20 Aprel 2019 00:23
394
SİYASƏT
A- A+

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər


Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə aprelin 19-da Şamaxı rayonuna səfər ediblər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Şamaxının qədim yaşayış məskənlərindən olan Dəmirçi kəndinə gəliblər. Burada onları rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Qısa görüşdən sonra diplomatik nümayəndəliklərin rəhbərləri kənddə arxeoloji muzeydə, sənətkarlıq emalatxanasında, habelə məsciddə olublar. Onlara kənddə aparılan arxeoloji tədqiqatlar, III əsrə aid aşkar olunan qəbirlər, yerli ustalar tərəfindən hazırlanan sənət nümunələri haqqında, eləcə də həyata keçirilən yenidənqurma, tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar Şamaxı Astrofizika Rəsədxanasına gəlib, aparılan elmi tədqiqat işləri ilə maraqlanıblar.

Diplomatik korpusun rəhbərləri Şamaxı şəhəri Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus evdə olublar. Qeyd edək ki, bu ev fevralın 5-6-da baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən operativ tədbirlər nəticəsində rayonda zəlzələdən zərərçəkən digər evlər kimi Vüqar Teyfurovun evi də yenidən tikilib. Rayon icra hakimiyyətin başçısı Tahir Məmmədov qonaqlara zəlzələnin nəticələri, vətəndaşlara dəyən zərərin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Sonra diplomatik korpusun rəhbərləri Azərbaycanın və Şərq memarlığının nadir incilərindən biri, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidinə gəlib, onun tarixi barədə maraqlanıblar.

Bildirilib ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da qanlı soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər.

Diqqətə çatdırılıb ki, Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Qonaqların sonuncu səfəri Meysəri şərab zavodu olub. Burada onlar zavodun fəaliyyəti, istehsal prosesləri barədə məlumatlandırılıblar.

Şamaxıya səfərdən aldığı təəssüratı AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib: "Bu səfər Azərbaycan tarixini və mədəniyyətini öyrənmək baxımından çox əhəmiyyətlidir. Şamaxıya ilk dəfədir gəlirəm. İndi mənim bu bölgə barədə çox gözəl təəssüratlarım var. Bu yerlər çox səfalıdır. İnsanları da qonaqpərvərdir. Dəmirçi kəndində mətbəxinizin zənginliyinin bir daha şahidi oldum”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video