20 Mart 2019 01:17
745
Mədəniyyət
A- A+

Bakının Novruz növrağı


Bir əli xonçalı, bir əli sazlı Novruz


Artıq neçə həftədir Novruzqabağı çərşənbələrin xoş ovqatı ilə yaşayan xalqımız bayramın özünü də sevinc və təntənə ilə qeyd edir. Yurdumuzun hər guşəsində olduğu kimi, paytaxtda da əsl Novruz əhvali-ruhiyyəsi yaşanmaqdadır. Dünən Bakının mərkəzində, Dənizkənarı milli parkda, İçərişəhərdə düzənlənən bayram tədbirləri bir bayram çərçivəsindən çıxaraq insanların şadlığının, arzu və diləklərinin, birlik və həmrəyliklərinin böyük təntənəsinə çevrilmişdi.

Hava bir qədər sazaqlı, bir az da yağmurlu olsa belə, təbiətin oyanışı aydınca hiss edilirdi. Təbiətin oyanışı isə həmişə ürəklərdə xoş arzular yaradır, saf niyyətlər oyadır.

Yurdumuzda təbiət həmişə Novruzun gəlişi ilə canlanır. O Novruzun ki, əsrlərin sınağından keçib, adət-ənənələrimizi yaşadıb, insanları səmimiyyət və mərhəmətə çağırıb, onları bir-biri ilə mehriban olmağa səsləyib, umu-küsüyə isə heç vaxt yol verməyib.

Elə bütün bunlara görə də xalqımızın qəlbindən və yaddaşından, həyatından və məişətindən Novruzu heç 70 il hökm sürən sovet rejimi də çıxara bilməyib. Bu gün isə Novruz azad, müstəqil Azərbaycanı el-el, oymaq-oymaq dolaşmaqdadır. Şənliklərin mərkəzi, təbii ki, paytaxt şəhərimizdir. Burada mahnı oxuyan, rəqs edən kim, folklorumuzu, el sənətkarlığını nümayiş etdirən kim, Novruz atributlarını bir daha araya gətirən kim...

Yarmarkalarda, ticarət şəbəkələrində bayram alış-verişi davam edirdi.

Hələ 10 il bundan əvvəl Novruz bayramı UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bir il sonra isə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan olunub.

Ölkəmizdə xalqın bu sevimli bayramı dövlət səviyyəsində qeyd edilir. Dünən də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqla birlikdə olmaqları, bayram sevincini paylaşmaqları insanların fərəhini daha da artırdı. Üzlərdən, gözlərdən yalnız sevinc oxunurdu. Qoca, cavan, uşaq, hamı əsl bayram əhvali-ruhiyyəsi ilə yaşayırdı.

Bakıdakı şənliklərin çal-çağırı məmləkətimizin hər tərəfinə gedib çatırdı. Paytaxtda isə Naxçıvandakı, Lənkərandakı, Gəncədəki, Qazaxdakı, Bərdədəki, Qubadakı, Balakəndəki... bayram şənliklərinin səsi əks-səda verirdi.

Dünən səhərdən axşamadək Bakıda qələbəlik idi. İnsanlar bir-biri ilə bayramlaşırdı. Kimi təbrikini sözlə, kimi sadəcə, mehriban baxışla çatdırırdı. Kimi də, deyildiyi kimi, öz istedadını nümayiş etdirirdi.

Axşama doğru isə hərə öz evinə tələsdi. İnanca görə, İlaxır çərşənbənin axşamında hərə öz evində, öz ocağının başında, öz süfrəsinin ətrafında olmalıdır. Dünən ilaxır çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsi idi...

Bir inancımız da var: İlaxır çərşənbə ilə bayram üst-üstə düşərsə, il uğurlu gələr. Bu dəfə İlaxır çərşənbə ilə Novruz sanki bir-birinə calanıblar...

Bütün illərimiz uğurlu olsun! Yandırdığımız tonqalların yanında qəlbimizdə tutduğumuz cəmi xoş niyyətlərimizə çataq. Əlimiz-ünümüz yetməyən, lakin tezliklə qovuşacağımız yurd yerlərimizdə, doğma Qarabağ torpağında beləcə tonqallar yandıraq.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video