19 Aprel 2019 11:28
724
İQTİSADİYYAT
A- A+

Azərbaycan avtobus da istehsal edəcək


Hacıqabul Sənaye Məhəlləsində ikinci avtomobil zavodunun təməli qoyulub


Son illərdə yeni və müasir avadanlıqlarla təchizat, son texnologiyaların tətbiqi sənayedə maşınqayırma müəssisələrinin həm istehsal gücünü, həm də yeni çeşiddə məhsullar istehsal etmək imkanını artırıb. Hazırda maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir. Əsasən də avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Artıq Azərbaycanda müxtəlif növ avtomobillər istehsal edilir.

Dünən isə bu istiqamətdə daha bir uğurlu layihəyə start verilib. Sahəsinə və investisiya dəyərinə (61,3 milyon manat) görə Azərbaycanın ən böyük sənaye kompleksi olan Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş” ASC-nin "Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub. Mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Məlumat verilib ki, zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələdə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 ha ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq.

Sənaye məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.

Tədbir iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılara məlumat verilib ki, məhəllədə dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış sənaye məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetr olan inzibati və texniki binalardan ibarətdir.

Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibb xidmətləri göstəriləcək.

Məhəllədə ümumi dəyəri 60 milyon manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin açılması nəzərdə tutulur.

Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır.

Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və İran nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 74 faiz, 2019-cu ilin ilk 2 ayında isə 4,5 dəfə artıb.

Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək. Nazir Şahin Mustafayev iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edərək bu gün təməli qoyulan avtobus və yük avtomobilləri zavodunun növbəti uğurlu birgə layihə olacağına əminliyini vurğulayıb.

İqtisadi əlaqələrin inkişafında sənayenin mühüm rol oynadığını bildirən Şahin Mustafayev sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının tərkibində sənaye üzrə işçi qrupunun yaradılmasının mümkünlüyünü bildirib.

İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani dost və qonşu ölkələr olan İran və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və imzalanmış sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən nazir qeyd edib ki, iki ölkə arasında sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.

İşgüzar görüşdə iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində "Azərmaş” ASC ilə İranın "Maral Trailer” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə "Maral Trailer” şirkəti tərəfindən ilkin mərhələdə distribütor olaraq 1 il ərzində 500 ədəd müxtəlif qoşquların Azərbaycanda satışının təşkili, sonrakı mərhələdə isə bu cür qoşquların Azərbaycanda istehsalı nəzərdə tutulur.

Xatırladaq ki, bu il fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş”ın Rusiya Federasiyasının "Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. İstehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat, istehsal həcmi ildə 1000 ədəd avtomobil olan "QAZ” avtomobil zavodunda istehsal olunacaq avtomobillərin yarısı daxili bazarda satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac ediləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video