASC-nin Horadiz şəhərində fəaliyyət göstərən filialında qədim Qarabağ çeşniləri ilə toxunan nəfis xalçalar "Made in Azərbaycan” brendi ilə artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur.

Horadiz-Arayatılı yolunun kənarında 10 hektar sahəni əhatə edən müasir istixana kompleksində 30 nəfər çalışır. Burada ilin bütün fəsillərində yetişdirilən keyfiyyətli pomidor və xiyar xarici ölkələrə də göndərilir.

Hazırda rayonun təsərrüfatlarında yaz-tarla işlərinin qızğın çağıdır. Dövlətin qayğısından güc alan, Azərbaycan Ordusunun qüdrətinə güvənən füzulililər ölkəmizin iqtisadi qüdrətini artırmaq üçün əllərinin hərarətini əsirgəmirlər.

Lazım QULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video